Reklam

Bakı-2015 metronun görkəmini dəyişdi - FOTO

Xəbərlər 8 İyun 2015 11:45 Oxunub 1711
Bakı-2015 metronun görkəmini dəyişdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mötəbər yarışa hazırlıq çərçivəsində metropolitenin fəaliyyətində bir sıra yeniliklər edilir

Bakıda keçiriləcək I Avropa Oyunlarına 4 gün qalıb. Bu mötəbər yarışa hazırlıq çərçivəsində Bakı metropolitenin fəaliyyətində bir sıra yeniliklər edilir. Ölkəmizdə keçiriləcək ən böyük idman tədbiri olacaq Avropa Oyunları ilə bağlı artıq metropolitenin görkəmi də dəyişərək yeni ab-havaya bürünüb. 

Artıq metro stansiyalarında I Avropa Oyunlarını əks etdirən plakatlar asılıb. Bununla yanaşı, Bakı metrosunda elan və məlumatlar da Azərbaycan və ingilis dillərində səsləndiriləcək. Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər - "Koroğlu", "Elmlər Akademiyası", "Gənclik", "28 May", "20 Yanvar", "Nizami" stansiyaları da qeyd ediləcək.

Oyunların açılış və bağlanış mərasimləri günü sərnişinlərin nisbətən çox olacağı istisna edilmir. Amma bütün bu detallar nəzərə alınıb. Həmin günlərdə xəttə buraxılan qatarların sayı artırılacaq və qatarlar arasında vaxt intervalı azaldılacaq. Hətta ehtiyac duyularsa, xəttə ehtiyat qatarlar da buraxıla bilər. Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aldığı yeni qatarlar da artıq istifadəyə verilib. Sərnişinlər yeni qatarlardan istifadə etməyə başlayıblar. Yeni qatarlar "Dərnəgül"-"Həzi Aslanov" və "Həzi Aslanov"-"İçərişəhər" xətti ilə hərəkət edir. Sınaq müddəti bittikdən sonra qatarlar birdəfəlik sərnişinlərin istifadəsinə veriləcək.

Avropa Oyunları zamanı Bakı metropoliteni sıx qrafiklə çalışacaq. Əlbəttə, bu müddət ərzində metropolitendən istifadə edən sərnişinlərin kontingenti də fərqli olacaq. Sərnişinlərə, əsasən də xarici qonaqlara lazımi xidmət göstərmək üçün metropoliten də könüllülərin xidmətindən istifadə edəcək. "Bakı Metropoliteni" QSC-nin stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllü iyun ayının 12-dən fəaliyyətə başlayacaq. Könüllülər ilk növbədə, sərnişinlərin informasiya ehtiyaclarının ödənilməsinə diqqət edəcəklər. Çünki bu sualla müraciət edəcək sərnişinlərin kifayət qədər çox olacağı gözlənilir. Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı hazırlıq keçilib.

Könüllüləri tanımaq da asan olacaq. Onlar üzərində “Ask me” ("Məndən soruş") yazısı olan köynək, papaq, bayraq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, stansiyaların vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.

"Bakı Metropoliteni"ndə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetiriləcək. Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş London şəhərinin təcrübəsinə müraciət edib. "Bakı Metropoliteni" QSC-nin dəvəti ilə Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən "Transport for London" şirkətinin mütəxəssisləri dünəndən təhlükəsizliyin təminatı ilə bağlı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar. Təlimlər eyni zamanda “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh