Banner

Polisin 3 ildir tapa bilmədiyi şəxs feysbukda - “Hər gün “check-in” edir”

Xəbərlər 22 May 2017 14:49 Oxunub 4415
Polisin 3 ildir tapa bilmədiyi şəxs feysbukda - “Hər gün “check-in” edir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Keçmiş əri boşandıqdan sonra məhkəmənin təyin etdiyi alimenti ödəmir"

Azərbaycanda 7 ilə yaxındır aliment ödəməyən və 3 ildir axtarışa verilən, sosial şəbəkələrdə isə aktiv olan şəxsi polis tapa bilmir. Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi Aynur Zərbəliyeva bildirib. O deyib ki, keçmiş əri boşandıqdan sonra məhkəmənin təyin etdiyi alimenti ödəmir: “Ağalar Abbasovla 2004-cü ildə ailə həyatı qurmuşam, 2007-ci ildə Kənan adlı oğlumuz olub və 2010-cu ilin dekabrında boşanma üçün məhkəməyə müraciət etdim, 2011-ci ildə boşandıq. Amma aliment müraciət etdiyim vaxtdan hesablanmağa başlandı. Ağalar boşanma ilə bağlı məhkəmə proseslərinin heç birinə gəlmədi. Hakim uşaq üçün aylıq 100 manat aliment təyin etsə də, keçmiş ərim 1 manat da pul verməyib. Mən oğlumla Nərimanov rayonunda yaşayıram, Ağalar Xətai rayonunda yaşayır, elə orada da qeydiyyatda idi. Sonra hansısa sənəd işlərinə görə İmişli rayonunda qeydiyyata düşdü”.

A.Abbasov alimenti ödəmədiyi üçün A.Zərbəliyeva qərarın icrası üçün rəsmi qurumlara müraciət edib: “Şəhərdə tez-tez rastlaşırıq, xaricə də gedib-gəlirdi. Rusiyada restoranları var. Mən Xətai rayon icra şöbəsinə müraciət etdikdən sonra, 2014-cü ildə onun ölkədən çıxışına “STOP” qoyuldu. Növbəti dəfə xaricə gedəndə gömrükdə saxlanılmışdı. Mənə də məlumat verdilər. Amma Ağalar Abbasov orada icra məmurlarına yalan deyib ki, mənimlə barışmaq ərəfəsindədir, ona görə alimenti ödəmir. Buna görə də onu sərbəst buraxmışdılar. Mənə də dəfələrlə barışmaq istədiyini deyib, amma mən razılaşmamışam, barışmaq fikrim də yoxdur”.

Lakin A.Abbasov yenə də aliment ödəməkdən imtina edib və A.Zərbəliyeva təkrar qərarın icrası üçün ərizə yazıb: “Bu dəfə dedilər ki, o artıq Xətai rayonunda qeydiyyatda deyil, İmişli rayonu da belə bir şəxsin qeydiyyatda olmadığını bildirdi. Amma onun şəxsiyyət vəsiqəsində İmişli rayonu yazılıb. Buna görə də işi mənim qeydiyyatda olduğum Nərimanov rayonuna verdilər və Ağalar Abbasov 2014-cü ildə Nərimanov rayon Polis İdarəsi tərəfindən axtarışa verildi. Məhkəmə onun saxlanılması və 15 sutka həbsdə qalması barədə qərar verdi”.

A.Zərbəliyeva qeyd edir ki, 3 il ərzində dəfələrlə Nərimanov RPİ-yə etdiyi müraciətlərə “axtarış tədbirləri həyata keçirilir” deyə cavab verilib: “Ağalar Abbasov bütün günü Bakıda gəzir, sosial şəbəkələrdə aktivdir. Feysbukda hər gün getdiyi yerlərdən şəkillər qoyur, “check-in” edir. Sonuncu dəfə elə Nərimanov rayonunda yerləşən “Gənclik Mall”dan şəkil paylaşıb. Özü də hazırda birinci arvadından olan iki oğlu ilə birlikdə qalır. Arada oğlum bibisigilə gedir, gələndə deyir ki, atam da ordaydı, görüşdük. Amma 3 ildir polis guya, onu tapa bilmir. Mən hazırda işsizəm və 10 yaşlı oğlumu saxlayıram. İcra şöbəsi də bu günə kimi mənə ödənilməli olan 7800 manat alimenti ödətdirmək üçün polisin Ağalar Abbasovu tapmasını gözlədiyini deyir”.

A.Zərbəliyevanın sözlərinə görə, A.Abbasovun ilk arvadı onu tərk edərək başqa biri ilə ailə həyatı qurub.

“Qafqazinfo” Ağalar Abbasovla əlaqə saxlayaraq məsələyə münasibət öyrənib.

A.Abbasov bu günə kimi aliment ödəmədiyini etiraf edib: “Aliment ödəməmişəm, polisdən də qaçmıram. Polis zəng edir, danışıram. Bu, bizim ailə işimizdir. Mən barışmaq, ailəmi bir yerə yığmaq istəyirəm”.

Murad Əhməd

 


ŞƏRH YAZ
Ad

E-mail

Şərh