Avtobusların ölüm dayanacağı - VİDEO
Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Avtosfer.az xəbər verir ki, anspress-in “Qaynar xətti”nə gələn şikayətlərdə bildirilir ki, qanunla qadağan olmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Sürücülər sərnişin dolu avtobusla yanacaq doldurur. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir.
Qeyd edək ki, dəfələrlə bu mövzuya müraciət etməmizə baxmayaraq problem yenə də öz həllini tapmayıb. Ekspertlər də yanacaqdoldurma məntəqələrində sərnişinlərin həyatının təhlükəyə atılması ilə bağlı hər kəsin məsuliyyət daşıdığını düşünür. Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictimai birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, burada birbaşa məsuliyyət yol polisinin üzərinə düşür. “Sərnişin avtobusunda istər 1 nəfər olsun, istər 5 nəfər olsun, istərsə avtobus sərnişinlərlə dolu olsun yanacaqdoldurma məntəqəsinə daxil olursa bu qanun pozuntusudur. Həm də, ciddi qanun pozuntusu. Belə hal aşkar edilərsə, yol polisi və Nəqliyyat Nazirliyi həmin sürücünü böyük məbləğdə cərimə etməli, hətta onu sürücülük hüququndan məhrum etməlidir. Elə ağır cəzalar tətbiq edilməlidir ki, sürücü bir daha sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməyə cəsarət etməsin. Burada xətti icarəyə götürən sahibkarlar da məsuliyyətə cəlb olunmalıdır”.
Ekspert bu problemin daha da qabardılaraq ictimailəşdirilməsinin tərəfdarıdır. Onun fikrincə bununla həm sərnişinlər, həm yanacaqdoldurma məntəqəsinin işçiləri, həm də yaxınlıqda olan vətəndaşlar mübarizə aparmalıdır. “Çünki qəza baş verən zaman hər kəs zərər görəcək. Sərnişinlər, sürücü, yanacaqdoldurma məntəqəsinin əməkdaşları və ətrafda olan şəxslər xəsarət alacaqlar. Əslində bu il ərzində 40-a yaxın hadisə çox ciddi siqnaldır. Burada insan həyatından, bizim öz həyatımızdan söhbət gedir”.
Ekspertin fikrincə, problemin yaranmasında əsas məsuliyyətlərdən biri də elə yanacaqdoldurma məntəqələrinin işçilərinin üstünə düşür. Çünki hansısa bədbəxt hadisə baş verərsə, bu zaman ən yanacaqdoldurma məntəqəsinin rəhbərliyi başda olmaqla, bütün işçilər məsuliyyət daşıyır. “Bu səbəbdən də, yaxşı olar ki, yanacaqdoldurma məntəqələrinə tapşırılsın ki, sərnişinlə birgə yanacaq doldurma məntəqəsinə girən avtobuslara heç bir xidmət göstərilməsin”, - deyə Məzahir Rüstəmov bildirib.
Qeyd edək ki, əslində belə sürücülərin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi. Qurum rəsmisi həmçinin onu əlavə etdi ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var. DYP rəsmisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: “Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq”.
Yol polisi problemlə bağlı təklif yanacaqdoldurma məntəqəsinə qadağa qoyulması təklifini bəyənib. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov verilən təklifin yaxşı olduğu qeyd edib. Nazirlik rəsmisinin sözlərinə görə, avtobusların sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmələri barədə onlara da arabir şikayət daxil olur. “Bununla əsasən sahibkarla mübarizə aparmalıdır. Burada avtobus xətlərini işlədən sahibkarlar birbaşa məsuliyyət daşıyır. Bir neçə sərnişin avtobusunun sürücüsü ciddi şəkildə cəzalandırılıb. Sahibkarlara xəbərdarlıq edilib. Görünür bu tədbirlər kifayət etmir. Əslində bununla vətəndaşların özləri də mübarizə aparmalıdır. Burada yanacaqdoldurma məntəqələrinin rəhbərliyi də böyük məsuliyyət daşıyır. Onlar xüsusi tapşırıqlar verməlidir və bu sahəyə güclü nəzarət olmalıdır. Biz də bu sahədə nəzarəti gücləndirmişik. Belə faktlar aşkarlanarsa, qanun pozanlar ciddi şəkildə cəzalandırılacaq”, - deyə N.Həsənov vurğulayıb.
Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin "qaynar xətti"nə müraciət edə bilər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə ola bilsin biz özümüz, yaxud da yaxınlarımız olsun.