Elektrobuslar Bakıya nə vəd edir - “Orada sərnişinlərə kofe verməyəcəklər”
Elməddin Muradlı: “Yanacağı keyfiyyətli istehsal edib vətəndaşa verə bilmirik, deyirik ki, avtobus ekologiyanı korlayır”
Artıq 160-a yaxın elektriklə çalışan avtobus alınıb. Bu haqda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib. O nəzərə çatdırıb ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb: “Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq. Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində Bakıda ilk dəfə keçirilir və noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
160 ədəd elektrobus Bakıda sərnişindaşımada olan sıxlığı aradan qaldırmağa kifayət edəcəkmi? Bu texnikalar hansı marşrutlara buraxılacaq? Qarşıda bütün avtobusların - dizellə işləyən, ekologiyanı korlayan avtobusların da elektrobuslarla əvəzlənməsi prosesi gedəcəkmi?
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, bu avtobusları sınaqdan keçirib, vəziyyətə əsasən qiymət vermək lazımdır: “Ölkənin ictimai nəqliyyatının hamısını elektrobuslarla əvəz etmək çətindir. Əvvəla, bu avtobusların qiyməti bahadır. Bundan əlavə, maddi-texniki baza olmalıdır ki, həmin avtobuslara vaxtında xidmət göstərilə bilsin. Əlbəttə, onların ictimai nəqliyyata təsiri böyük olacaq. İnsanların daha çox ictimai nəqliyyatdan istifadə etməsi, rahat və təhlükəsiz şəkildə evlərinə çatması üçün bir vasitədir. Təkcə 161 ədəd avtobus yox, eyni zamanda ilin sonuna qədər digər daşıyıcı şirkətlər tərəfindən də 200 civarında avtobusun gətirilməsi nəzərdə tutulur. Beləliklə, biz ilin sonuna qədər 400-dən artıq avtobusun xəttə buraxılmasını gözləyirik.
Lakin bütün ictimai nəqliyyatı elektriklə işləyən avtobusa dəyişmək mümkün deyil. Sıxılmış qazla işləyən avtobuslarımız da var. Yanacaq növü kimi dizel deyil, mövcud standart əsas götürülməlidir. Əgər o avtobus “Avro 5" və "Avro 6" standartına cavab verirsə, deməli, onu istifadə etmək olar. Biz yanacağı önəmsəməli deyilik. Hazırda Fransada, İtaliyada belə dizel mühərrikli avtobuslar sürülür.
Söhbət dizeldən deyil, onun keyfiyyətindən gedir. Azərbaycanda dizelin keyfiyyət çox aşağıdır. Zəhmət çəkib keyfiyyətə nəzarət etsələr, 250 minlik avtobusu qoyub, yarım milyonluq elektrobus almağa ehtiyac yoxdur. 250 milyon manata 10 avtobus ala biləcəyimiz halda, gedib 5 elektrobus alırıq. Buna görə də problemlərimizi həll etməliyik ki, vəziyyəti tam düzəldək.
Bakıya 2600-ə qədər avtobus lazımdır. Bu say düzəldiləndən sonra hamısının elektrobusa dəyişdirilməsi haqqında düşünə bilərik. Bu avtobusların paytaxtımızda istifadəsi yenilikdir. Birdən-birə risk etmək olmaz.
Onlardan bir müddət sınaq məqsədilə şəhərin mərkəzi küçələrində istifadə olunacaq. Çünki bu avtobusların elektrik tutumu uzaq məsafəyə çoxlu reys etməyə imkan verməyəcək. Qısa marşrutlar üzrə şəhəriçi hərəkətdə olacaqlar.
Sıxlığa hansısa təsirinin olacağını indidən demək çətindir. Çünki insanlar avtobusların dəqiq və yaxşı işlədiyini görəndə avtomobillərini kənara qoyub ictimai nəqliyyatdan istifadə edəcəklər. Metroya enəcəklər. İndi isə paytaxt sakinləri çox əziyyət çəkirlər, çətinliklə avtobus tapırlar. Buna görə də indiki halda elektrobusların tıxacı, sıxlığı aradan qaldıracağını düşünmürəm. Sürücülərə hazırda təlim keçirilir, elektriklə doldurmaq üçün yerlər müəyyənləşdirilib. Elektrobusların adi avtobusdan fərqi yoxdur. Ora minəndə heç kim sərnişinə çay, kofe vermir, adi marşrutdur.
Ekologiyanı bizim yanacaq korlayır. Yanacağı keyfiyyətli istehsal edib vətəndaşa verə bilmirik, deyirik ki, avtobus ekologiyanı korlayır. Yanacağı keyfiyyətsiz istehsal edən adamlar bəllidir. Onlar yanacağın tərkibini dəyişib yaxşı pul qazanırlar və bununla da insanları zəhərləyirlər. Bu, genofondumuza qarşı bir terrordur".
(musavat)