DYP evakuasiya ilə bağlı sorğudan yayınır
Artıq uzun müddətdir ki, paytaxtda sürücülər üçün ən böyük problemlərdən biri avtomobillərin evakuasiya edilməsi ilə bağlıdır. Şəhərdə avtomobil dayanacaqlarının avtomobillərin sayı ilə müqayisədə az olması səbəbindən sürücülər böyük problem yaşayır. Bir də avtomobilini saxlayıb mağazaya, aptekə girən sürücü 2-3 dəqiqənin içərisində geri qayıdıb avtomobilini yerində tapa bilmir. Avtomobillərin evakuasiyası zamanı ödənişlərin qeyri-rəsmi olması isə bir sıra suallar yaradır. Məsələn, sual olunur ki, evakuatorla cərimə meydançasına aparılan avtomobilin sürücüsündən nə üçün gah 40, gah da ağıllarına gələn rəqəmi deyib 60-70 manat alırlar? Bu pulların müqaibilində sürücülərə niyə qəbz verilmir? Axı nə üçün sürücü cəriməni yerində ödədiyi halda 20 manatlıq cərimə 18 manata hesablanmır? Elə bu və digər suallara cavab almaq üçün də Baş Dövlət Yol Polisi İdarəsinə informasiya sorğusu ilə müraciət etdik. İdarənin rəisi cənab Ramiz Zeynalovun adına iyunun 12-də ünıvanladığımız sorğuda bu ilin yanvar-may aylarında paytaxt ərazisindən dayanma-durma qaydasını pozan neçə avtomobil cərimə meydançasına aparıldığını, hazırda Bakı şəhəri ərazisində dayanma-durma qaydasını pozan avtomobillərin cərimə meydançasına aparılmasını hansı şirkətlər həyata keçirdiyini, dayanma-durma qaydalarını pozduğuna görə evakuatorla cərimə meydançasına gətirilən avtomobilin sürücüsünün cərimələnməsi qaydasının digər qayda pozuntularına görə cərimələnmədən fərqli tətbiqi nə ilə bağlı olduğunu soruşduq. Həmçinin, nə üçün cərimə meydançasında sürücülərin cərimələri ödəməsi üçün pos-terminallar qoyulmaması, ödənişlərin nəğd alınması, bu ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasının pozulmasına görə neçə sürücü cərimələnib və bu qayda pozuntularına görə nə qədər vəsait toplanılmasına cavab istədik. Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyim 5 sualdan ibarət informasiya sorğusuna 16 gün sonra (28.06.2014) bir cümləlik cavab yazılıb ki, suallar Bakı Şəhər DYP-yə göndərilib. Bu cavab isə poçta 18 gündən sonra (15.07.2014) verilib. Əhsən belə fəaliyyətə. İndi iki ay da BŞBYP-dən cavab veriləcəyini gözləyək.
Xalid