Banner

Bakıda 30 min insanın “üzərək” keçə bilmədiyi yollardan - VİDEO

Xəbərlər 3 Noyabr 2016 02:17 Oxunub 1970
Bakıda 30 min insanın “üzərək” keçə bilmədiyi yollardan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kanalizasiya sistemi olmadığından yağış küçələri bu vəziyyətə salır

Səbayel rayonu, şəhid Arif İsmayılov adına küçənin vəziyyəti göz qabağındadır. Nə az, nə çox - düz on ildir sakinlər bu acınacaqlı durumda yaşayır. Yağış yaşan kimi kanalizasiyalar daşır, küçələr keçilməz vəziyyətə  düşür. Azyaşlı uşaqlar təkbaşına bu yoldan keçib dərsə gedə bilmirlər. Yağış suları həm sakinlərə, həm sürücülərə, həm də avtomobillərə ciddi çətinliklər törədir.

Sakinlərin şikayətlərini dinləyirik:

- Saatlarla uşaqlı-böyüklü yolda qalırıq. Kanalizasiya sistemi olmadığından yağış küçələri gördüyünüz vəziyyətə qoyur. Bu küçə şəhid Arif İsmayılovun adını daşıyır. Heç olmazsa, onun ruhuna hörmət qoysunlar. Burada qarşıdan keçməyə hətta yol keçidi və işıqforlar  da yoxdur.

- Arif İsmayılov küçəsində on minə yaxın ev var. Nə qədər maşın təmir etdirmək olar? Dəfələrlə şikayət etmişik. Amma nə faydası? Gəlib üzdən asfalt çəkirlər, 2 aydan sonra bərbad günə düşür. Bura təkcə asfalt örtüyü çəkilməməlidir, drenajlar qurulmalıdır ki, yağış suları axıdılsın. Kanalizasiya sistemi də yoxdur, yuxarı küçələrdə vəziyyət daha acınacaqlıdır.

- Bu problem azmış kimi nə yol keçidi var, nə də işıqfor. Dəfələrlə qəzalar olur, ölüm olur, piyada vurulur. Təcili yardım çağırırıq məhəlləyə, yolların bu vəziyyətinə görə əraziyə girə bilmir. Qonşuların da dediyi kimi, uşaqları aparıb gətirmək belə olmur.

Bayıl qəsəbəsi və “20-ci sahə” yaşayış massivində Arif İsmayılov küçəsinin sakinlərinin xahişini nəzərə alıb, digər ərazilərə də baş çəkirik. Məhəllədaxili yollar o qədər bərbad durumdadır ki, hətta taksilər belə bu əraziyə sifariş götürmür.

- Taksi də işləmir. Dərdimiz də şikayətimiz də bu yol problemidir. Uşaqlar dərsə gedə bilmir. 1994-cü ildən bu məhəllədə yaşayıram. Dəfələrlə şikayət etmişik, gəlib torpaq tökürlər, yağış da torpağı yuyub aparır.

- Bir az soyuq olan kimi evlərə mavi yanacaq belə verilmir. Yollar bu gündə. Evdə dörd körpə uşağım var. Nə qaz verilir, nə daimi su verilir, nə də işıq.

Səbayel rayonunun Yüzbəy Mürsəlov küçəsində durum da Adil İsmayılov küçəsindən fərqlənmir. Məhəllədaxili yollar, gördüyünüz kimi, gölməçələrin altında alıb. Gördüyünüz uşaqlar bu bataqlıqlardan keçib məktəbdən evə qayıdırlar. Məhəllədə ayaq basmaq üçün asfalt örtüyünə belə rast gələ bilməzsiniz.

Aramsız yağışa baxmayaraq, ərazini qarış-qarış gəzdik. Gördüklərimizi kameranın yaddaşına köçürdük. Bu gördüyünüz kadrlar Bayılın Gülbala Əliyev küçəsi, 24 ünvanında çəkilib.

- Günümüz-güzəranımız belədir. Biz bu yolların təmirindən başqa heç kimdən heç nə istəmirik. Yaşamaq mümkün deyil. Yağış su motorunu zədələyib. Kanalizasiya işləmir. Gedək baxın, ev suyun altında qalıb. İkinci qrup əliləm. Səsimi eşidən yoxdur.

- Bəli, gördüyünüz kimi, bu küçədə artıq normalla ayaqqabılarla gəzmək mümkünsüzdür. Mən ayaqqabılarımı dəyişib, evi su altında qalan sakinlərə baş çəkirəm.

Gülbala Əliyev küçəsinin sakinləri deyir ki, yağış yağanda bura hətta avtobuslar belə işləmir:

- Saatlarla yollarda qalırıq. Avtobuslar işləmir. Dəfələrlə küçəni sakinlər özü təmir etdirib. Buna baxmayaraq problemimizlə maraqlanan yoxdur.

- Təkcə bu küçənin 30 min sakini var. Dəfələrlə müraciət etmişik Səbayel rayon İcra hakimiyyətinə. Amma biganəlik bu gün də davam edir.

Gülbala Əliyev küçəsində yaşayan sakinlərinin şikayəti ilə bağlı Səbayel Rayon İcra Hakimiyyətinin Təsərrüfatı şöbəsinin müdiri Vüqar Məmmədov APA TV-yə bildirib ki, sözügedən ərazidə 200 millimetrlik kanalizasiya borusu var. Amma sənədsiz evlərin sayı artdığından, yağış yağanda suötürücülərinin gücü suyu ötürməyə çatmır. Səbayel rayon İcra Hakimiyyəti güclü yağışlar yağanda suyun çəkilməsi üçün ora maşınlar göndərir. Ərazidə evlərin su altında qalması məsələsinə gəldikdə isə Vüqar Məmmədov qeyd edib ki, həmin evlər Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin balansındadır. İcra hakimiyyəti bununla bağlı dəfələrlə komitəyə müraciət edib.

Bu açıqlamanın sakinləri nə dərəcədə qane edəcəyini bilmirik. Amma səbəbindən asılı olmayaraq şahid olduğumuz görüntülərin bir paytaxt şəhərinə yaraşmadığını yəqin ki, reportajı izləyən hər kəs təsdiqləyə bilər. Ümidvarıq ki, müvafiq qurumlar sakinlərin problemləri ilə daha yaxından maraqlanacaq və minlərlə insanın üzləşdiyi yol və kanalizasiya problemini həll etməyə çalışacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh