Bakıda yol polisinin sürücüyə qarşı «sehirli oyunu» - BİABIRÇILIQ - FOTO
Polad Hümbətov adlı sürücü maraqlı məsələ ilə bağlı Avtosfer.az saytına müraciət edib. O, bildirir ki, 19 oktyabr 2015-ci il tarixdə “Baksol” tərəfdən Ziya Bünyadov prospektinə çıxaraq sağa dönüb və prospektin sağ hərəkət zolağı ilə getdikdən sonra sol zolağa yerdəyişmə edərək prospekt boyu düzünə hərəkətini davam etdirib. Bu zaman DYP-nin patrul avtomobili ona dayanma barədə göstəriş verib. Dayandıqdan sonra Nərimanov rayon DYP Şöbəsinin Quliyev soyadlı çavuşu onu qoşa xəttin tələbini pozduğuna görə saxladığını bildib. P.Hümbətov deyir ki, onu saxlayan çavuş buna görə 100 manat cərimə və 4 cərimə balının olduğunu söyləyib. «Lakin mən DYP əməkdaşına belə yanaşmanın qanunsuz olduğunu, eyni istiqamətli hərəkət zolaqları arasında qoşa xəttin tətbiq edilməli olmadığını bildirdim. Daha sonra onun məni nahaq yerə saxladığını və hər hansı qayda pozmadığımı bildirsəm də, mənə cərimə yazacağını dedi. Özü də guya ki, mənə hörmət edərək daha yüngül cərimə yazacağını bildirdi. Quliyev sənədlərimi özümə qaytararkən cərimə bildirişi də verdi. Ondan barəmdə tərtib elədiyi protokolun və qərarın tam olaraq surətini istəsəm də o, yalnız bildirişi mənə verərək, cəriməni ödəməli olduğumu dedi. Bildirişə baxarkən gördüm ki, Quliyev mənim barəmdə İXM-nin 155.6-cı maddəsini tətbiq edib və mənə 50 manat cərimə yazıb».
P. Hümbətov deyir ki, DYP əməkdaşının onu belə aldatmasını heç cürə başa düşə bilmir. “O, məni qanunsuz çəkilmiş qoşa xəttin tələbini pozmaya görə saxlayır, daha sonra guya sükan arxasında telefonla danışdığıma görə cərimə yazır. Mənə kələk gəlir”
Avtosfer.az saytı olaraq, sürücü Polad Hümbətovun dediklərini olduğu kimi dərc edirik. Yalnız onu əlavə etmək istəyirik ki, doğurdan da “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 6-cı hissəsini 3-cü bəndinə əsasən, qoşa xətt (1.3 xətti) yalnız əks istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq edilə bilər. Ona görə də P.Hümbətovun dediyi yerdə doğurdan da qoşa xətt qanunsuz tətbiq edilib. Bundan başqa, əgər həmin yerdə eyni istiqamətli zolaqları ayırmaq üçün bütöv xətt olsaydı belə, bunun tələbini pozmaya görə sürücüyə yalnız 40 manat cərimə tətbiq oluna bilər. Bu səbəbdən sürücünü əvvəlcə 100 manat cərimə və 4 cərimə balı ilə qorxudan, daha sonra ona hörmət edirmiş kimi məsələyə heç bir aidiyyəti olmayan 50 manatlıq cərimə yazan DYP əməkdaşının davranışı təəccüblüdür.
DYP əməkdaşınin yol verdiyi ən kobud qanun pozuntusu isə tərtib etdiyi protokolun və qərarın surətini sürücüyə verməməsidir.. İXM-in birmənalı tələbinə əsasən, bu sənədlərin tam həcmdə surəti sürücüyə hər bir halda verilməlidir.
Hesab edirik ki, sürücünün bu şikayəti DYP rəhbərliyi tərəfindən araşdırılacaq və məsələyə uyğun hüquqi qiymət veriləcək.
Elmin