Həkim-infeksionist: “Antibiotikin koronavirusa qarşı heç bir effekti yoxdur”

Xəbərlər 23 Sentyabr 2021 19:56 Oxunub 668
Həkim-infeksionist: “Antibiotikin koronavirusa qarşı heç bir effekti yoxdur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq il yarımdan çoxdur ki, ölkədə pandemiya ilə mübarizə çərçivəsində ciddi tədbirlər həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq, əhali arasında yoluxma sayı stabil deyil.

Artan və azalan dinamika ilə müşahidə edilən koronavirus infeksiyasına yoluxanlar arasında xəstəliyi yüngül, ağır və orta ağır keçirənlər var. Bildiyimiz kimi, virus mutasiyaya uğradı və bir neçə müxtəlif növü də yayılmağa başladı.

Mövcud vəziyyətdə virusun ilkin simptomları da əvvəlki qaydada qalmayıb. Hər kəs fərqli şikayətlərlə həkimə müraciət etdiyi kimi nəticəsi pozitiv çıxan pasiyentlərə təyin olunan müalicələr də fərqli olur. Yaş faktoru istisna olmaqla, həkimlərin bir qrupu pasiyentlərə antibiotik müalicə təyin edir, digər bir qrupu isə tam tərsinə antibiotik təyinatın xəstəliyin gedişatına müsbət təsir etmədiyini deyir.

Son dövrdə, xüsusilə də orta yaşlı insanlar xəstəliyi keçirdikdən sonra 2-3 ay ərzində özlərini toparlaya bilmirlər. Bəs görəsən bu prosesdə təyin edilən dərmanlar digər orqanlarda da narahatlıq yarada bilər? Belə demək mümkünsə, postkorona dövrü necə tənzimlənməlidir?

Ümumiyyətlə, məlumdur ki, koronaya ikinci dəfə yoluxma mümkündür. Lakin bəzən antitel yoxlaması zamanı yoluxan və hətta vaksin vurduran şəxslərdə belə antitel aşkarlanmır. Belə olan halda insan COVID-19-dan yeni sağalıbsa, təkrar qısa müddətdə yoluxma riski varmı?

Bəzi həkimlər bu xəstəliyin müalicəsində antibiotik müalicəsini tövsiyə etsələr də, bəziləri isə konkret olaraq antibiotik olmaz deyir. Bəs insanlar nə etməlidir?

Oxu.Az-ın bu və digər suallarını həkim-infeksionist Nicat Əzimli cavablandırıb.

Həkim deyir ki, COVID sonrası pasiyentlərdə, əsas ağciyərlər olmaqla, digər daxili orqanlarda da geridönməz proseslər baş verə bilir:

“COVID sonrası xəstəliyin fəsadları müxtəlif ola bilər. Xüsusilə, ağır xəstələrdə əsas ağciyər olmaqla digər daxili orqanlarda da geridönməz proseslər baş verir. Bunun miqyası təbii ki, xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Xəstəliyi yüngül keçirmiş şəxslərdə bunlara demək olar ki, rast gəlinmir. Lakin, ikitərəfli geniş sahəli pnevmoniya keçirmiş, kəskin COVID-19 infeksiyasından sonra şəxslərdə ağciyər toxumasının fibrozu başda olmaqla müxtəlif problemlər özünü göstərir.

Bu mərhələdə reabilitasiya dövrü bəzən aylarla çəkə bilər. Şəxs COVID-19 infeksiyasından sağalmasına baxmayaraq, hələ də xüsusilə fiziki aktivlik zamanı nəfəs darlığı hiss edir, təngnəfəs olur, tez yorulur. Daha yüngül xəstələrdə bu dərəcədə olmasa da yenə də yorğunluq, əzginlik və yuxu pozğunluğu kimi əlamətlər bir çox hallarda özünü göstərə bilir”.

Həkimin sözlərinə görə, koronavirusdan sağalan şəxsin qısa müddətdə yenidən bu virusun bir başqa mutasiyasına yoluxma halına çox az rast gəlinir:

“Sağalmış şəxsin qısa müddət ərzində təkrar yoluxması çox nadir rast gəlinən haldır. Anticisim məsələsinə gəldikdə isə, əgər, bu rəqəm aşağı olsa bunun səbəbləri müxtəlif ola bilər. Ola bilər ki, xəstəlikdən kifayət qədər vaxt keçmədən anticisimlərin yoxlanılması üçün müayinə aparılıb. Çünki, anticisimlərin yaranması üçün zaman lazımdır. Digər bir məsələ, tədqiqatlar göstərir ki, həqiqətən də xəstəliyi keçirmiş insanların 5-10 %-də neytralizəedici anticisimlər yaranmır və ya qan nümunələrində bunlara rast gəlinmir. Buna baxmayaraq, həmin şəxslər içində də yoluxma hallarına çox nadir rast gəlinib”.

Koronavirusun müalicəsində antibiotik təyinatı ilə bağlı cəmiyyətdə yaranan anlaşılmazlığa aydınlıq gətirən infeksionist Nicat Əzimli bildirib ki, antibiotik özü yanıldıcı bir termindir və virusa qarşı heç bir effekti yoxdur:

“Mən və digər infeksionist həmkarlarım bunun yerinə antibakterial deməyi üstün tuturuq. Çünki antibiotik deyiləndə bu maddələrin hədəfinin nə olduğu düzgün ifadə olunmur. Antibiotiklər bakterial infeksion xəstəliklərdə istifadə olunan və burada effektiv olan preparatlardır. Yəni, antibiotiklərin hədəfi bakteriyalardır, viruslar deyil. Bunların virusa qarşı heç bir effekti yoxdur. Hansı ki, COVID-19 xəstəliyinin törədicisi də SARS-CoV-2 virusudur. Virusa qarşı istifadə olunan preparatlar antiviral adlanır və bu antiviralların da hər xəstədə tətbiq olunması doğru deyil. Həkim müayinəsi zamanı buna ehtiyac olub-olmaması dəqiqləşdiriləndən sonra həmin dərmanlar xəstəyə təyin oluna bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh