Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir... - VİDEO

Xəbərlər 19 May 2022 16:29 Oxunub 1428
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycanlı fəhlə və ermənilərdən axşamlar bir-birinə qonaq gedənlər də var..."

"Azərbaycan torpağındakı ermənilər ya sakitcə vətəndaşlığı, qanunlarımızı qəbul edib, bütün revanşist, irqçi duyğuları unudub Qarabağda dinc yaşamaqda davam etməlidirlər, ya da kirimişcə Ermənistana köçməlidirlər..."

Artıq  Azərbaycanın rəsmi qurumlarının da təsdiqlədiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında  Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına  başlanılıb. Məlumata görə, alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq...

Artıq erməni mediası da bəhs edilən yolun  Azərbaycan inşaat şirkətləri tərəfindən tikintisi ilə bağlı reportajlar hazırlamağa başlayıb.  

Moderator.az Xankəndində yaşayan erməni bloger David Simonyanın alternativ yolun keçdiyi Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən hazırladığı obyektivliyə yaxın olduğu hiss edilən reportajının tərcüməsini qısa ixtisarla təqdim edir.

Öncədən qeyd edək ki, erməni blogerin yazısındakı  “Artsax” sözünü Qarabağ, “Mets Şen” sözünü “Böyük Qaladərəsi” və “Hin Şen” sözünü isə "Kiçik Qaladərəsi” toponimi ilə əvəzləmişik.

 

“...Kiçik Qaladərəsi kəndinin girişi "qardaşlıq məzarlığın"dan, Rusiya blok-postunun yanından başlayır, yan tərəfdə isə bulaq var. Avtomobilimizi saxladıq, bu vaxt azərbaycanlıların olduğu maşın yaxınlaşdı, bulaqdan butulkalarla su götürürdülər. Onlara yaxınlaşıb salam verdim və soruşdum: “Rus dilində danışan varmı?..”

Azərbaycanlılardan biri könülsüz cavab verdi. Ondan soruşdum:“

“Ermənilərlə probleminiz varmı?” 

Dedi: 

"Yox, salamlaşırıq - vəssəlam". 

Yeni yolun xəritəsini göstərməsini xahiş etdim, cavab verdi ki, onda yoxdur.

Bir Rusiya əsgəri yaxınlaşdı və bloger olduğumu biləndən sonra onu videoya çəkməməyimi xahiş etdi... Sonra kəndə düşdük. Həmin vaxt işıq, qaz yox idi. Elektrik dirəyin üzərində işləyirdi, işıq xəttini birləşdirirdi. Amma qazla bağlı nə baş verdiyini və niyə olmadığını başa düşmədik.

Yaxınlıqda ekskavatorlar guruldayırdı. Onlar yalnız kəndin yanında deyil, yaxınlıqda da işlər aparır. Bundan sonra yolların hissələri birləşdiriləcək...

Məni bulaqdan aydın şəkildə görünən ermənicə yazısı olan və 1941-1945-ci illərin yadda qalan tarixi olan daş maraqlandırırdı. Məlum oldu ki, yolu genişləndirəndə yenidən hara qoyacaqlarına qərar verənə qədər onu götürüb bura köçürüblər...

Kəndlilərdən azərbaycanlılarla münasibətlərinin necə olduqlarını soruşdum. Cavabında indiyə qədər hər şeyin qaydasında olduğunu deyirlər, amma bildirirlər ki, əksəriyyəti onlarla aqressiv davranır. Hamısı yox, çoxu... Bununla belə, axşamlar bir-birinə qonaq gedənlər də var. Əsas odur ki, heç bir qarşlıqlı hücum hadisəsi baş verməyib...

Bəs yeni yol, onun kəndlilərə xeyri varmı? Deyirlər ki, müharibədən sonra onsuz da azalmış otlaqların 30-40 faizi yolun altına düşüb - azərbaycanlı inşaatçılar- kimindir, yaxud icarədədir- soruşmurlar. Amma sakinlər yaxınlıqdakı yeni yolun da faydalı olacağı ilə razılaşırlar...

Arada bir-birə etibarsızlıq var və  bu başa düşüləndir. Sabah nə olacağını heç kim bilmir, yalnız  hər şeyin qaydasında olduğuna inandıran Rusiya sülhməramlısı nikbinlik yayırdı: "Amma başqa cür ola bilməz" - rus hərbçi belə deyirdi.

Geri qayıdanda ekskavatorlar kolonuna rast gəldim, iş günü artıq bitmişdi. Bir-birinə yol verərərək dar dağ yolunda sürürdülər. Böyük Qaladərəsi kəndində Suren dayı ilə söhbət etdim. Onun tezliklə 90 yaşı tamam olacaq. Çox maraqlı şeylər danışdı... Çoxuşaqlı bir ailə üçün ev tikildiyini gördüm...”

Erməni blogerin reportajından belə anlaşılır ki, artıq Qarabağda azərbaycanlılar və ermənilər arasında qeyri-iradi ünsiyyət yaranmaqdadır. Xaricdən Rusiya və ya Qərbdən müxtəlif güclər müdaxilə etməsə, bəlkə də yaxın gələcəkdə iki millətin nümayəndələri yanaşı yaşamağın yolunu tapar. Azərbaycan torpağındakı ermənilər ya sakitcə vətəndaşlığı, qanunlarımızı qəbul edib, bütün revanşist, irqçi duyğuları unudub Qarabağda dinc yaşamaqda davam etməlidirlər, ya da kirimişcə Ermənistana köçməlidirlər. Məsələyə qlobal çərçivədə yanaşdıqda zatən başqa yol da yoxdur. Əks halda bu qarşıdurma sonsuza qədər davam etməlidir: ya biz onların sonuna çıxmalıyıq, ya da onlar bizim...

Laçın dəhlizinə ermənilərin məskunlaşdığı kəndlərdən keçən alternativ yolu tikən azərbaycanlı mühəndis və fəhlələri isə əsl qəhrəman adlandırmaq olar. Onlar həyatlarını ruskə atıb Qarabağlı(!), Laçınlı(!) dinc gələcəyimizə yol çəkirlər...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh