Reklam

Bakıda maşını vurulan sürücünü bu yolla şərlədilər – DİQQƏTLİ OLUN!

Xəbərlər 25 Aprel 2014 00:00 Oxunub 6319
Bakıda maşını vurulan sürücünü bu yolla şərlədilər – DİQQƏTLİ OLUN!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza baş verdikdən sonra qarşı tərəfdən maşının «texpasportu»nu alan Kamil Əzizov sonda həm xərcə düşüb, həm də…

 

Yol qəzası baş verərkən nə etmək lazım olduğunu siz də öyrənin

 

Yəqin ki, idarə etdiyi avtomobillə yol qəzası törədən sürücü dostlarımızın arasında qəza törədərkən vurduğu maşının sahibinə öz sənədlərini verib və «sür qabağa, öz aramızda həll edək» deyənlər az deyil. Və yaxud da əksinə, kimsə sizin avtomobilinizi vurub və eyni sözləri deyərək özünün sürücülük vəsiqəsini və ya avtomobilin qeydiyyat şəhadətnaməsini (texniki pasportunu) sizə verərək yol polisinə məlumat vermədən məsələni öz aranızda həll etməyi xahiş edib. Hətta ola bilsin ki, günlərlə həmin sənədləri özünüzdə saxlamısınız və avtomobilinizi vuran şəxsin nə vaxt zəng edəcəyini gözləmisiniz. Heç şübhəsiz ki, aramızda belə sürücülər çox olub və kimdənsə sənəd almağın ağır nəticəsindən xəbərsiz olaraq belə attım atmısınız. Amma gəlin görək avtosfer.az saytına müraciət edən Kamil Əzizovun onun maşınını vuran şəxsin sənədini alması necə böyük problem yaradıb: «Mən öz yolumla getdiyim yerdə ağ rəngli minik maşını sağdan məni vurdu. Maşınıma az da olsa ziyan dəymişdi. Amma sürüb getmək olardı. Sürücü cavan oğlan idi. Düşüb mənə yalvardı və öz maşınının sənədini verdi ki, şikayət etməyin, yol polisi çağırmayın, maşınınızı düzəltdirəcəm. Nömrəmi aldı və getdi. Dedi, sabah zəng vuracam. Amma bir həftə keçdi, xəbər çıxmadı. Mənimlə biryerdə olan dostum dedi ki, o sənə zəng eləməyəcək, üz-gözündən şər-böhtan adama oxşayır, gedək maşını özümüz düzəltdirək. Mən razı olmadım. Bir neçə gün də gözləyəndən sonra həmin adamın ev ünvanını öyrənib ora getdim. İmkanları pis deyildi, villada yaşayırdılar. Həyətə çatanda mənim maşınımla toqquşan maşını gördüm. Baxdım ki, maşın təmir olunub, əzik yeri bilinmir. Qapını döydüm, bir qadın çıxdı, dedim, bu ünvanda yaşayan adam mənim maşınımı vurub. Dedi, bizim maşın qapıdadır, sağ-salamatdır, buyurun baxın. Baxdım ki, bunlar məni şərləmək istəyirlər. Az sonra həmin adam özü çıxdı, mənə dedi, dayı, kimsiniz, nə lazımdır? Dedim, ay əclaf, sən məni tanımadın? And-aman elədi ki, yox. Soruşdum ki, mənim maşınımı sən bu maşınla vurmamısan? Dedi yox, sizi tanımıram, maşınım da oradadır, sağ-salamat, mən qəza-filan törətməmişəm. Dəhşətə gəldim. Çıxılmaz vəziyyətə düşdüm. Cibimdən onun mənə verdiyi «texpasportu» çıxarıb buna göstərdim ki, sən maşınımı vurub, bu sənədi mənə vermədin ki, sabah zəng edib maşınınızı düzəltdirəcəm? Mənə nə desə yaxşıdı? Dedi, nə yaxşı oldu, maşının sənədi itmişdi, demək tapmısız, çox sağolun. Gördüm ki, bunlar məni şərləyirlər. Çıxıb getdim. Sənədi isə ona vermədim. Bir neçə gündən sonra mənə polis bölməsindən zəng edib barəmdə şikayət olduğunu dedilər. Gedib maraqlandım ki, nə olub, nə məsələdir? Polisdən dedilər ki, müəllim, bəs bu adam şikayət edib ki, onun sənədlərini götürmüsüz, qaytarmırsız. Başa saldım ki, axı o mənim maşınımı vurub, sənədi də özü verib. Polislər bildirdilər ki, elə şey yoxdur. Birincisi, sizin onun sənədini almağa ixtiyarınız yoxdur. İkincisi, siz maddi marağı əsas tutaraq, yol qəza hadisəsini polisdən gizlətmisiniz. Və indi də barənizdə şikayət var ki, bu adamın sənədini əlindən alıb pul tələb edirsiniz. Mən çox pis duruma düşdüm. Onlardan pul almaq əvəzinə, özüm xərcə düşüb birtəhər məsələni yoluna qoydum, maşınımı da özüm düzəltdirdim».

Əziz oxucular! Bu əhvalat heç də nağıl deyil. Bunu faktiki yaşamış bir insan bizə müraciət etdi və biz və sizlərə çatdırırıq ki, belə vəziyyətdə, daha doğrusu qəzaya uğrayarkən, avtomobilinizi kimsə vurarkən nə etmək lazım olduğunu biləsiniz. Belə poblemlərin yaranmaması üçün yol-nəqliyyat hadisəsinin iştirakçıları olan sürücülər ilk növbədə qanunun tələblərinə riayət etməlidirlər. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsi sürücülərin yol-nəqliyyat hadisəsi zamanı nə etməli olduqlarını dəqiq təsbit edir. Həmin norma müəyyən edir ki, hadisə baş verdikdən sonra nəqliyyat vasitəsini yerindən tərpətmək olmaz. Dərhal DYP-yə məlumat verilməli və sürücülər hadisə yerini qoruyub saxlamalıdırlar. Əgər yolda hərəkət tam iflic olarsa və yolun açılması qaçılmaz olarsa, yaxud hadisədə yaralanan şəxsi xəstəxanaya çatdırmaq üçün başqa nəqliyyat vasitəsi olmazsa, hadisədə iştirak edən nəqliyyat vasitəsini hadisə yerindən kənarlaşdırmaq olar. Lakin bu halda da ya kənarda dayanıb DYP-nin gəlməsini gözləmək lazımdır, ya da hadisənin rəsmiləşdirilməsi üçün DYP orqanına getmək (o cümlədən yaralını xəstəxanaya çatdırdıqdan sonra) lazımdır. Əgər belə edilməsə, hadisədə iştirak etmiş həm təqsirkar sürücünün, həm də zərərçəkən sürücünün hərəkəti yol-nəqliyyat hadisəsi yerindən yayınma kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə 80 manat cərimənin və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək. Vurulmuş ziyanın məbləği cəmi 1 manat olsa da, bu, yol-nəqliyyat hadisəsi sayılır və həmin hadisə yerindən qaçma göstərilən məsuliyyətə səbəb olacaq. Hətta yol-nəqliyyat hadisəsi cinayət hesab edilsə (yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər dəysə, yaxud ölən olsa), onda hadisədə təqsirkar olan sürücü yayınmaya görə Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb ediləcək.

Sürücülər bilməlidirlər ki, yol-nəqliyyat hadisəsi yerindən yayınma sığorta ilə bağlı da ciddi problemlər yarada bilər. Hətta bəziləri düşünsə ki, hadisədən DYP-nin xəbəri olmasa da sığorta ödənişi ala bilərəm, bu, tamamilə yanlışdır. Çünki sığorta ödənişini almaq üçün sığorta şirkətinə DYP-nin tərtib etdiyi arayış və ya protokol (zərər 1000 manatdan az olduqda) təqdim edilməlidir. Digər tərəfdən, sığorta şirkətinə sığorta üçün müraciət etdikdə sığorta şirkəti özü hadisə barədə DYP-yə məlumat verməyə məcbur olacaq və bundan sonra həmin sürücü hadisə yerindən yayınmaya görə məsliyyətə cəlb ediləcək. 

Təcrübədə yol-nəqliyyat hadisəsindən sonra sürücülər bir-birinə etibar etdiklərini (aradan çıxmayacaqlarını) nümayiş etdirmək üçün bəzən sənədlərini (sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və s.) qarşı tərəfə verirlər. Əvvəla, buna heç bir ehtiyac yoxdur və yuxarıda qeyd etdiyimiz kimi qanunun birmənalı tələbinə riayət olunmalıdır. Digər tərəfdən, sənədini başqasına verərək avtomobili sənədsiz idarə edən şəxs DYP əməkdaşları tərəfindən aşkar edilərsə, ən azı bu məsələnin araşdırılması üçün xeyli vaxt və əsəblərini itirəcək.

Başqa bir problem qarşı tərəfin sənədini zorla almaq istədikdə yarana bilər. Düzdür, şəxs özü sənədini könüllü olaraq verirsə, bunun nə sənədi verən, nə də sənədi alan üçün heç bir məsuliyyəti yoxdur. Hazırkı qanunvericiliyimiz yalnız şəxsiyyət vəsiqəsinin və pasportun girov kimi götürülməsinə görə 85-90 manat cərimə nəzərdə tutur. Sürücülük vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin alınaraq saxlanılması heç bir məsuliyyət nəzərdə tutmur. Amma həmin sənədlər, eləcə də şəxsiyyət vəsiqəsi və ya pasport sahibindən zorla alınarsa, bu, hətta özbaşınalıq kimi cinayət məsuliyyətinə səbəb ola bilər.  Amma öz sənədini könüllü şəkildə başqasına vermiş şəxs bu sənədin ondan zorla alındığını bildirərək qarşı tərəfi şantaj etdiyi halda şahidlərin köməyi ilə, eləcə də yol-nəqliyyat hadisəsinin baş verməsini təsdiqləyən faktlar təqdim etməklə onun yalan olduğunu aydınlaşdırmaq olar.

Hər bir halda lazımsız problemlərə yol açmamaq üçün məhz qanunun müəyyən etdiyi qayda ilə rəftar etmək lazımdır. Şəxsin məsuliyyətdən yayınacağına şübhə olduqda isə onun avtomobilinin nömrəsini, markasını, rəngini, eləcə də özünün əlamətlərini (cinsini, yaşını, xarici görkəmini və s.) qeyd etmək, sizə sənəd təqdim edib həmin sənəddəki məlumatları qeyd etmək və bütün bu qeyd olunmuş məlumatları ləngitmədən polisə bildirmək lazımdır.

Sonda onu da qeyd etmək yerinə düşər ki, hazırkı qanunvericliyə görə sürücü inzibati xəta törədib DYP əməkdaşı tərəfindən saxlanıldıqda belə onun heç bir sənədi inspektorda saxlanılmır. Bəzən nəqliyyat müfəttişləri taksi sürücülərindən, yük maşını idarə edənlərdən avtomobilə aid sənədləri və ya sürücülük vəsiqəsini alaraq onları cəzalandırır, müxtəlif yollarla pul alırlar. Bunun özü də qanunsuz əməldir və heç bir halda nəqliyyat müfəttişlərinə sürücüdən hansısa almağa qanunvericilikdə icazə verilmir. Bütün hallarda çalışın qəzadan, qayda pozmaqdan uzaq olun ki, sənədləriniz özünüzdə, pulunuz cibinizdə qalsın. Ən əsası da əsəbləriniz korlanmasın.

 


Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh