Banner

Biz taksiyə minirik, yoxsa taksi bizi?- "189"- dan şikayət

Xəbərlər 24 Noyabr 2016 23:20 Oxunub 2718
Biz taksiyə minirik, yoxsa taksi bizi?- "189"- dan şikayət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bir saatdan sonra taksinin ümumiyyətlə gəlməyəcəyini deyirlər”

Son günlər "189” taksi xidmətindən şikayətlərin sayı xeyli artıb. Paytaxt sakinləri şirkəti müştəriləri aldatmaqda, keyfiyyətsiz xidmət göstərməkdə ittiham edirlər. Oxucularımız da bununla bağlı redaksiyamızın elektron poçtuna bir neçə dəfə şikayət məktubu göndəriblər. Məktubda bildirilir ki, havaların soyuması, azacıq qar və ya yağış yağması Bakıda taksi xidməti göstərən şirkətlərin paxırını ortaya çıxarıb: "Bizə taksi soyuq, şaxtalı havalarda daha çox lazım olur. Amma, bir qayda olaraq taksi sifarişi təyinat yerinə vaxtında və rahat çatmaqla deyil, işə gecikmə, əsəbilərin korlanması ilə nəticələnir. Bakıda uzun müddət fəaliyyət göstərən taksi xidmətlərindən biri "189” taksidir. Bu şirkətin qiymətləri digərləri ilə müqayisədə daha bahadır. Lakin bahalıq qətiyyən göstərilən xidmətin keyfiyyəti anlamına gəlmir. 

Tarix 23 noyabr. Bakıda azacıq qar yağır. Bu havada taksiyə olan tələbatın artdığını bildiyimdən, 1 saat öncədən, 07:50-də "189” taksi xidmətinə zəng edərək, 08:50 üçün taksi sifariş edirəm. Operator taksinin vaxtında gələcəyini deyir. 08:40-da xidmətdən "sms” gəlmədiyini görüb, bir daha 189-u yığıram. Operator bir az gecikmənin olacağını, taksinin 08:55-də gələcəyini deyir. Operatordan taksinin dəqiq gəlib-gəlməyəcəyini soruşub, təsdiqləyici cavab alıram. Saat 08:55. Taksidən heç bir xəbər yoxdur. Bir daha operatoru yığıram və aldığım cavab məni sadəcə şoka salır - "Sizin üçün taksi hələ təyin olunmayıb”. Təsəvvür edirsinizmi? 1 saatdan çox müştərini taksinin gələcəyinə əmin edirlər, müştəri evdən çıxmır, taksini gözləyir və 1 saat sonra taksinin ümumiyyətlə gəlməyəcəyini deyirlər”, - deyə oxucuların şikayət məktubunda qeyd olunub.

Müştəri şikayətində vurğulayır ki, bu, "189” taksi xidmətindən gördüyü ilk sayğısızlıq deyil: "Təxminən 1 ay öncə də anoloji problemlə üzləşmişəm. Yağış yağdığından taksi xidmətindən istifadə etməyə qərar verdim və saat 08:00-da "189” taksi xidmətinə zəng edib, 08:45-ə taksi sifariş verdim. Qeyd edim ki, saat 09:30-da işdə olmalıyam. Təyin olunan vaxtda taksi gəlmir, "189” taksi xidmətinin operatoruna zəng edirəm və oradan taksinin 10 dəqiqəyə çatacağını deyirlər. Lakin 10 dəqiqə sonra taksi yenə yoxdur. Taksi təyin edilmiş vaxtdan yalnız 25 dəqiqə sonra zəng edərək gəldiyini bildirir. Lakin dəqiqləşdirəndə aydın olur ki, taksi ünvanı səhv salıb. Qısaca, saat 08:45 üçün sifariş etdiyim taksi yalnız saat 09:30-da, yəni mənim artıq işdə olmalı olduğum vaxtda gəlib çatdı. Beləliklə, vaxtında işə çatmaq arzusu işdən gecikdiyimə görə, xəbərdarlıq almağımla nəticələndi”.

Bu xidmətlə bağlı problemlər yuxarıda qeyd etdiyimiz iki halla məhdudlaşmır. Ən pisi odur ki, gecikmə halları barədə operator tərəfindən müştəriyə əvvəlcədən xəbərdarlıq edilmir. Müştərilər dəfələrlə xidmətin operatorlarına müraciət edərək onlar öz şikayətlərini çatdırsa da, nədənsə buna məhəl qoyan yoxdur.

Taksi sürücülərinn gedəcəyi ünvanı bilməməsi "189” taksi xidmətində rast gəlinən ən adi problemlərdəndir. Bunun üzərinə, şəhər yollarını çox pis bilməyi, sürücülərin qalıq pulu qaytarmaq istəməməsini, hava şəraitinin azacıq pis olduğu hallarda operatora düşə bilməmək kimi problemləri də əlavə etmək olar.  Təəssüf ki, müştərilərin şikayətləri "189” taksi xidmətinin rəhbərliyi tərəfindən araşdırılmır.Araşdırılsaydı, yəqin ki, problemlər tez-tez təkrarlanmazdı.  Bir halda ki, müştərilər təyinat yerinə vaxtında çatdırılmır, sürücülər ünvanları və şəhərin yollarını yaxşı tanımır, hava şəraitinin azacıq pisləşməsi operatorlarla əlaqə saxlamağı mümkünsüz edir, taksilər ünvana 1 saat gecikmə ilə gəlir, belə taksi xidməti kimə lazımdır? (AzVision.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh