AZAL-ın "dodaq uçuqladan" qiymətlərinin SƏBƏBLƏRİ

Xəbərlər 25 May 2022 14:29 Oxunub 1466
AZAL-ın "dodaq uçuqladan" qiymətlərinin SƏBƏBLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İllərdir ölkədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qiymətlərindən narazılıq var. Qonşu ölkələrdə hava nəqliyyatı qat-qat ucuz olduğu halda, Azərbaycanda bilet qiymətləri "əl yandırır".

Bununla belə şirkət zərərlə işlədiyini bəyan edir.

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, pandemiya səbəbindən dünyanın bütün ölkələrində ciddi fəsadlar yaranıb.

Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrində yaranmış ciddi fəsadların ən dərini turizm sektoruna vurulmuş zərbə oldu:

"Bundan eləcə də Azərbaycan təsirləndi. 2011-ci ildən başlayaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilirdi ki, ölkəyə xarici turistlər cəlb olunsun. Silsilə şəkildə tədbirlər keçirildi və bu tədbirlər öz nəticəsini verdi. 2019-cu ildə  xarici turistlərin sayı öz pik sayına çataraq 3 milyon iki yüz min nəfərə yüksəldi. Amma pandemiyaya görə, 2020-ci ildə bu rəqəmdə 4 dəfəyə qədər azalma olub.Təxminən 800 min xarici turist ölkəyə daxil olmuşdu. Bu da kifayət qədər pis göstəricidir".

Onun sözlərinə görə, postpandemiya dövründə turizmə ciddi zərbələrdən biri məhz quru sərhədlərinin açılmamasıdır:

"Quru sərhədlərinin bağlı olması turistləri yayındırır. Çünki hava nəqliyyatından istifadə kifayət qədər baha başa gəlir. Nəzərə alsaq ki, Azərbaycanda hava nəqliyyatı digər ölkələrlə müqayisədə daha bahadır. AZAL-ın fəaliyyəti ilə bağlı dövlət qurumlarında müxtəlif rəsmilər, ekspertlər şikayətlərini, çatışmazlıqları, problemləri söyləyib. Lakin buna baxmayaraq AZAL-la bağlı problem hələ öz həllini tapmayıb. Düşünürəm ki, quru sərhədlərinin bağlı olması, AZAL-da qiymətlərin baha olması, digər ölkələrdə olduğu kimi daha ucuz fəaliyyət göstərən aviaşirkətlərin Azərbaycan bazarına daxil olmaması burada rəqabət mühitini pozur. Bu da qiymət artımının keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Nəticədə, turizmə ciddi mənfi təsirlər olur".

 

 

Ekspert bildirib ki, ümumiyyətlə, qiymətləri bazar tənzimləməlidir:

"Qiymətlər tələb-təklif əsasında tənzimlənməlidir. Bu tip qiymət kateqoriyası tənzimlənən qiymət kateqoriyasına aid deyildir. Bu qiymətlərin tənzimlənməsi üçün azad rəqabət olmalıdır. Rəqabətin olması üçün bazarlara ucuz aviaşirkətlər daxil olmalıdır. Bu rəqabət formasında qiymət tənzimlənməlidir. Bu öz növbəsində qiymətlərin aşağı enməsinə, keyfiyyətin yüksəlməsinə xidmət edəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh