Bakıda ictimai nəqliyyatı pulsuz etmək mümkündür? - AÇIQLAMA

Xəbərlər 24 May 2022 14:29 Oxunub 1268
Bakıda ictimai nəqliyyatı pulsuz etmək mümkündür? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda hər gün tıxaclarla, avtobusların gecikməsi ilə rastlaşırıq. Bu problem demək olar ki, ildən-ilə artmaqdadır. Paytaxtda avtomobillərin sayı durmadan artır. Rəsmi məlumata görə ölkəmizdə 1 milyon 500 min nəqliyyat vasitəsinin 72 faizi Bakı şəhərində idarə edilir. Maşınların sayının artması isə sıxlıqdan, tıxacdan, avtobusların gecikməsindən əlavə ətraf mühitin çirklənməsi deməkdir. Bu isə nevroloji xəstəliklərlə bərabər digər xəstəliklərin də artmasına səbəb olur.

Dünyanın bir sıra ölkələrində ictimai nəqliyyatı pulsuz edirlər ki, insanlar şəxsi avtomobildən az istifadə etsinlər. Bu sayədə ekologiyanı da qorumuş olurlar. Məsələn, Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır. Almaniyada bu barədə artıq müzakirələr başlayıb.

Bir sıra ölkələrdə ölkəboyu olmasa da ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. Belçikanın Hasselt şəhərində isə 1997-ci ildən ictimai nəqliyyat istifadəyə görə əhali pul ödənişindən azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ildə istifadəçilərin sayı 13 dəfə artıb.

Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqı bu və digər formada güzəştlər tətbiq edilir: bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara).

Hazırda dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir və daha çox hökumətlər bu barədə düşünməyə başlayıb. Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir. İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi də şəhərdə tıxacların azaldılmasıdır, parklanma yerlərində yüklənməni azaltmaqdır.

Bəs Bakı şəhərində ictimai nəqliyyatı pulsuz etmək mümkündürmü?

Mövzu barədə Redaktor.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, ictimai nəqliyyata vətəndaşları həvəsləndirmək lazımdır:

"İctimai nəqliyyatı inkişaf etdirmək lazımdır ki, insanlarda da həvəs yaransın. Bu tıxac, sıxlıq, ictimai nəqliyyatın xaotik vəziyyətdə olması, avtobusların sayının az olması, intervalın düzgün göstərilməməsi, insanların bəzən dəqiqələrlə yolda qalıb avtobus gözləməsi, təzə avtobusların qarajda yatması, bütün bunlar vətəndaşları ictimai nəqliyyatdan uzaq salır. İmkanı çatan, əlinə imkan düşən tez gedib maşın alır ki, təki bu ictimai nəqliyyatda, bu xaotik vəziyyətdə yol getməsin. Bütün bunların günahı da aidiyyatı qurumların üzərindədir ki, vaxtında bu sistemi qurmayıblar”.

Ekspert bildirdi ki, Bakı Nəqliyyat Agentliyi işini düzgün yerinə yetirə bilmir:

“Dövlət bir neçə il əvvəl bir addım atıb "Baku Bus" MMC adlı bir dövlət şirkəti yaratdı. Bunu da Bakı Nəqliyyat Agentliyi bərbad vəziyyətə saldı. Cənab Prezidentin sərəncamı ilə həmin MMC Bakı Nəqliyyat Agentliyindən alındı və İnvestisiya Holdinqinə verildi. Bu gün məlum olur ki, çox qısa müddət əvvəl alınmış 300-ə yaxın avtobus hal hazırda istismar olunmur, bərbad vəziyyətdədir. Çünki Bakı Nəqliyyat Agentliyi onlara vaxtında texniki qulluq göstərməyib. Yaxud da bir avtobus xarab olanda o birini söküb detal kimi istifadə ediblər. Bax belə bir biabırçılıq fonunda insanları ictimai nəqliyyata necə stimullaşdırmaq olar”?

Elməddin Muradlının sözlərinə görə, bir çox ölkələr ictimai nəqliyyata maraq yaratmaq üçün müxtəlif addımlar atır:

“Gediş haqqını ucuzlaşdırırlar və yaxud da kartda tələbələr üçün gediş haqqını ucuz qiymətə edirlər, həftə sonları daha aşağı qiymət təklif edirlər ki, insanlar daim ictimai nəqliyyata maraq göstərsinlər. Amma dünyanın bir çox ölkələrində ictimai nəqliyyatda gediş haqqı bizdən bahadır. Elə qardaş Türkiyəni götürsək, 1 manata çatır. Azərbaycanda qiymət kifayət qədər ucuzdur. Bundan böyük stimullaşdırıcı addım nə ola bilər ki”?

Nəqliyyat eksperti qeyd etdi ki, bir çox ölkələrdə ictimai nəqliyyat pulsuzdur:

“Ucuz qiymətə alınan avtobuslar da dəyişilir, get-gedə komfortlu avtobuslar gətirilir, avtobuslar üçün xüsusi zolaq yaradılır və s. işlər görülür. Bunun fonunda yenə də sıxlıq, tıxac və avtobusların sayının az olması insanları ictimai nəqliyyatdan uzaq salır. Bir çox ölkələr stimullaşdırıcı addım atıblar. Bir neçə ölkə isə ümumiyyətlə ictimai nəqliyyatı pulsuz edir ki, vətəndaşlar ictimai nəqliyyata üstünlük versin, şəxsi avtomobillərdən istifadə olunmasın. Burada dövlətin qazanacağı odur ki, tıxac baş vermir, dövlətin ictimai nəqliyyata etdiyi güzəştlər öz bəhrəsini verir, insanlar ətraf mühiti çirkləndirmir, xəstəliklər azalır, insanlar sağlam yaşayır, dövlət insanların sağlamlığı üçün milyardlarla vəsait xərcləmir, ətraf mühitin qorunması üçün çoxlu vəsait xərcləmir, yollar boşdur, iqtisadi inkişaf tempi buna uyğun hesablanır, müəllim işə vaxtında çatır, səmərəli təhsil verir. Dövlət burada qazanır.

Biz ətraf mühitin qorunması üçün düşünməliyik. Çünki planetimiz, ətraf mühit çirklənir. Bütün dünya bununla mübarizə aparır. Azərbaycan da buna qoşulmalıdır. Amma ictimai nəqliyyatı pulsuz etmək böyük şəhərlərdə mümkün deyil. Kiçik şəhərlər var ki, onun da əhalisinin sayı təxminən Bakının hansısa bir rayon əhalisinin sayı qədərdir. O tipli şəhərlərdə ictimai nəqliyyatı pulsuz etmək olur. Orada dövlətin qazancı odur ki, burada sıxlıq yaranmır, turizm inkişaf edir, turistlər gəlib rahat şəkildə gəzirlər, turist gəlib tıxacda yatmır, yaxşı pul xərcləyir, dövlət oradan qazanır. Bu tərəfdən ictimai nəqliyyatı pulsuz edir, digər tərəfdən qazanır. Amma Bakı kimi şəhərdə bu mümkün deyil. Özəl şirkətlərdir. Dövlət onlara nə qədər dotasiya ayırmalıdır ki, siz pulsuz işləyin və s. Biz hələ təklif edirik ki, tələbələr, qazilər, digər müəyyən kateqoriyalar var ki, onlar üçün gedişhaqqı pulsuz olsun. Heç hələ buna nail ola bilmirik. Qalmışdı ki, ümumən onu pulsuz etmək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh