Bakıda ölümlə həyat arasında var-gəl edən liftlər: Səhlənkarlıq, yoxsa məsuliyyətsizlik?

Xəbərlər 6 İyul 2022 18:14 Oxunub 582
Bakıda ölümlə həyat arasında var-gəl edən liftlər: Səhlənkarlıq, yoxsa məsuliyyətsizlik?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir.

Hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyillər. Bu problemə yeni istifadəyə verilən binalarda da rast gəlinir. Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

İki gün əvvəl Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.
Hadisənin binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Bəs Bakıdakı binalarda lift təsərrüfatına qulluq necə olmalıdır? Kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az-a açıqlama verib.

Ekspert bu kimi hadisələrin təkcə köhnə binalarda deyil, həmçinin təzə binalarda da baş verdiyini qeyd edib:

“Dünya ölkələrinə nəzər yetirsək, görərik ki, əksər ölkələrdə tikilən mənzillər təmir olunaraq vətəndaşlara təhvil verilir. Bizdə isə mənzillər yalnız suvaq vurularaq vətəndaşlara satılır. Hər binada 100-200 mənzil var. Həmin mənzilləri təmir edərkən çox hallarda yük daşıyan fəhlələr liftdən istifadə edirlər. Mənzillərin təmiri yekunlaşanda, o liftlər artıq öz keyfiyyətini çox sürətlə itirmiş olur. Çünki iki-üç dəfə artıq yük qaldıranda liftin istismar müddəti daha tez başa çatır. Yeni tikili binalarda da dəfələrlə liftin qırılması ilə həyatını itirən, yaralanan insanlar çox olub. İstər yeni tikili, istərsə də köhnə tikili binalarda belə hallara rast gəlinir”.

Ekspert daha çox liftlərin trosuna xüsusi diqqət yetirilməli olduğunu bildirib:

“Bir neçə aydan bir liftlər yoxlanılmalıdır. Xüsusilə liftlərin trosuna daha çox diqqət artırılmalıdır. Əksər binalarda sovet dövründə qoyulmuş liftlərdir və bir çox hallarda onlar da işləmir, yaxud hansısa bir mərtəbəyə qədər qalxır. Köhnə binalarda kommunal xərci az olduğuna görə, illik təxminən 18-20 manat vətəndaş ödəniş edir. Buna görə də az-az hallarda yoxlamalar olur. Lakin yeni binalarda kommunal 50-100 manat arası dəyişir. Bunun müqabilində komendant o liftlərə nəzarət edir. Əksər binalarda liftlər nəzarətsiz və baxımsız qaldığına görə belə hallar baş verir”.

E.Fərzəliyev onu da əlavə edib ki, vətəndaşlar çox vaxt pul toplayaraq liftləri özləri dəyişirlər:

“Bir liftin trosunun qırılması üçün aylarla vaxt lazımdır. Çünki tros üç-dörd qat olur.

Nizamnamənin tələbinə uyğun olaraq, iki aydan bir nəzarət olsaydı, fəsad qeydə alınsaydı, belə hal baş verməzdi. Çox vaxt vətəndaşlar özləri pul toplayıb binada lifti dəyişdirirlər. Amma lifti dəyişmək vətəndaşın vəzifə borcu deyil. Bununla bağlı dövlət qurumu var. Onlar baxmalı və dəyişdirməlidirlər. Nəzərə alınmalıdır ki, köhnə binalarda yaşlı, xəstə, əlil olan insanlar, uşaqlar var. Lift işləməyəndə piyada düşüb-qalxırlar. Bunların hamısı diqqətə alınmalıdır. Binanın ən azı 30-40 yaşı varsa, hələ istismar müddəti bitirməyibsə belə, oradakı liftlər mütləq dəyişilməlidir. Təbii ki, məsuliyyət lift idarəsinin üzərindədir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh