"BBC News Azərbaycanca" və "Azadlıq radiosu"nun QANUNSUZLUQLARI - Gizli əməkdaşlıq sxeminin DETALLARI

Mətbuatın hakimiyyətin dördüncü qolu olması heç də təsadüf və ya formal fikirdən ibarət deyil. Çünki mətbuat cəmiyyətin güzgüsü və ictimai maraqların qoruyucusu olmalıdır.
Avtosfer.az Bizim.media-ya istinadən xəbər verir ki, ancaq bəzi media resursları bu prinsipi unudaraq güzgü yerinə kölgə olmağı seçirlər. Belə olan halda reallıqlar təhrif olunur, qərəzli, obyektivlikdən uzaq xəbərlər tirajlanır.
Media resurslarının fəaliyyətinin hüquqi çərçivəsi
Məlum olduğu kimi, Azərbaycanda informasiya resurslarını fəaliyyəti "Media haqqında" Qanunla tənzimlənir. Müvafiq qanunda xarici media subyektlərinin ölkəmizdə fəaliyyət göstərməsi üçün tələblər də öz əksini tapıb.
"Media haqqında" Qanunun 11-ci maddəsinin 2-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müraciət etməlidirlər. Üstəlik, açıq şəkildə bildirilib ki, bu Qanunun tələblərini pozmaqla fəaliyyət göstərən media resurslarının filial və nümayəndəlikləri ləğv olunacaq.
Lakin bəzi media resursları qanunun müvafiq tələblərini pozaraq, fəaliyyət göstərməyə davam edirlər.
Söhbət "BBC News Azərbaycanca" və "Azadlıq radiosu"ndan gedir...
"Azadlıq radiosu"nun fəaliyyəti Azərbaycanda 2017-ci ildən qadağan edilib. Üstəlik, 2021-ci ilin oktyabrından etibarən Media Reyestri fəaliyyət göstərir. "Azadlıq radiosu" təbii olaraq sözügedən reyestrdən də keçməyib.
2025-ci il fevralın 13-də isə "BBC News Azərbaycanca"nın fəaliyyətinin dayandırılacağı elan olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bununla bağlı qərar BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb. Üstəlik sözügedən qərarla bağlı Azərbaycanın rəsmi mövqeyi tam şəkildə qarşı tərəfə izah olunub.
Göründüyü kimi, "BBC News Azərbaycanca" və "Azadlıq radiosu" qanunvericiliyə əsasən fəaliyyətini dayandırmalı idi. Lakin onlar aktiv şəkildə öz işlərinə davam edirlər.
"BBC News Azərbaycanca"nın qanunsuz fəaliyyəti
"BBC News Azərbaycanca"nın saytında fəaliyyətini dayandırmalı olduğu vaxtdan, yəni 2025-ci il fevralın 13-dən bəri 1000-dən çox xəbər, məqalə dərc olunub. Saytın Azərbaycan bölməsində 217, Region bölməsində 576, Beynəlxalq bölmədə 306, Sağlamlıq bölməsində 80, Sizin hekayəniz bölməsində isə 192 xəbər-məqalə dərc olunub.
Üstəlik, son dövrdə sayt fəaliyyətini daha da aktivləşdirib. Müqayisə üçün bağlanma qərarının verildiyi dövrdən əvvələ, 2025-ci ilin yanvar ayına nəzər saldıqda, Azərbaycan bölməsində cəmi 32 xəbər və məqalənin dərc olunduğunu görə bilərik. 2026-cı il yanvarın 27-nə qədər isə artıq saytın müvafiq bölməsində 41 material dərc olunub.
"BBC News Azərbaycanca"nın sosial şəbəkə hesablarındakı aktivliyi isə daha yüksəkdir. Belə ki, 13.02.2025-ci il tarixindən bu günə kimi "BBC News Azərbaycanca"nın "YouTube" kanalında 1 270-dən çox paylaşım edilib. Həmin paylaşımlardan 18-i video, 1255-i isə "shorts" formatındadır. Bu isə o deməkdir ki, sözügedən kanalda gündəlik 3-4 paylaşım edilir.
"Facebook" platformasında da "BBC News Azərbaycanca"nın xüsusi aktivliyi diqqət çəkir. Qeyd olunan dövr ərzində "BBC News Azərbaycanca" "Facebook" hesabında 852 post paylaşılıb. Onlardan 113-ü foto, 525-i video, 214-ü isə saytda dərc olunan xəbərlərin hiperlinkləridir.
"Azadlıq radiosu" qanunun tələblərini necə pozur?
"Azadlıq radiosu" da qanunsuz fəaliyyətində "BBC News Azərbaycanca"dan geri qalmır. Doğrudur, "Azadlıq radiosu"nun saytı Azərbaycanda bloklanıb. Lakin sosial şəbəkələr üzərindən aktiv fəaliyyət illərdir ki, davam edir. "Azadlıq radiosu"nun "YouTube" kanalının 2025-ci ilin fevralından bəri fəaliyyətinə nəzər salsaq, 476-si video, 220-si "shorts" formatında olmaqla, ümumilikdə 700-ə yaxın paylaşımın edildiyini görə bilərik. Bu isə gündəlik orta hesabla 2 paylaşımın edildiyini göstərir.
"Azadlıq radiosu" "Facebook" üzərindən aktivliyi daha yüksəkdir. Son bir ildə "Azadlıq radiosu"nun "Facebook" hesabında 1700-dən çox paylaşım edilib. Təkcə bu ilin yanvar ayının geridə qoyduğumuz 27 günü ərzində 167 post paylaşılıb. Yəni sözügedən səhifədə orta hesabla gündəlik 6-7 paylaşım edilir.
Qərəzli yanaşma: Anonim mənbələr və manipulyativ təqdimatlar
Qərəzli, obyektivlikdən uzaq, birtərəfli yanaşma "BBC News Azərbaycanca" və "Azadlıq radiosu"nun məqalə və videoreportajlarının əsasını təşkil edir. Məsələn, "BBC News Azərbaycanca"nın xəbərlərində kim tərəfindən yazıldığı bəlli olmayan sosial mediadakı şərhlər "mənbə" kimi istifadə olunur. "Sosial media istifadəçilərindən biri yazır ki" və ya "sosial şəbəkə istifadəçilərinin yazdığına görə" kimi ifadələr fakt kimi təqdim olunur.
"Azadlıq radiosu"nda dərc olunan "araşdırma"larda da bənzər yanaşma üstünlük təşkil edir. Adı açıqlanmayan şəxslərin mövqeyi məqalələrin, videoreportajların əsasına çevrilir, bir çox hallarda qarşı tərəfin mövqeyi dərc olunmur. Üstəlik, həmin naməlum "mənbə"lərin fikirləri başlığa çıxarılmaqla, oxuculara qərəzli, yanlış informasiya təqdim olunur.
Bu cür yanaşma jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, cəmiyyəti aldatmağa xidmət edir. Eyni zamanda, manipulyativ şişirtmələr, ən xırda məsələlərin belə qlobal səviyyəli fəlakət kimi təqdim olunması məqsədli xarakter daşıyır. Əsas hədəf isə cəmiyyətdə süni ajiotaj yaratmaq, ictimai sabitliyi pozmaqdır.
"BBC News Azərbaycanca" və "Azadlıq radiosu" fəaliyyətini dayandırmalıdır
Göründüyü kimi, "BBC News Azərbaycanca"nın və "Azadlıq radiosu"nun bağlanması ilə bağlı rəsmi qərarlar mövcuddur və bu qərarlar hüquqi əsaslara söykənir. Bu baxımdan, sözügedən media resurslarının fəaliyyəti qanunaziddir.
Eyni zamanda, məsələ yalnız hüquqi müstəvi ilə məhdudlaşmır. "BBC News Azərbaycanca" və "Azadlıq radiosu"nun fəaliyyətində müşahidə olunan qərəzli yanaşma, anonim və təsdiqlənməmiş mənbələrə istinad, qarşı tərəfin mövqeyinə sistemli şəkildə məhəl qoyulmaması jurnalistikanın əsas prinsiplərinə ziddir. Media qurumlarının bu cür metodlardan istifadə etməsi informasiyanın deyil, manipulyasiyanın yayılmasına xidmət edir. Bu isə cəmiyyətin informasiya təhlükəsizliyi baxımından ciddi risk faktorudur.
Qanunsuz media ilə əməkdaşlığın hüquqi məsuliyyəti
Bununla yanaşı, xüsusi diqqətçəkən digər məqam həmin media resurslarını "məlumatlandıran", gizli şəkildə yalan və ya təhrif olunmuş informasiyalar ötürən şəxslərlə bağlıdır.
Unudulmamalıdır ki, qanunsuz fəaliyyət göstərən media subyektləri ilə əməkdaşlıq etmək, bilərəkdən və ya bilməyərəkdən bu fəaliyyətə dəstək vermək də hüquqi məsuliyyət yarada bilər. Qanun yalnız media qurumlarını deyil, bu qanunsuzluq zəncirində iştirak edən bütün tərəfləri əhatə edir.
Nəticə etibarilə, qanunun aliliyinin təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması və cəmiyyətin manipulyasiyalardan qorunması naminə "BBC News Azərbaycanca" və "Azadlıq radiosu"nun fəaliyyəti ən qısa zamanda dayandırılmalıdır. Media azadlığı anlayışı qanunsuzluq və məsuliyyətsizlik üçün bəhanə ola bilməz. Azad media yalnız qanun və peşə etikası çərçivəsində fəaliyyət göstərdikdə cəmiyyət üçün real dəyərə çevrilir.
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI











