Banner

Milli Məclis Avropa Parlamenti ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB

Xəbərlər 19 Dekabr 2025 15:53 Oxunub 306
Milli Məclis Avropa Parlamenti ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən iclasında dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat müzakirəyə çıxarılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bəyanatı deputat Şahin İsmayılov oxuyub.

Milli Məclisin bəyanatı səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.

Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir. Torpaqlarımızın 30 illik işğalına, yüzlərcə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına daim etinasız qalmış, 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasını görməzdən gəlmiş Avropa Parlamenti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə ondan artıq rüsvayçı qətnamənin qəbulu ilə cavab verib.

Bunu da xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə olunub. Bu da dəfələrlə sübuta yetirilibdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir.

Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur və onun real niyyətlərini ifşa edir.

Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır.

Təəssüf doğuran digər məqam budur ki, müəyyən proseslərə ardıcıl surətdə səlibçilik mövqeyindən yanaşan Avropa Parlamenti islamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrilmişdir. İslam və türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyətini açıq büruzə verir. Avropa Parlamentinin bu qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığı danılmaz bir reallıqdır. Məhz dövlət başçısının qətiyyətli siyasəti Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsi baxımından həlledici olmuşdur.

İndi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər.

Nəticə etibarilə, bütün qeyd edilənləri nəzərə alaraq qətiyyətlə söyləmək olar ki, Avropa Parlamenti növbəti dəfə öz məkrli niyyətlərini heç bir əsası olmayan, birtərəfli və yalan iddialar üzərində qurulmuş arqumentlərlə pərdələməyə çalışır.

Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamentinin məlum qətnaməsini qətiyyətlə rədd edir və onu qəbulolunmaz hesab edir. Belə qətnamələr Azərbaycana heç bir şəkildə təsir edə və ölkəmizi öz yolundan döndərə bilməz".

***12:18

"Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir".

Avtosfer.az xəbər verir ki, bunu bəyənatı oxuyan deputat Şahin İsmayılov deyib. 

"Yalan məlumatlar və saxta iddialar üzərində qurulan konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən uğursuz cəhdddir", - deyə o bildirib.

Daha sonra bəyanat səsə qoyularaq qəbul olunub.

***11:14

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul ediləcək.

Avtosfer.az xəbər verir ki, Bəyanatın hazırlanması üçün parlamentdə komissiya yaradılıb.

Spiker Sahibə Qafarovanın təklifi ilə komissiyanın sədri: deputat Şahin İsmayılov, komissiyanın üzvləri: deputat Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov, deputat Zaur Şükürüov, deputat Pərvanə Vəliyeva  təyin olunub.

***11:14

Milli Məclisin növbəti plenar iclası başlayıb. 

Avtosfer.az xəbər verir ki, deputatlar bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi daxil olmaqla, 12 məsələni müzakirə edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh