Kobudluq edən sürücü: «Elə vuraram yox olarsan» - VİDEO
Naməlum adla Avtosfer.az saytına bu videonu göndərən şəxs özünü media işçisi kimi təqdim. Biz, əslində, media nümayəndəsinden cəsarət gözlədiyimiz halda, onun gizlənməsi bir qədər təəccüb doğurdu. Lakin göndərdiyi yazı və video maraqlı olduğu üçün oxucuların diqqətinə çatdırmaq qərarına gəldik. Naməlum media işçisi yazır: «
Salam, hörmətli Avtosfer.az saytının əməkdaşları!
Sizə videoreqistratorun qeydə aldığı videonu göndərirəm. Mən bir media işçisi olaraq baş verən yol nəqliyyat hadisələrini analiz edirəm. Və bu nəticəyə gəlirəm ki, baş verən qəzaların əksəriyyəti sürət həddinin aşılmasından daha çox yol və sürücü mədəniyyətinin olmamasından baş verir. Mədəniyyət demək olar ki, çox aşağı səviyyədəir. Mən bir sıra xarici dövlətlərdə olmuşam. Hətta qonşu Gürcüstanda belə bizim ölkədəki kimi mədəniyyətsiz sürücülər yoxdur.
16.07.2014-cü il saat 17:55-18:00 radələrində İnşaatçılar prospektində, Beynəlxalq Bankın Yasamal filialının yaxınlığında mənə qarşı olan ciddi qayda pozuntusunun və haqsızlığın video qeydini sizə göndərirəm.
Zəhmət olmasa video qeydə diqqətlə baxın. 99- GL-667 dövlət nömrə nişanlı gümüşü rəngli mercedes GLK markalı avtomobilin etdiyi ciddi qayda pozunutusu aşkar şəkildə görünür. Həmin avtomobilin sahibi daha sonra qarşımı kəsərək, məni təhqir edir və deyir ki, səni elə vuraram yox olarsan. Həmin məxluq əgər belə qəhrəmandırsa onda gedib ön cəbhədə dayansın. Burada “əmi və dayı” hesabına qoçuluq etməsin.
Mən anlamıram, biz 1900-cü illərdə yaşayırıq? Qoçu dəstələri dövründə yaşayırıq? Yoxsa müasir dövrdə müstəqil Azərbaycan dövlətində yaşayırıq? Əgər biz sabit bir ölkədə yaşayırıqsa, onda belə məxluqlar cəzalanmalıdır. Onlar tək maddi olaraq yox, həm də mənəvi cəzalarını almalıdırlar, ictimai qınaq obyektinə çevrilməlidirlər. Həmin sürücülər sürücülük hüququndan məhrum edilməlidir. Hər hansı bir Avropa ölkəsində bu hadisə baş verərsə həmin sürücünün hüququ ən azı bir ilə qədər məhdudlaşdırılır. O yenidən imtahan verməli olur.
Həmin avtomobilin mədəniyyətsiz sahibi videodan göründüyü kimi yolda hərəkəti dayandırıb və söhbət edir. Sonra isə telefonla danışmağa başlayır. Mən həmin avtomobilə siqnal verdim ki, yol versin. O isə əvəzində mənim avtomobilimi sola tərəf sıxır və kəsir. Sonra isə qarşıda gördüyünüz kimi avtomobili saxlayaraq təhqirə keçir. Mənim heç kəslə qəsd qərəzliyim yoxdur. Sadəcə vətəndaş mövqeyimi bildirirəm. İstəyirəm, yol hərəkəti haqqında medianın təbliğatı daha da artsın. Çünki yazılan cərimələr elə də effekt vermir. Mən də xeyli videomateriallar var. Gələcəkdə lazım olsa göndərə bilərəm. Mənim 2006-cı ildən sürücülük vəsiqəm var, həmin dövrdən indiyə qədər avtomobil idarə edirəm. Bu müddət ərzində cəmi bir dəfə 40 manat cərimə olunmuşam. Belə haqsızlıqları görəndə sadəcə qəbul edə bilmirəm. Niyə başqaları mənim haqqımı yeməlidir?».
Maraqlı sualdır. Sizin haqqınızı kimsə yeməməlidir. Biz də bunu nəzərə alaraq sizin vətəndaş mövqeyini dəstəkləyib göndərdiyiniz materialları işıqlandırdıq. Həqiqətən də, ictimai qınağa çox böyük ehtiyac var.
Bir məqama da toxunaq ki, sürücü bu materialı hüquq-mühafizə orqanlarına təqdim edərək yazılı müraciət etsə, daha da effektli olardı.