Banner

Döyüşçü yol polisindən şikayət etdi - Komandir video və səs yazısı göstərdi

Xəbərlər 20 Yanvar 2017 16:14 Oxunub 7589
Döyüşçü yol polisindən şikayət etdi - Komandir video və səs yazısı göstərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Mərdan Əliyev: «Sürücü qırmızı işıqda hərəkət edərək qayda pozduğu üçün cərimələnib»

Bakı şəhər sakini Bakir Məmmədov Sumqayıt şəhər DYP əməkdaşlarından narazılıq edib. O, ölkə.az-a bildirib ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol Polisi Şöbəsinin əməkdaşları ona qarşı haqzsızlıq edib: «Bu gün səhər saat 10,50 radələrində idarə etdiyim "KİA" markalı, 90 VA 414 nömrə nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən yol polisi tərəfindən saxlanıldım. Sülh Küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində dönməni qadağan edən nişanın olmadığı yerdə saxladılar. Sumqayıt şəhəri DYPŞ-nin inspektoru, serjant Aslanov Şamil Aslan oğlu heç bir əsas olmadan məni cərimələdi. 327,2 maddəsinə əsasən mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni, mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə iki avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu. Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib».

B.Məmmədov onu da qeyd edib ki, Bakı şəhərində yaşasa da, hər il şəhid olan əmisi oğlunun məzarını ziyarətə gəlir. «Ailəmlə hər il 20 yanvarda Sumqayıta gəlirik. Yol polisi əməkdaşına da ümumxalq hüzn günündə cərimə yazmamağı xahiş etdim. Amma o kobud şəkildə davrandı. Əsəbi və emossional olduğum üçün hansısa qayda pozmadığımı anlamamışdım, bu səbəbdən də yol polisinin yalan danışmadığını düşünüb protokola imza atdım. Ziyarətdən sonra həmin əraziyə gəldim. Orada xidmət aparan digər yol polislərindən vəziyyətlə bağlı maraqlandım. Məlum oldu ki, heç bir qaydanı pozmamışam. Sadəcə olaraq, həmin yol polisi mənə qarşı haqsızlıq edib. Mən özüm 25 il Azərbaycan ordusunda xidmət etmişəm. Ağdam, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Hazırda nazirin əmri ilə ehtiyyata göndərilmişəm. Təəssüf edirəm ki, ümumxalq hüzn günündə şəhid adına, döyüşçü adına hörmət edilmədi. Bu da polisimizin mənəvi dəyərlərə hörmət etməməsini göstərdi. Sizin vasitənizlə cənab general-polkovnik Ramil Usubova müraciət edirəm ki, haqsız yerə cərimə yazan polis əməkdaşı barədə ölçü götürülməsi üçün göstəriş versin», - deyə B.Məmmədov fikrini tamamlayıb.

Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol-Patrul Xidməti bölüyünün komandiri, polis mayoru Mərdan Əliyev Avtosfer.az-a bildirib ki, hadisə heç də Bakir Məmmədovun dediyi kimi baş verməyib: «Sürücünün saxlanıldığı küçə Həhidlər Xiyabanından xeyli aralıda yerləşir. Sürücü idarə etdiyi avtomobillə svetoforun qırmızı işığında hərəkət edib və geriyə dönüb. Bu da yol polisi avtomobilindəki kamera vasitəsilə qeydə alınıb. Ehtiyac yaranarsa sürücü həmin görüntülərlə tanış ola bilər. Görüntülərdə də məlum olur ki, avtomobil qırmızı işıqdan keçir. Əməkdaşlarımız da onu saxlayaraq cərimə yazıblar. Onların arasında heç bir münaqişə olmayıb. Kamera görüntülərində və səs yazılarında hər şey əksini tapıb. İlkin araşdırma zamanı məlum oldu ki, sürücü maşını saxlayan kimi normal şəkildə sənədləri yol polisinə təqdim edib, özü barədə heç nə deməyib. Yol polisi əməkdaşı protokol yazandan sonra sürücü imza ataraq təsdiq edib. Orada heç bir mübahisə baş verməyib. Hər şey qanun çərçivəsində aparılıb».

Mərdan Əliyev onu da bildirib ki, sürücü şəhid ailəsi və Qarabağ döyüşçüsü olduğunu deməyib: «Videoda və səs yazısında buna rast gəlinmədi. Bu barədə nəsə demiş olsaydı, yəqin ki, əməkdaşlarımız 20 Yanvar Ümumxalq Hüzn günündə onu nəzərə alardılar».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh