Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB - VİDEO

Xəbərlər 27 May 2022 15:49 Oxunub 1138
Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Bununla bağlı Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb. 

Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə  məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

11:00

Bakıda yanğın nəticəsində öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, aprelin 26-da səhərə yaxın saat 4 radələrində Lökbatan qəsəbəsi Yunis Mirzəyev küçəsi bina 4, mənzil 12 ünvanında yanmış meyiti tapılan Xuraman Həsənovanın ölümünün qəsdən törədilməsi üzə çıxıb. 

Aparılmış ilkin araşdırmalar nəticəsində X.Həsənovanın meyiti üzərində zorakılıq əlamətləri və xəsarətlər aşkar edilib. Hazırda qətlin kim tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənova Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.

Bildirilib ki, tək yaşayan X.Həsənova hadisədən bir neçə gün əvvəl Türkiyədən qızının toyundan qayıdıb.

Ailə üzvləri evdəki yanğının iz itirmək məqsədilə qəsdən törədildiyini, mənzildə X.Həsənovaya məxsus pul və qızılların yoxa çıxdığını qeyd ediblər.

09:00

Gecə Bakıda yanğın olub. Hadisə zamanı ev sahibi 61 yaşlı qadın yanaraq ölüb. Hadisədən sonra mənzildən qadına məxsus qızıllar və pul tapılmayıb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər. 

Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb.

Hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü mərtəbədə Xuraman Həsənovanın evindən alov çıxdığını görüb, dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə gələn canlı qüvvə qapını qırıb, mənzilə daxil olaraq alovu söndürüblər. Yanan mənzildən ev sahibi, ibtidai sinif müəllimi, 61 yaşlı Xuraman Həsənovanın meyitini aşkar ediblər.

Mərhumun həyat yoldaşı Abbas Novruzov deyir ki, ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna gediblər. Ötən gün Bakıya qayıdandan sonra qadın öz, kişi də öz yaşadığı evə gedib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar.

Mərhumun bacısı Arzu Novruzova deyir ki, istintaq qrupu ilkin araşdırma apararkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 72 kvadratmetr olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Hadisənin qətl və ya yanğın olub, olmaması müvafiq qurumlar tərəfindən araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh