Milyonlara dələduzluqda ittiham olunanlar məhkəmə heyətinə etiraz etdilər

Xəbərlər 4 Oktyabr 2024 15:31 Oxunub 110
Milyonlara dələduzluqda ittiham olunanlar məhkəmə heyətinə etiraz etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kibercinayətkarlıqda təqsirləndirilən 6 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin növbəti məhkəmə prosesi keçirilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmənin sədrinə müraciət ünvanlayaraq, cinayət işinin məhkəmə istintaqını aparan məhkəmə heyətinin dəyişdirilməsini istəyiblər.

Müdafiə tərəfi bütünlüklə bu vəsatəti müdafiə edərək məhkəmə heyətinə etiraz edib. Müdafiəçilər buna səbəb kimi hakimlərin məhkəmə terminlərindən istifadə etməmələrini və vəkillərin vəsatətlərinin rədd edilməsi ilə əsaslandırıblar.

Dövlət ittihamçısı isə öz növbəsində vəkillərin məhkəmə heyətinə etirazla bağlı vəsatətinin heç bir əsasının olmamasını bildirərək təmin olunmamasını istəyib. Qısa müşavirədən sonra vəsatət təmin olunmayıb.

Dəstə üzvlərinin qeyri-leqal pul köçürmə xidmətindən istifadə edənlər iş üzrə şahid kimi ifadə veriblər. Şahid Rauf Qəribov vurğulayıb ki, o, biblioqrafiya üzrə mütəxəssisdir. Qardaşı Vahid Qəribov BƏƏ-nin Dubay şəhərində yaşayıb:

"Qardaşım 2022-ci ildən 1il 6 ay ərzində 3-4 dəfə 4000 dollar civarında pul göndərib. Hər dəfə də pulumu tam götürürdüm. Bir çox problemlərim var idi, həll etdim. Pulları ona görə göndərib. Mənə zəng gəlmişdi, ofisin həyətinə girəndə iki avtomobil var idi, yuxarıda kamera, kassa var idi. Mən qol çəkib pulumu götürmüşəm".

Digər şahid Nailə Səlimova isə ifadəsində bildirib ki, nişanlısı İstanbuldan ona bir neçə dəfə pul göndərib:

"Atam xərçəng xəstəsi idi, həmçinin evimizi təmir edirdik, ona görə nişanlım kömək edirdi. Hər dəfə 10 min dollar göndərirdi, ümumilikdə 40 min dollar".

Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Onların ümumi dəyərinin milyonlarla manat olduğu iddia olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh