DYP-nin daha bir gizli radarı aşkarlandı- FOTOLAR
Bu fotolar avqustun 3-də, saat 14:00 radələrində Xocasən yolunda çəkilib. Avtosfer.az-a oxuculardan biri tərəfindən göndərilən fotolardan aydın olur ki, 10-YP-488 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili yol kənarında dayanıb və mülki şəxs də sürətölçən cihazla iş başındadır. Oxucu yazır: «Mülki şəxs bu cihazla avtomobillərin sürətini ölçür, yol polisi əməkdaşı isə avtomobildə oturub siqaret çəkə-çəkə «Redd-Bull» içirdi. Məni gördülər ki, çəkirəm onları, o saat cumdular üstümə. Polis dedi ki, şəkili sil, mən də cavab verdim ki, çəkməmişəm. Tələb etdi ki, telefonu ver baxım. Amma vermədim. Bildirdim ki, telefon mənim şəxsi mülkümdüm, niyə verməliyəm? Gördülər heç nə alınmayacaq, yol polisi öz maşını ilə aradan çıxdı, mülki şəxs də taksiyə minib getdi».
Maraqlıdır, əgər bu «sürətölçmə əməliyyatı» qanuni aparılırsa, yol polisi çəkilişdən qorxub niyə qaçır? Qanuni işdirsə, yol polisi mülki şəxsi niyə orada qoyub qaçır? Ümumiyyətlə, bu mülki şəxs kimdir? Onun radar arxasında nə işi var? Əgər bu iş qanunsuzdursa, bu qədər açıq-aşkar qanunsuz iş tutmağa söz demək bir az çətindir. Amma bütün hallarda yol polisinin sürətölçən cihazları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinə (MMX) inteqrasiya olunmalı, sürət həddini aşan avtomobil sahibinin ünvanına bildiriş göndərilməlidir. Yəni, sürət həddinin aşılması barədə məlumat dərhal MMX-ya ötürülür, orada isə avtomatik qaydada cərimə protokolu tərtib olunaraq qayda pozan sürücünün qeydiyyatda olduğu ünvana göndərilir. Hətta, yol polisi maşınında olan sürətölçən cihazın özü belə MMX-yə inteqrasiya olunmalıdır. Çünki yeni qanunvericilik bunu tələb edir. Fotolarda gördüyünüz DYP avtomobilində xidmət aparan polis əməkdaşının hansı qanunlarla işlədiyini isə elə Baş DYP-nin özü bilər. Hər halda, biz onlardan cavab gözləyirik.
Elməddin