DYP inspektorunun kobud qanun pozuntuları - ŞİKAYƏT - FOTOLAR

Xəbərlər 31 Mart 2015 23:55 Oxunub 6200
DYP inspektorunun kobud qanun pozuntuları - ŞİKAYƏT - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
13-cü otağın Şahin Vahidov adlı işçisi hadisə yerinə getmədən hadisəyə rəy verir, videogörüntünü kəsib doğrayır və…

Bir müddət öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində inzibati xarakterli yol-nəqliyyat hadisəsinə düşən sürücülərin üzləşdiyi problemlərlə bağlı yazı dərc etmişdik. Sürücülərin ən çox şikayətləndiyi şəxslərdən biri bu idarədə yol-nəqliyyat hadisələri üzrə inspektor vəzifəsində işləyən polis kapitanı Şahin Vahidov idi. Şahin müəllimin “ədalətli araşdırması”nın növbəti “qurban”ı Allahverdiyev Pərviz Saday oğlu olub. Saytımızın daimi oxucularından olan Pərvizin başına gələnləri dinlədikcə bu inspektorun öz qulluq səlahiyyətlərinə yanaşması bizi də “heyran” etdi.

Pərviz deyir ki, 16.03.2015-ci il tarixdə təxminən 17.30 radələrində Moskva prospekti ilə tuneldən çıxaraq “20 Yanvar” metrosu üzərindəki dairəyə doğru hərəkət edirmiş: «Sıxlıq olduğuna görə piyadadan da asta sürətlə gedirdim. Metroya doğru gedən yolun ən sol zolağında bordürün lap yanı ilə gedirdim. Bu vaxt sağ tərəfimdə arxadan bir minik avtomobili iki zolağın ortası ilə, yəni qismən mən olduğum zolaqda, qismən də məndən sağdakı zolaqda olmaqla gəlirdi. Onun sürücüsü yan intervalı nəzərə almadan və avtomobilin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını kobud şəkildə pozaraq, sol yan güzgüsünü idarə etdiyim 99 JE 791 nömrə nişanlı “İsuzu” markalı avtobusun arxa sağ dönmə siqnalına vurdu. Nəticədə onun avtomobilinin yan güzgüsü, mənim avtobusumun isə dönmə siqnalı zədələndi. Avtobusu dərhal saxladım. İdarə etdiyim avtobus dövlət təşkilatlarından birinə məxsus olduğundan hadisə tam rəsmiləşdirilməli idi. Hadisə yerində idarə etdiyim avtobusun bir neçə istiqamətdən fotoşəklini də çəkdim (həmin fotolar yazıya əlavə olunur – red). Bir müddətdən sonra hadisə yerinə DYP əməkdaşları gəldilər, sənədlərimizi aldılar, heç bir ölçmə, müayinə aparmadan, foto və ya video çəkmədən, hətta kağız üzərində sxem də tərtib etmədən Bakı şəhər DYP İdarəsinə gəlməyimizi bildirdilər. Deyilən vaxt həmin idarəyə, 13-cü otağa gəldim. Salamdan sonra Şahin müəllim dərhal mənim təqsirli olduğumu söylədi. Bunu necə müəyyən etdiyini soruşduqda isə “mənim hər şeydən xəbərim var, mənə hər şeyi danışıblar” deyə, cavab verdi. Mən hadisə yerində vəziyyəti aydın şəkildə izah edib çəkdiyim fotoşəkilləri ona göstərsəm də dediyində israr etdi. Hər hansı araşdırma aparmadan, hadisə yerinə baxmadan məni təqsirləndirməyin doğru olmadığını onun nəzərinə çatdırdım. Bundan sonra Şahin müəllim mənim iki gündən sonra gəlməyimi və həmin ərazidəki videokameraların yazısına baxmağımızın zəruri olduğunu bildirdi».

Pərviz deyir ki, iki gündən sonra yenidən 13-cü otağa gedib: «Amma bu dəfə Şahin müəllim məni lap heyrətləndirdi. Heyrətimə səbəb isə onun mənə göstərdiyi video oldu. Deməli, təxminən iki dəqiqəlik videoda mənim ən sol zolağın lap sol kənarında az qala bordürə sürtünə-sürtünə hərəkət etdiyim görünür. Lakin hadisəyə 5-10 saniyə qalmış Şahin müəllimin videosu bitir. Məni heyrətləndirən də elə budur. Necə olur ki, iki dəqiqə hər şey aydın görünür, amma əsas məsələnin olduğu 5-10 saniyəlik hissə yoxdur? Bunu Şahin müəllimin bir Azərbaycan vətəndaşı olaraq mənə kələk gəlməsi hesab edirəm. Məncə, bunun başqa adı ola bilməz».

Pərvizin başına gələnlər bununla bitmir. Özü də Şahin müəllim daha iki gün sonra, yəni 20 mart tarixində Pərvizlə üçüncü dəfə görüşəndə daha kobud qanunsuzluqlara yol verir. Belə ki, Şahin müəllim araşdırılan işlə bağlı çıxardığı qərarı Pərvizə təqdim etmir. O, bununla həm İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarını, həm də Daxili İşlər Nazirinin təsdiq etdiyi Təlimatı kobud şəkildə pozur. Şahin müəllim Pərvizə ona tətbiq etdiyi cəriməni ödəyə bilməsi üçün yalnız şəklini yazıya əlavə etdiyimiz bildiriş verir. Həmin bildirişdə isə Pərvizin təqsirli bilindiyi maddə (151.1), ona tətbiq olunan cərimə (40 manat) və tarix göstərilir, sonda isə oxunulması üçün xətşünaslıq ekspertizası tələb olunan soyad və imza görünür. Ən maraqlısı odur ki, bildirişdə tarix olaraq “16.03.2015” göstərilir. Amma bildiriş Pərvizə 20.03.2015 tarixdə verilib. Pərviz deyir ki, Şahin Vahidovdan ona bütöv qərarın sürətini verməsini xahiş etdikdə o, sadəcə dedi ki, bu sənin nəyinə lazımdır? Biz vətəndaşlara ancaq bunu veririk: «Görünür, Şahin müəllim qərarın sürətini mənə verməməklə mənim həmin qərardan şikayət verməyimi əngəlləyəcəyini düşünür. Əks təqdirdə, o, qərarı mənə də verərdi». 

Pərvizin başına gələnləri dinlədikdə, habelə onun təqdim etdiyi fotolara diqqətlə baxdıqda hər şey aydın oldu. Belə bir xırda qəzadan ötəri inspektorun bir neçə kobud qanun pozuntusuna yol verməsinin, hətta Pərvizin dili ilə desək, videonun özünə sərf edən hissəsini göstərməklə vətəndaşı aldatmağa cəhd etməsinin səbəbi isə bizə aydın olmadı. Düşünürük ki,  bu məsələyə daha ədalətli və obyektiv hüquqi qiyməti, habelə DYP kapitanı Şahin Vahidovun hərəkətlərinə qiyməti daxili işlər orqanlarının və DYP-nin rəhbərliyi verməlidir. Pərviz deyir ki, Şahin müəllim onu haqsız yerə təqsirləndirdiyindən şəxsən daxili işlər naziri cənab Ramil Usubova təcili teleqram vurub: «Teleqramda nazirdən xahiş etdim ki, belə haqsızlığın nəzarətə götürülməsi üçün tapşırıq versin. Bugünədək həmin teleqramla bağlı mənə heç nə deyilməyib». 

Biz sadəcə Pərvizin dediklərini ümumiləşdirərək hesab edirik ki, aşağıdakı məsələlər aydınlaşdırılmalıdır:

- hadisə yerinə şəxsən gəlməyən, orada heç bir ölçmə, müayinə aparmayan inspektor hadisəni necə araşdıra bilər?

- necə ola bilər ki, təhlükəsizliyə nəzarət üçün quraşdırılmış videokamera hadisədən əvvəl iki dəqiqəni aydınca qeydə alır, lakin hadisədən bilavasitə əvvəlki 5-10 saniyəni və hadisənin özünü “görmür”?

- bu hadisəni araşdıran inspektor nəyə görə mövcud qanunvericiliyin bütün tələblərini, habelə vətəndaşın hüquqlarını kobud şəkildə pozaraq çıxardığı qərarın sürətini vətəndaşa vermir?

Düşünürük ki, bu sualların cavablarından asılı olaraq belə inspektorun öz xidmətinə yanaşmasına və tutduğu vəzifəyə uyğunluğuna da qiymət verilsə, yaxşı olar.

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh