Casusluqda ittiham olunan Fransa vətəndaşı hakim qarşısına ÇIXARILDI
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə təqsirləndirilən şəxs Martin Ryan və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs Azad Məmmədlinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Məlum olub ki, Martin Ryan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir, Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirib, əvvəllər məhkum olunmayıb. Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.
Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib, sonra magistr təhsilini Fransada davam etdirib. 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.
Sonra hakim təqsirləndirilən şəxslərin hüquqlarını izah edib. Qeyd edək ki, Fransa vətəndaşına tərcüməçi vasitəsilə məhkəmədə səslənən fikirlər tərcümə olunub. Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri onlara təqdim olunub. Azad Məmmədlinin vəkili vəsatət verərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Həmçinin daimi yaşayış yeri Azərbaycandadır, məhkəmədən yayınmaq fikri yoxdur. Onun barəsində həbs qətimkan tədbiri dəyişdirilsin. Sonra Martin Ryanın vəkili bildirib ki, müvəkkili həm Fransa, həm də Böyük Britaniyanın vətəndaşıdır: "Məhkəmənin qapalı keçirilməsinə heç bir lüzum yoxdur. Belə ki, məhkəmə proseslərində səfirlik nümayəndələri iştirak edir. Qapalı olan zaman onlar iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir".
Sonra dövlət ittihamçısı Azad Məmmədlinin vəkilinin verdiyi vəsatətin təmin olunmamasını istəyib.
Tərəflərin fikirlərindən sonra hakim korpusu müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən hər iki şəxsin cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğu, Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmadığı məlum olub. Azad Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin olunmayıb. Qərara alınıb ki, məhkəmə prosesi açıq keçirilsin.
Məhkəmə prosesinin ilkin baxış iclası 6 yanvar 2025-ci ilə kimi təyin olunub.
Məhkəmə prosesində Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak edib.
Xatırladaq ki, Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. Merkorama MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-qrata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.