Radarı silinən sürücü Ramil Usubova təşəkkür etdi
Hörmətli cənab nazir.
Cari ilin 6 may tarixində sizə ünvanladığım, barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olması və həmin ərazidə yol hərəkətinin təşkililə bağlı müəyyən təkliflərin də yer aldığı müraciətimə operativ reaksiya verildiyinə, qaldırılan problemlər ən qısa müddətdə həllini tapdığına görə, şəxsən sizə və sizin şəxsinizdə bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Azərbaycan dövlətinin vətəndaşı kimi dövlətimin ən önəmli qurumlarından biri olan Daxili İşlər Nazirliyinin müraciətimə bu qədər həssas yanaşması məni həddən ziyadə məmnun etməkdədir. Ona görə də sizə və tabeliyinizdə olan müvafiq xidmət əməkdaşlarına dərin təşəkkürümü ifadə etməyi özümə borc bilirəm. İndi isə oxucular üçün geniş izahımı təqdim edirəm.
“Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova AÇIQ MƏKTUB” adlı yazımda aprelin 28-də Bakıdan Xaçmaza gedərkən Ceyranbatanı çıxdıqdan sonra, yəni yaşayış məntəqəsindən kənarda radara düşməyimdən şikayətimi ifadə etmişdim. Eyni zamanda həmin yolda bir sıra uyğunsuzluqların da olduğuna inandığımı nəzakətli bir dildə qələmə almışdım. Bu açıq məktubu öz şəxsi saytımda dərc edib, elə həmin gün DİN-in internet saytı üzərindən cənab nazirə müraciət ünvanlamışdım. Üstündən bir neçə saat keçmiş nazirlikdən edilən zənglə şikayətimin ünvana çatdığı, müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verildiyi bildirildi.
Sevindim. Doğrusu, bu qədər çevik reaksiyaya sevinməmək olmazdı. Həftə sonu idi, təbii ki, bir neçə gün gözləməli olacaqdım.
Gözlədim də. Amma çox olmadı. Mayın 7-9-u iş günü olmadığı üçün 10-da DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə dəvət edildim. Və getdim. Şikayətimlə bağlı idi. Uyğun araşdırma aparılmış, qeyri-iş günləri olmasına baxmayaraq Ceyranbatan ərazisində və ondan sonra lazımlı yol nişanları qoyulmuş, bütün sürücüləri, təbii ki, məni də məmnun edəcək işlər görülmüşdü. Bu haqda şəxsən özümə də şifahi məlumat verildi. Bunlar öz yerində.
Məni sevindirən əsas məsələ şikayətimə verilən çevik reaksiya olsa da, BDYPİ-də rastlaşdığım xoş münasibət, irəli sürdüyüm iddialara həssaslıqla yanaşılması doğrudan da ayrıca qeyd edilməlidir. Çox qısa bir müddət ərzində bu qədər işin görülməsi, üstəlik, hərəkət iştirakçılarını məmnun edəcək dəyişikliklərin gerçəkləşdirilməsi, yəqin ki, mənimlə bərabər o yoldan tez-tez istifadə edən digər sürücülərin də ürəyincədir.
Qarşımda bir dövlət qurumunun vətəndaşın şikayətçi olduğu problemlərlə bağlı mümkün qədər çevik fəaliyyətə keçməsi, onları həll etməsinin çox yaxşı bir örnəyi vardı. Təbii ki, sevindiricidir. Bura, yüksək rütbəli xidmət əməkdaşlarının nəzakətli davranışını da ayrıca əlavə etmək istərdim.
Ayın 12-də BDYPİ-nin rəisi Ramiz Zeynalovun imzasıyla şikayətimə rəsmi cavab daxil oldu. Orada deyilirdi ki, “araşdırmanın nəticələrinə əsasən barənizdə elektron qaydada tərtib olunmuş … saylı protokol üzrə başlanmış icraata xitam verilmiş, müraciətdə qeyd etdiyiniz yol sahəsində hərəkətin təşkilinə dəyişikliklər edilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq verilmişdir”.
Göründüyü kimi, cəmi 6 gün içində şikayətimə cavab verilib. Buradan 3 qeyri-iş gününü çıxsaq, cəmi 3 günə şikayətimə də baxılmış, problemlər də həllini tapmışdı.
Sevindiricidir, deyilmi?
Ona görə də düşündüm ki, cənab nazirə təşəkkür edim. Biz bəzən qarşılaşdığımız problemlərdən şikayətlənsək də onlarla bağlı rəsmi müraciət etməkdən çəkinirik. Çünki insanlarımız düşünür ki, şikayətlərə baxılmır. Halbuki dəfələrlə şahidi olmuşam ki, vaxtında edilən şikayətlərə mümkün qədər çevik və obyektiv reaksiya verilir. Mənim bu şikayətimlə bağlı olduğu kimi.
Hörmətlə,
Azər Həsrət
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü