Banner

İctimai hamamlar hələ nə qədər bağlı qalacaq? - ARAŞDIRMA - VİDEO

Xəbərlər 6 Oktyabr 2021 22:14 Oxunub 4024
İctimai hamamlar hələ nə qədər bağlı qalacaq? - ARAŞDIRMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bura qapısı önündə “açıqdır” yazılı lövhə asılmış “Şah İsmayıl” hamamıdır. Bura isə aylardır, künc-bucağı toz basan məşhur “Təzə bəy” hamamı... Pandemiya şəraitinin tələblərinə əsasən fəaliyyəti dayandırılan hələ neçə-neçə hamamın olduğunu nəzərə alsaq, təqdimatı yekunlaşdıra bilərik...

“Artıq bir neçə aydır ki, pandemiya ilə bağlı qadağaların əksəriyyəti ləğv edilib. Lakin bu ləğvetmə prosesi niyəsə hamamlarımıza aid edilmir. Bəs görəsən bunun səbəbi nədir? Hamamların işləməsi virusun yayılmasına şərait yaradır, yoxsa başqa səbəblər var?

Xalqımızın vaxtilə hamam kimi bir adəti olsa da, hazırda bu adəti unutmaq üzrəyik. Operativ Qərargahın müvafiq tapşırıqlarına uyğun olaraq, düz 17 aydır ki, müştəri üzünə həsrət qalan bu obyektlərin niyə işləməməsi isə ayrı bir dərddir. Niyə ayrı? Bax, bu qismi, hamam sahiblərinin öz dilindən eşidək.

“Artıq on yeddi aydır ki, hamamlar işləmir. Fəaliyyətlərinə icazə verilmir. Burada çalışanlar uzun zamandır, işsizdirlər. Öz xoşu ilə buradan ayrılanlar da olub. Hazırda bizim hamamda kisəçi xidməti var, restoran xidməti var, masaj xidməti var. Bunlar digər məkanlarda ayrıca şəkildə istifadə olunur. Amma bizdə hamam tərkibində icazə verilmir”.

Sakit Yusifov narazılıq edən yeganə obyekt sahibi deyil. “Təzə Bəy” hamamının direktoru Orxan Əhmədov da vəziyyətdən narahatdır. Deyir, nə işçilərin verdiyi suallara cavab tapa bilir, nə də kafe və restoranların açılmasına rəğmən məhz hamamlara qoyulan qadağanın məntiqini başa düşür...

“Hamamın daxilində restoran var. Başqa restoranlar fəaliyyət göstərir. Amma hamamdakılar yox. Buxar otaqları var. Otellərin daxilində fəaliyyət göstərir. Amma hamamlarda yox. Geyinib-soyunma otaqları da həmçinin bir sıra obyektlərdə var. Amma hazırda bizdə olan bu xidmət sahələri işləmirsə də, digər obyektlərdə heç bir qadağa görmürük”.

Direktorun sözlərinə görə, əksər əcnəbi ölkələrdə ləğv edilmiş karantin qaydalarına nəzərən Azərbaycanda da bəzi yumşalmaların olması təqdirəlayiq haldır. Sosial məsafə, giriş yoxlanışı kimi zəruri qaydalara əməl olunacağı təqdirdə isə, hamamların fəaliyyətini bərpa etmək olar...

“Hər yerdə qoyulan məhdudiyyətləri hamamlar üçün də tətbiq etsinlər. Məsələn, say limiti qoyulsun. Giriş-çıxışlarda pasport yoxlanışı həyata keçirilsin. Biz də öz fəaliyyətimizi bərpa edək”.

Ancaq həmişə olduğu kimi, yenə də müəmmalı suallar ortaya çıxır. İnfeksionist Könül Cəfərova deyir ki, koronavirus hava-damcı yolu ilə yayıldığı üçün hamamlar yoluxma riski ən yüksək olan məkanlardan biridir. Onun sözlərinə görə, peyvəndin kəşf edilmədiyi ərəfədə hamamların bağlı qalma səbəbi də sözügedən risk amili ilə bağlıdır.

“Hamamların fəaliyyət göstərməməsinin əsas səbəblərindən biri bizim “qızıl qayda” saydığımız maskanın taxılmaması, sosial məsafənin qorunmaması və dezinfeksiya vasitələrindən istifadə edilməməsidir”.

Amma bütün bunlara baxmayaraq, infeksionist müəyyən qaydalara riayət etməklə hamamların faəliyyətini bərpa etməyin mümkün olduğunu düşünür. Ən azı, iki doza peyvənd edilən şəxslərin yoluxub-yoluxdurma ehtimalının aşağı olması isə maska taxmanı “qızıl” qayda olmaqdan çıxarır.

Bəs problemin iqtisadi tərəfləri nə qədər əhəmiyyətlidir? Təkcə paytaxt ərazisində yerləşən onlarla hamamın fəaliyyətsizliyi hansı fəsadlara yol aça bilər? İqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə, əgər rəsmi qeydiyyata alınıb vergi ödəyən obyektlərin işləməməsindən danışırıqsa, o zaman, problemi ciddiyə almağa dəyər.

“Bir neçə istiqamətə şəbəkə şəklində təsir edir. Bu, həm də parfümeriya və təchizat sahəsində çalışan şirkətlər üçün də əlavə gəlir mənbəyi deməkdir. Hamamların dövlətlə bağlı mənfi tərəfləri ondan ibarətdir ki, həmin hamamlar rəsmi dövlət qeydiyyatından keçibsə və uçota durubsa, onlar VÖEN-lidirsə, onlar dövlətə vergi də ödəyir, rəsmi işçiləri də olur. Hətta qeyri-rəsmi şəkildə belə əməkhaqqı alırlar”.

Belə, görünən odur ki, restoran, şadlıq evi və digər obyektlərin fəaliyyətini bərpa edib hamamları bağlı saxlamağın heç bir məntiqi əsası yoxdur. Çünki haradasa ləğv edilmiş xidmət sahəsindən tamam fərqli məkanda istifadə etmək mümkündürsə, deməli hamamların da müəyyən qaydalar əsasında fəaliyyətini bərpa etmək olar. Axı bu obyektlərdə işləyib, evinə çörək aparan şəxslərlə yanaşı, həm də elimizin hamam kimi adəti var.

///Apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh