Banner

DYP rəisinin rüşvət videosunu yayan sürücü məhkəmədə qalib gəldi - FOTOLAR – ÖZƏL

Xəbərlər 11 Aprel 2014 00:00 Oxunub 3206
DYP rəisinin rüşvət videosunu yayan sürücü məhkəmədə qalib gəldi - FOTOLAR – ÖZƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün içkili olması barədə protokol yazan polis zabiti özbaşına qərar çıxarıbmış

DİN həmin DYP rəisinin işdən çıxarıldığını, rəis is iş başında olduğunu deyir

 

Bugünlərdə sürücüdən rüşvət alması barədə məlumat yayılmış Göyçay rayon Dövlət Yol Polisi Şöbəsi rəisi Elman Əliyevin həmin qalmaqallı qərarı ilə bağlı maraqlı məlumat əldə etmişik. avtosfer.az saytının əldə etdiyi məlumata görə, polisin rüşvət istədiyi sürücü Orucov Əfqan Aslan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 152-1.1-ci maddəsi ilə qəbul olunmuş qərardan məhkəməyə şikayət verib, Göyçay rayon Məhkəməsi 8 aprel 2014-cü il tarixli qərarı ilə həmin qalmaqallı qərarı ləğv edərək iş üzrə icraata xitam verib. Məhkəmənin qərarından görünür ki, əslində həmin qalmaqallı qərar heç mövcud olmayıb. Çünki məhkəmənin qərarında belə bir qərarın məhkəməyə təqdim edilmədiyi göstərilir. Belə aydın olur ki, sadəcə sürücü barəsində inzibati protokol tərtib olunub və ondan cərimə adı ilə pul ödəməsi tələb edilib. Məhkəmənin qərarından aydın olan ən maraqlı detal odur ki, sürücü sərxoşluqda təqsirləndirilsə də, onun sərxoşluğa dair müayinəsi həyata keçirilməyib. Məhkəmə qərarından o da məlum olur ki, sərxoşluq müayinə edilmədən, onun nəticələri aktlaşdırılmadan sürücü barəsində Göyçay rayon DYPŞ-nin baş inspektoru, baş leytenant Qasımov Aqil Zayid oğlu tərəfindən 10 fevral 2014-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 152-1.1-ci maddəsi üzrə protokol tərtib edilib. Özü də nə qədər qəribə də olsa, həmin protokol Post-Patrul Xidməti (Yol-Patrul Xidməti yox-red.) əməkdaşının raportu əsasında tərtib edilib. Belə çıxır ki, Post-Patrul Xidmətini həyata keçirən polis əməkdaşının sadəcə bir raportu sürücünü sərxoş hesab etmək üçün yetərli olub.

 

Belə olan halda bu protokolu tərtib etmiş əməkdaş da kobud qanun pozuntusuna yol verib. Görünür, elə buna görə də həmin məsələ ətrafında ölkə miqyasında qalmaqal yaranıb və bu, DYPŞ rəisi Elman Əliyevin polis orqanlarından xaric edilməsi ilə nəticələnib. Hətta həmin rüşvətalma faktının təsdiqlənəcəyi halda bu rəisin cinayət məsuliyyəti də istisna edilmir. Eyni zamanda, sürücü barəsində heç bir müayinə aparmadan qərar qəbul etmiş baş leytenant Aqil Qasımovun da məsuliyyətdən kənarda qalmayacağı istisna olunmur.

Göyçay rayon Məhkəməsinin sözügedən məsələ ilə bağlı qərarının fotolarını oxuculara təqdim edirik. Diqqətlə oxuduqda yol polisinin nə qədər qanun pozuntularına yol verdiyi açıq-aydın görünür…

Qeyd edək ki, rüşvət videosunda qayda pozan vətəndaşdan 300 manat rüşvət tələb edən polis sonradan onunla razılaşmayan şəxsi rəisin qəbuluna göndərir. Polis rəisi Elman Əliyev də öz növbəsində gizlin çəkiliş edən vətəndaşdan 300 manat pul istəyir. “Salehə deyəcəyəm. 300 verəcəksən Salehə. Bax bunu üçümüz bilirik haa. Sabah Salehə deyəcəyəm, kompüterə oturan kimi Saleh mənə onu çəkib verəcək”, - deyə Göyçay rayon yol polisi idarəsinin rəisi bildirib. Maraqlı orasındadır ki, polis rəisi rüşvət tələb edərkən qanunla danışır: “Yol hərəkəti qaydasının pozulması sənin tabe olmamağındır. Bunun cəriməsi 500 manatdır, “Prava” da 1 il “lişeniyaya” düşür. Bunun belə olmaması üçün 300 manatı verməlisən”, - deyə yol polisi rəisi bildirib. Bu qalmaqaldan bir gün sonra Daxili İşlər Nazirliyi belə bir açıqlama yaydı ki, Göyçay rayon yol polisi şöbəsinin rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb. Bu barədə axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib: “Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

“İşdən çıxarılmağım haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən bu dəqiqə işimin başındayam. Sadəcə, tədqiqat gedir”. Bu sözləri isə aktual.az-a Göyçay rayon yol polisi şöbəsi rəisi Elman Əliyev rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntüyə münasibət bildirirkən deyib. Onun sözlərinə görə, videogörüntüdə hər hansı bir cinayət əməli təsbit olunsaydı, həbs olunardı: “Amma gördüyünüuuml;z kimi mən azadlıqdayam. Yenə deyirəm, rüşvət alsaydım, məni həbs edərdilər. Onu da demək istəyirəm ki, bu məsələ ilə bağlı araşdırma aparılır”.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov aktual.az-a bir daha bildirib ki, Göyçay rayon yol polisi şöbəsi rəisi Elman Əliyev daxili işlər oqranlarından xaric edilib.

Xatırladaq ki, bir neçə gün öncə Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin məsul işçisi də vətəndaşların şikayəti əsasında işdən çıxarılıb. Yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, kapitan Bəxtiyar Həşimov vəzifəsindən azad edilib. Sürücülərin çoxsaylı şikayəti əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bəxtiyar Həşimovun fəaliyyəti araşdırılıb. Fəaliyyətində nöqsanlar aşkar edilən Bəxtiyar Həşimov polis orqanlarından xaric edilib.  Faktla bağlı araşdırmalar davam edir.

 

Elməddin MURADLI

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh