Sakinlər də “Avtomobilsiz 20 gün” kampaniyasını dəstəklədi - FOTOLAR
Artıq birinci Avropa Oyunlarının sonuncu təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə sürücülərə alternativ yollarla hərəkət etməyi, eləcə də 20 gün ərzində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, idarə tərəfindən irəli sürülən təklif avtomobil sürücüləri tərəfindən düzgün qiymətləndirilməlidir: “Gündəlik tərtib etdiyimiz protokollar, müşahidələr, tədbirlər onu deməyə əsas verir ki, vəziyyət artıq normallaşır, maşınların sayı azalıb və yol-qəza hadisələri digər günlərlə müqayisədə az baş verir. Hətta sarı zolaqla hərəkət edərək qanunu pozanların sayı minimuma enib. Düşünürük ki, bu, vaxtında aparılan təbliğatın hesabına baş verib”.
Sürücü və avtomobil sahiblərini 20 gün ərzində şəxsi avtomobillərindən istifadədən imtina etməyə çağıran bölmə rəisi bildirib: “Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq, bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməməyi, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyyə edirik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, sürücünü birinci Avropa Oyunları ilə əlaqədar “Avtomobilsiz 20 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır”.
Şəhərdə mütəmadi olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülər də veriıən qərarıb yerində atılmış addım olduğunu dilə gətirdilər.
Sürücü Hikmət Dadaşov: “Mən atılan bu addımı çox yüksək qiymətləndirirəm. İstərdim bu 20 gün yox, daha uzunmüddətli olsun. Bu gün artıq şəhərdə hər kəs şahididir ki, yollarda gediş-gəliş çox sərbəstdir. İnsanlar rahat şəkildə mənzil başlarına çata bilirlər. Düşünürəm ki, işlər nə qədər yaxşı tənzimlənsə, bu bir o dərə yaxşı olar”.
Sürücü Elçin Kərimov: “Bir sürücü kimi kampaniyanın əhəmiyyətini müsbət bir addım kimi dəyərləndirərdim. Ümumiyyətlə, bu belə də davam etməlidir. İstərdim bu kimi addımlar nəinki I Avropa Oyunları ərəfəsində, mütəmadi təşkil edilsin və bu, daha gözəl olardı. Onsuz da şəhərdə sıxlığın əlindən təngə gəlmişdik”.
Sürücü Rəşad Həsənov: “Zamanında atılan addımdır. 20 gün müddət uzadılsa daha yaxşı olar. Bu həm mənə, həm də bütün Azərbaycan xalqına böyük bir rahatçılıqgətirər. Əvvəlki günlərdə tıxacın əlindən heç yerə gedə bilmirdik. Rayondan gələn və böyük tonnajlı maşınlar aləmi bir-birinə qatırdı. İndi isə daha yaxşıdır”.
Şəhər sakinləri sıxlığın qarşısının alınması ilə onların təhlükəsizliklərinin də təmin olunduğuna görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Şəhər sakini Əhməd Seyidov: “Ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, bu şəraiti bizlər üçün yaratdı. Bu kampaniya davamlı olsa daha yaxşı olar. Çünki Bakı şəhərində sıxlıq nəticəsində tək aşağı təbəqənin insanları deyil, eləcə də hər kəs sıxlıqdan əziyyət çəkir. Təkcə bir misal söyləyim ki, adicə hamilə bir xanımı xəstəxanaya aparanda saatlara yollarda qalası oluruq. Bu cür halları nəzərə alıb sıxlığın qarşısını aldıqlarına görə, əziyyəti keçən bir şəxsə təşəkkürümü bildirirəm. Hətta təklif edərdim ki, ili köhnə olan avtomobillər yığışdırılsın”.
Şəhər sakini Rəvan Əyyubov: “Bu kampaniya tək I Avropa Oyunları ərəfəsində deyil, hər gün aparılmalıdır. Ümumiyyətlə, bu gün hamı şəxsi avtomobilindən istifadə etmək istəyir. Təbii ki, bu da şəhərdə sıxlığa gətirib çıxarır. Düşünürəm ki, sarı xəttin olması, region maşınlarının Bakıya buraxılmaması və s. təqdirəlayiq bir haldır. İstərdim bu addımlar davamlı olsun. Bu gün insanlar rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilər. Bununla onların həm xərcləri az olar, həm də özləri rahat ola bilərlər”.
Şəhər sakini Gülnarə Məmmədova: “Avtomobilsiz 20 gün” devizi altında həyata keçirilən kampaniya gözəl bir addımdır. Biz artıq öz işimizə rahat şəkildə gedir və evimizə tez çatırıq. Əvvəlki günlərdə çox çətin olduğu üçün biz bunu edə bilmirdik və saatlarda tıxacda qalmalı olurduq. Bir sözlə, kampaniyanı alqışlayıram. Bu kampaniya davam etdirilməlidir”.
Şəhər sakini Sevda Abbasova: “Piyadalara bu kampaniyanın xeyri varsa axı niyə də uzadılmasın. Biz çox sevinirik ki, bu kimi addımların atılmasında biz piyadaları da düşünüblər. Hətta mən özüm şahidiyəm ki, 5-6 gündür şəhər boşalıb, sakitlik yranıb. Beləcə biz yolu da rahat şəkildə keçib ünvanımıza gedirik.
Qeyd edək ki, nəqliyyatın hərəkət istiqaməti dəyişdirildiyi üçün sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, yəni “Meyvəli” bazar ətrafından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etməlidirlər. Eyni zamanda, Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov - 28 May küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətinə gələnlərdən isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri xahiş olunur. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq”.