Bakı küçələrinə 200 km uzunluğunda sarı xətt çəkilib - FOTO
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə hesabat verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin anspress-ə verdiyi məlumata görə, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan ibarətdir ki, “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq xeyli iş görülüb. Bütün bu işlər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Nəqliyyat Nazirliyinin hazırladığı “Tədbirlər Planı”na əsasən həyata keçirilib.
Bakı Olimpiya Stadionu
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,781 kilometr 4-6 zolaqlı yeni yollar salınıb. Bura H.Əliyev küçəsinin sonundan H.Əliyev və Z.Bünyadov prospektlərinə paralel, “Böyük şor yol qovşağı”nadək olması planlaşdırılan yeni yol da daxildir. Yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu 1 kilometrdir, hərəkət hissəsi 2-6 zolaqlıdır.
Prezident İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.
Atletlər və Media kəndlərindən Bakı Olimpiya stadionuna birbaşa çıxışı təmin etmək üçün Z.Bünyadov prospektinin alt hissəsindən keçməklə 2 avtomobil tuneli inşa edilib. Birinci tunelin uzunluğu 294 metr, ikincinin uzunluğu isə 509 metrdir. Birinci tunelin davamı olaraq birinin uzunluğu 205 metr, digərinin uzunluğu isə 167 metr olan və 5 aşırımdan ibarət 2 avtomobil körpüsü inşa edilib.
Avtomobillər üçün nəzərdə tutulan tunel və körpülərə paralel olaraq ərazidə uzunluğu 900 metrə, eni isə 30 metr olan piyada yolu inşa edilib. Yol üzərində 85 metr uzunluğunda piyada tuneli və 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü tikilib. Yarışları izləmək üçün gələn tamaşaçılar bu piyada yolu ilə birbaşa Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.
Nəqliyyat vasitələrinin Bakı Olimpiya Stadionuna rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə “Sabunçu yol qovşağı”ndan geriyə, Bakı Olimpiya stadionuna yeni yol hissəsi salınıb. Bundan başqa, Bakı Olimpiya Stadionunda 3 min 100 yerlik avtomobil parkı, “Media Kəndi”ndə nəqliyyat terminalı, “Atletlər Kəndi”nin yaxınlığında avtobus meydançası, o cümlədən Avropa Oyunları parkı inşa edilib.
Milli Gimnastika arenası
Bakı Avropa Oyunları zamanı yarışların keçiriləcəyi daha bir məkan Milli Gimnastika arenasıdır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Milli Gimnastika arenasına giriş və çıxış yollar hazır vəziyyətə gətirilib.
Heydər Əliyev prospekti
Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək H.Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən “Böyükşor yol qovşağı”nadək olan 6.4 km hissəsi əsaslı təmir edilib, 307.2 min m2 sahəyə asfalt-beton döşənib. Ayrıcı zolaqlarda və yol kənarlarında səki daşları dəyişdirilib, zolaqlarda və səkilərdə 11 min m2 sahəyə bəzək daşları düzülüb. Prospektdə zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb.
Prospektdə yerləşən “Bağırov körpüsü” və tunellərdə yeni işıqlandırma sistemləri qurulub, yerüstü piyada keçidinin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.
Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq "Bakı Ekspo" Mərkəzinə H.Əliyev prospekti boyunca, “Böyük şor yol qovşağı”ndan gedən yol və mərkəzə giriş-çıxış yolları da tam hazır vəziyyətə gətirilib.
Ziya Bünyadov prospekti
İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Z.Bünyadov prospektinin yenidən qurulması işlərinə 2011-ci ilin yanvar ayında başlanılıb. Yolun ümumi uzunluğu 9.2 km-dir. Prospekt boyunca 5 müxtəlif səviyyəli yol qovşağı, 4 yerüstü, 2 yeraltı piyada keçidi və hər bir istiqamət üzrə 5 olmaqla 10 cərgəli avtomobil yolundan ibarətdir. Bu da nəqliyyat vasitələrinin Z.Bünyadov prospekti boyunca “Böyük şor yol qovşağı” və “20 Yanvar dairəsi” istiqamətində maneəsiz, sürətli hərəkətini təmin edir.
2014-cü ilin dekabr ayının 23-də Prezident İlham Əliyevin iştirakı ilə Ziya Bünyadov prospektinin açılış mərasimi keçirilib.
“20 Yanvar dairəsi”
I Avropa Oyunlarında müəyyən edilmiş hərəkət marşrutuna əsasən Z.Bünyadov prospektini Moskva prospekti ilə birləşdirən “20 yanvar dairəsi”nin Z.Bünyadov prospektinə birləşən hissəsində və dairənin girişlərində yolun hərəkət hissələri genişləndirilib. Moskva prospektində, “Şamaxinka” adlanan ərazidən keçməklə dairəyə daxil olan yan yolda edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Nəticədə sözügedən ərazilərdə nəqliyyat sıxlığı xeyli azalıb.
Moskva prospekti, “Şamaxinka” ərazisində də nəqliyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün avtomobillərin hər iki istiqamətdən geri dönmələri məqsədilə əlavə yol hissələri inşa edilib, ərazidə yolun hərəkət hissəsi genişləndirilib.
Biləcəri enişi
Biləcəri enişindən Stend atıcılığı idman kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna nəqliyyat vasitələrinin çıxışını təmin etmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Beynəlxalq Avtovağzala gedən təqribən 400 metrlik giriş yolu və dairə yenidən qurulub. Mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb, 16 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə bəzək daşları döşənib, abadlıq işləri aparılıb. Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib.
Bakı Dairəvi-1 avtomobil yoluna çıxan yeni yol
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə 1070 metr uzunluğunda yeni yol inşa edilib. İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan, 2015-ci ilin may ayında yekunlaşan yolun ümumi uzunluğu 1070 metrdir. Yolun körpüyə qədər 618.7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu isə 451.3 metr, eni 13 metrdir. Yol kənarlarında 2.5 metr enində səki salınıb, 1 metr enində ayrıcı zolaqlar qurulub. Ümumilikdə 10 min m2 sahəyə asfalt-beton örtük döşənib.
Stend Atıcılığı idman kompleksi
I Avropa Oyunları zamanı istifadə ediləcək idman arenalarından biri Stend Atıcılığı idman kompleksidir. Bu məqsədlə kompleksə gedən uzunluğu 1354.5 metr, eni isə 21.5 metr olan yeni yol inşa edilib. İnşasına 2014-cü ilin iyun ayında başlanılan yolda təmir-tikinti işləri 2015-ci ilin may ayında bitib.
2015-ci il may ayının 19-da prezident İlham Əliyev Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi-1 avtomobil yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışında iştirak edib.
Bakı Dairəvi-1 avtomobil yolu
I Avropa Oyunlarında müəyyən edilmiş marşrutda istifadə edilən əsas yollardan biri də Bakı Dairəvi-1 avtomobil yoludur. Bu məqsədlə uzunluğu 13,7 km olan yolun “Lökbatan dairəsi” - Biləcəri qəsəbəsi istiqamətində 3 hərəkət zolaqlı hissəsinin 181.5 min m2 sahəsi əsaslı təmir edilib.Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 8 min kubmetr torpaq işləri görülüb, təqribən 240 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib. Bundan başqa yol kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib. Ümumilikdə yolda 6 min ağac əkilib.
Bakı-Ələt yolunun 2-14-cü kilometrlik hissəsi
I Avropa Oyunlarında müəyyən edilmiş marşrutda istifadə edilən əsas istiqamətlərdən biri də Bakı-Ələt yolunun 2-14-cü kilometrlik hissəsidir. Yol üzərində BMX-Velosipedi yarışlarının keçiriləcəyi məkan - Velopark yerləşir. Veloparka gedən yollar, idman obyektinə giriş və çıxış yolları yarışların keçirilməsi üçün hazır vəziyyətə gətirilib.
Bakı Su İdman Sarayı
I Avropa Oyunlarının keçiriləcəyi 18 yarış obyekti arasında yeni tikilənlərdən biri də su idman növləri üzrə yarışların keçiriləcəyi Bakı Su İdman sarayıdır. Saray ətrafında yeni yolların tikintisinə 2013-cü ilin aprel ayında başlanılıb. Burda ümumi uzunluğu 6,63 kilometr uzunluğunda müasir standartlara cavab verən yeni yollar salınıb. Yollar 4-6 zolaqlıdır. Bakı Su idman sarayına gələn nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün Bakı-Ələt avtomobil yoluna çıxan yeni yol hissəsi də salınıb. Bundan başqa piyadaların Bakı Su İdman Mərkəzinə təhlükəsiz gedişini təmin etmək məqsədilə yeni piyada keçidi də inşa olunub. Piyada keçidinin uzunluğu 226 metr, eni 8 metr, hündürlüyü isə 4 metrdir.
Oyunlarla bağlı salınmış əlavə yollar
I Avropa Oyunlarının təchizat bazasına gedən yeni yol inşa edilib. Yolun uzunluğu 6 kilometr olmaqla 2 hərəkət zolaqlıdır. Burda 29.7 min m2 sahəyə qalınlığı 25 sm asfalt-beton örtüyü döşənib.
“Məşəl proqramı”na uyğun olaraq, Suraxanı rayonunda yerləşən “Atəşgah” Məbədinə gedən S.Bəhlulzadə və O. Əliyev küçələrinin təmiri aparılıb, uzunluğu 4.9 km olan yolun 40.7 min m2 sahəsinə asfalt-beton döşənib. Bundan başqa Ağdam rayonu ərazisində ümumi sahəsi 51min m2 olan Tərtər-Hindarx yolunun 4,6 km hissəsi, Xocavənd rayonu ərazisində məcburi köçkünlərin qəsəbəsinə gedən sahəsi 37,6 min m2 uzunluğu 5,2 km olan yolun, sahəsi 40,5 min m2 olan Ələt-Astara yolunun 5,4 km hissəsi, Samux rayonu ərazisində sahəsi 6 min kvadrat metr, uzunluğu 4 km olan Qovlarsarı-Qaraarx yolunun orta təmiri, 13,1 min kvadrat metrlik Yuxarı Qarabağ kanalı -Beyləqan-Daşburun yolunun 2,6 km hissəsinin orta təmiri, sahəsi 15,5 min kvadrat metr olan Göyçay rayonu ərazisində Mallı Şıxlı-Ərəb Şahverdili yolunun orta təmiri, və s. bu kimi işlər yerinə yetirilib.
Oyunlara aid yol nişanları və “Oyunların loqosu”
Ümumi uzunluğu 47 kilometr olan əsas marşrut şəbəkəsinin Oyunlara aid yol nişanları və “Oyunların loqosu” əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində bütün işlər başa çatdırılıb. Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 200 km uzunluğunda sarı xətt, 400 ədəd loqotip çəkilib.
Cari ilin fevral-may ayları ərzində, I Avropa Oyularına hazırlıqla bağlı Nəliyyat Nazirliyi “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumilikdə 600 min kvadrat metrdən çox sahəyə asfalt-beton örtüyü döşənib.
Ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən, Nəqliyyat Naziri Ziya Məmmədovun nəzarəti altında “Azəryolservis” ASC tərəfindən I Avropa oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilərək, yekunlaşdırılıb.
Bir sözlə I Avropa oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsi oyunların keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.