DYP ilə qadin sürücü arasında qalmaqal: «Özü öz paltarını cırıb»

Xəbərlər 24 Avqust 2014 00:36 Oxunub 4120
DYP ilə qadin sürücü arasında qalmaqal: «Özü öz paltarını cırıb»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədsiz qadın sürücünün Bakı yol polisinə kobudluğunun əsl mahiyyəti açıldı

Bəzi mətbuat orqanlarında və elektron KİV-lərdə 18 avqust 2014-cü il tarixində "Hilton" otelinin qarşısında DYP əməkdaşları ilə dövlət nömrə nişanı 90-FK-555 olan "BMW X6" markalı avtomobilin sürücüsü arasında hansısa insidentin yaşanması ilə bağlı informasiyalar yer alıb. Həmin məlumatlarda iddia olunur ki, dövlət nömrə nişanı 10-YP-528 olan Yol Patrul Xidmətinin (YPX) İlqar İbrahimov adlı inspektoru dövlət nömrə nişanı 90-FK-555 olan "BMW X6" markalı avtomobili saxlayıb. Elə bu zaman xanım sürücü ilə DYP əməkdaşları arasında insidentin yaşandığı, hətta qadın sürücünün kobud formada təhqir olunduğu bildirilir. İddia edilir ki, "BMW"nin xanım sürücüsü çox hörmətli şəxslərdən olduğundan onun adı açıqlanmır: "İnspektor sürücüyə yaxınlaşmaq əvəzinə, avtomobilini tərk etmədən səsgücləndirici vasitələ xanım sürücüdən ona yaxınlaşmağı tələb edib. Bu zaman xanım sürücü öz avtomobilindən düşərək, YPX əməkdaşına yaxınlaşıb. İlqar adlı inspektor sürücüdən sənədlərini tələb edib və onun guya içkili olduğunu iddia edib. Əslən naxçıvanlı olan xanım sürücü isə içkili olmadığını bildirib və qeyd edib ki, gözəl ölkəmiz var. Ən yüksək səviyyədə mümkündür ki, içkili olub-olmadığı yoxlansın. Amma YPX əməkdaşı buna əhəmiyyət verməyərək X6-nı xanımın əlindən alır, onu itələyərək paltarını cırır, burun nahiyəsinə zədələr yetirir və maşına basaraq 39-cu Polis Bölməsinə aparır".

Nurman-xeber.az saytı hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün araşdırma aparıb. Ba¬kı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təəssüflə bildirdi ki, həmin hadisə ilə bağlı bəzi KİV-lərdə dəqiqləşdirilməmiş məlumatlar yer alıb: "Mən istərdim ki, bu barədə dəqiq məlumat verəm. 18 avqust 2014-cü il tarixində saat 23-45 radələrində 90 FC 555 dövlət qeydiyyat nişanlı ağ rəngli X6 markalı avtomaşın paytaxtın Azadlıq prospektindən Zərifə Əliyeva küçəsinə dönərkən dönmə işıqlarından istifadə etməyib. Bu da nəqliyyatın sərbəst şəkildə idarə etməsinə şübhə yaradıb. 528 çağırışlı keşik avtomobili tərəfindən həmin maşına saxlama işarəsi verilib. Xanım sürücü avtomobili yolun sol tərəfinə çəkərək saxlayıb. İnspektor xanıma yaxınlaşıb özünü təqdim edərək onun sənədlərini istəyib. Xanım sürücü üzərində heç bir sənədin olmadığını bəyan edib. Sonra isə heç bir izahat vermədən inspektorun üzərinə nəqliyyat vasitəsini sürərək həmin yerdən Rəşid Behbudov küçəsi istiqamətində uzaqlaşıb. Avtomobil Üzeyir Hacıbəyli küçəsinə dönüb hərəkəti davam etdirmək istəyərkən küçənin təmir səbəbindən bağlanması buna imkan verməyib. O, nəqliyyat vasitəsini "Sahil" marketin qarşısında saxlayıb. Yerə düşdükdə isə özünün naxçıvanlı olduğunu, gah yüksək vəzifəli bir adamın həyat yoldaşı, sonra isə qızı olduğunu bildirib. Eyni zamanda polisləri daxili işlər orqanlarından xaric edəcəyini bildirib. Xanım patrul avtomobilinə əyləşərkən onun barmağı ilişib öz koftasını bir balaca cırıb. Patrul avtomobilində onun bütün danışığı lentə alınıb. Qulaq asdıqda görünür ki, o, dövlətin, dövlət qulluqularının ünvanına çox nalayiq ifadələr işləir. Deyir ki, əslən naxçıvandan olan icra başçılarından birinin qızıdır. Həmin vaxt onun yanında cavan bir oğlan da olub. Şəxsiyyətini müəyyənləşdirmək üçün xanım ərazi üzrə polis bölməsinə aparılıb. Orda xanımın yanında olan cavan oğlan yaxınlaşaraq bildirib ki, bu onun istədiyi qızdır, evdən xanımı o çıxarıb. Xahiş edib ki, onları sərbəst buraxsınlar. Sonra polis bölməsinə xanımın bacısı yaxınlaşıb. Onun sənədləri polisə təqdim olunandan sonra bölmənin işçilərinin iştirakı ilə polisin saxlama əmrinə əməl etməməsi barədə inzibati protokol tərtib edilib. Xanım protokolla tanış olaraq ora imza da atıb. Həmçinin məlum olub ki, bu xanım Bakı şəhəri, "Mərdanov qardaşları" ev 12, mən 16-da qeydiyyatda olan Rəhimova Samidə Ağəli qızıdır. Tədqiqatçı təkrarən xanımdan hər hansı bir şikayətinin olub-olmamasını soruşub. O heç bir şikayətinin olmadığını bildirib. Bundan sonra xanım sərbəst buraxılıb. Bir faktı da qeyd edim ki, hə¬min hadisə ilə bağlı adı hallanan İlqar İbrahimov sadə inspektor deyil. O, bizim təmsil olunduğumuz qurumun növbətçi hissəsinin rəisidir. Həmin vaxt reyd keçirildiyi üçün o şəxsən tədbirə rəhbərlik edib".

DYP rəsmisi daha sonra bəzi mətbuat orqanlarında təmsil olunduğu qurumun əməkdaşları haqda dəqiqləşdirilməmiş məlumatların təqdim olunmasından narahatlığını ifadə etdi: "Sanki DYP əməkdaşlarına qarşı bir aqressiya hiss edilir. Bu yolverilməzdir. Onlar ən çətin və ağır işdə çalışır. Bunu anlamaq lazımdır. Düzdür, bunu bütün mətbuat işçilərinə şamil etmək olmaz, ancaq yenə də jurnalistləri informasiya yayarkən diqqətli olmağa çağırıram".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh