Ramil Usubovdan «Bakı-2015» proqnozu: «Polis elə xidmət aparacaq ki…» - VİDEO
Əməkdaşlarımız həm öz vəzifə, həm də vətənpərvərlik borclarını ən yüksək səviyyədə yerinə yetirəcəklər»
Daxili işlər naziri, general-rolkovnik Ramil Usubov Avropa Oyunlarına hazırlıq, görülən və görülən təhlükəsizllik tədbirləri, habelə, bu yarışla bağlı öz fikirlərini ANS-ə müsahibəsində açıqlayıb. Avtosfer.az həmin müsahibəni təqdim edir.
- Düz 16 gün Azərbaycan Avropanın idman paytaxtı olacaq. Bütün diqqət, nəzər gözlər ölkəmizə yönələcək. Bu müddət ərzində həm bizim qonaqlarımız, həm də Azərbaycan vətəndaşları bu oyunlardan ləzzət almaq istəyən insanlar, özlərini neçə hiss edə bilərlər? Təhlükəsizliklərinə nə qədər əmin ola bilərlər? Bunun üçün hansı işləri görmüşük, ümumiyyətlə, görülən bu işlərdən tam razısınızmı?
- Bildirmək istəyirəm ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim xalqımız və dövlətimiz üçün fəxredici bir haldır ki, məhz belə bir idman yarışı bizim ölkəmizə nəsib olub. Bu günlər Azərbaycanın daxili işlər orqanın şəxsi heyəti ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazır vəziyyətdədir. Bura gələcək qonaqların və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunacaq. Avropa Oyunları zamanı təhlükəsizliyin və asayişin qorunması ilə bağlı 25 mindən artıq şəxsi heyət bu işlərə cəlb olunub. Özəliklə də şəxsi heyətin hər biri konkret olaraq hansı sahədə xidmət aparacaqsa, o sahənin peşakarlarıdır. İnanıram ki, bu oyunlar Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq şəraitində keçəcək. Bizim bütün istəyimiz, arzumuz ondan ibarətdir ki, bu oyunlar təhlükəsiz şəraitdə keçsin. Bunun üçün nə lazımdırsa edirik.
Biz burada üzərimizə düşən xidməti vəzifədən əlavə onu nəzərə alırıq ki, bu oyunlarda xalqımızı üzünü göstərmək imkanı yaranıb. Polisdə bu xalqın ayrılmaz bir hissəsi olaraq çalışacaq ki, həm asayişi qorusun, həm də elə bir xidmət göstərsin ki, xaricdən gələn insanlar da Azərbaycan haqqında, vətənimiz və onun polisi haqqında yaxşı fikirlərlə, düşüncələrlə burdan ayrılsınlar.
- Təbii ki, Avropa Oyunları özü-özlüyündə artıq çox böyük miqyasa malik bir tədbirdir. Bu, öz yerində. Amma oyunların içində də xüsusi günlər olacaq ki, onda yəqin ki, polisdən ictimai asayişin qorunmasına bilavasitə cavabdeh olan şəxslər də xüsusi məsuliyyət tələb olunacaq. Oyunların açılış və bağlanış gününü, yəni harada insanlar, tədbirlər daha çox olacaqsa bunun üçün xüsusi tədbirlər planı nəzərdə tutulub, yoxsa elə eyni qaydada, hansı güclə başlayırıqsa onunla davam edəcəyik?
- Bilirsiniz, orada xüsusi tədbirlər nəzərdə tutulub. Konkret olaraq polis və Daxili Qoşunlarla bərabər, orada həm Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, yəni bizim birgə işlədiyimiz qurumlarla xüsusi plan əsasında tədbirlərin təhlükəsizliyi təmin olunacaq. Qaydalar var. Mən vaxtın azlığını nəzərə alaraq bunları sadalamaq istəmirəm. Bununla bağlı müvafiq qurumların rəhbərləri televiziya vasitəsilə kifayət qədər ətraflı məlumat veriblər. Yəni bütün tədbirlər görüləcək. Burada əməliyyat-axtarış tədbirlərindən tutmuş, digər tədbirlərin görülməsi nəzərdə tutulub. İnanıram ki, əməkdaşlarımız həm öz vəzifə, həm də vətənpərvərlik borclarını ən yüksək səviyyədə yerinə yetirəcəklər.
- Təbii ki, Avropa Oyunlarına tamaşa edəcəksiniz. Konkret hansı idman növü var ki, Siz ona azarkeşlik edəcəksiniz? Hansı idman növləri üzrə mükafat gözləyirsiniz? Ramil Usubov - bir tamaşaçı olaraq…
- Tamaşaçı olaraq mən güləşdən, boksdan gözləyirəm. Belə düşünürəm ki, bu idman növlərində bizim idmançılar əvvəllər də olduğu kimi fərqlənə bilərlər. Təbii ki, bir azərbaycanlı, bir Ramil Usubov kimi istəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin. Hər bir halda Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi hər birimiz üçün sevindirici haldır. Həqiqətən də fəxr edirik ki, məhz bizim ölkəmiz belə bir şərəfə nail olub.
Xalqımız da ölkəmizə gələn qonaqlara ən yüksək azərbaycanlı qonaqpərvərliyini göstərəcək. Asayişin qorunmasında, əmin-amanlığa riayət edilməsində daxili işlər və digər hüquq-mühafizə orqanlarına yaxından köməklik göstərəcəklər. Mən artıq bunun şahidiyəm. Hazırda bizdə çoxlu könüllülər var ki, asayişin qorunmasında iştirak edirlər. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün köməkliklərini əsirgəmirlər. Xüsusilə də minlərlə gənc bu işə qoşulub. Bu, təqdirəlayiq haldır. Bu, bir daha Azərbaycan gənclərinin öz vətəninə, xalqına olan sevgisinin, məhəbətini əks etdirən amildir.
-Və belə də olmalıdır.