Deputatlar Avropa Oyunları dövründə ictimai nəqliyyatdan istifadə edəcəklər - SORĞU

Milli Məclisin deputatları Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Avropa Oyunları ilə əlaqədar "Avtomobilsiz 20 gün" devizi altında həyata keçirdiyi kampaniyaya qoşulub.
Millət vəkili Zahid Oruc "Report"a açıqlamasında bildirib ki, Avropa Oyunları başa çatana qədər avtomobildən istifadə etməyəcək: "Hesab edirəm ki, bu, çox yaxşı təşəbbüsdür. Parlament üzvləri 12 iyundan başlayaraq bu prinsipə əməl edəcəklər. Deputatların əksəriyyəti Avropa Oyunlarının ayrı-ayrı yarışlarının keçirildiyi yerlərə ictimai nəqliyyatla - avtobusla getməli olacaqlar. Bu da imkan verəcək ki, yarışların keçirildiyi müddət ərzində şəxsi və xidməti avtomobillərimizdən maksimum istifadə etməyək".
Z.Oruc qeyd edib ki, deputatlar iş qrafikinin sıx olması səbəbindən şəxsi və ya xidməti avtomobillərdən istifadə edirlər: "Amma iyun ayı ərzində millət vəkilləri də Avropa Oyunlarına gedəcəklər. Bunun üçün də xüsusi ayrılmış avtobuslardan və ya ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. Mən də bu müddət ərzində avtomobildən imtina etməyə hazıram".
Milli Məclisin üzvü Aydın Mirzəzadə "Report"a açıqlamasında 20 gün avtomobilsiz qalmağın onun üçün bir az çətin olacağını deyib: "Lakin bu kampaniyanı yalnız dəstəkləmək yox, eyni zamanda, nümunə də göstərmək lazımdır. Mənim şəxsi maşınım yoxdur, xidməti maşından istifadə edirəm. Bakı şəhəri ərazisində tədbirlərə və digər yerlərə xidməti maşınla gedirəm. Etiraf edim ki, 20 gün avtomobildən istifadə etməmək mənim üçün bir az çətin olacaq. Avtomobildən tam şəkildə imtina etmək mümkün olmadıqda, maksimum çalışmalıyıq ki, az istifadə edək. Tam şəkildə bu qaydaya əməl edəcəyimi desəm, bu, səmimiyyətdən uzaq olar. Amma təşəbbüsü dəstəkləyərək maksimum az istifadə etmək öhdəliyini boynuma götürə bilərəm. Bu ərəfələrdə ictimai nəqliyyatdan daha çox istifadə etməliyik".
Milli Məclisin üzvü Tahir Rzayev də "Avtomobilsiz 20 gün" devizi altında həyata keçirilən kampaniyanı dəstəkləyir. Baxmayaraq ki, deputatın şəxsi avtomobili yoxdur: "Mənim nə şəxsi, nə də xidməti maşınım var. Mən demək olar ki, bir çox hallarda ictimai nəqliyyatdan istifadə edirəm. Bəzi hallarda isə dostlarım və ya övladım öz maşını ilə məni işə gətirir və digər yerlərə aparır".
Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük məsuliyyət olduğunu deyən T.Rzayev qeyd edib ki, bu məsuliyyəti təkcə dövlət məmurları yox, bütün vətəndaşlar hiss etməlidir: "Bakıya təkcə idmançılar yox, eyni zamanda, dövlət başçıları, siyasi xadimlər və minlərlə turist gələcək. "Avtomobilsiz 20 gün" devizi altında kampaniyanın başladılması çox yaxşı təşəbbüsdür. Bu, təkcə tıxacların yaranmaması üçün yox, eyni zamanda, insanların təhlükəsizliyi baxımından da vacibdir. Mən bu kampaniyanı alqışlayır və dəstəkləyirəm".
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










