DSX-də Anım Günü münasibətilə tədbir keçirilib - FOTO

Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.
Bu barədə Avtosfer.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.
Saat 12:00-da Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, tarixi zəfərimizin təmin edildiyini vurğulayıb.
Vətən müharibəsi zamanı DSX-nin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulan döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd olunub.
Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilib, bizlərə qələbə sevincini yaşadan şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını qədirbilən xalqımızın daima uca tutacağı vurğulanıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilib.
Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilən ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunub.
Tədbirin sonunda DSX-nin şəxsi heyəti Vətən müharibəsinə həsr olunmuş “44 gün 44 an” sənədli filmini izləyib.


10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










