Banner

Şəhid polisin ailəsi narazıdır - “Atamın xatirə lövhəsini sökdülər...”

Xəbərlər 22 Avqust 2016 16:09 Oxunub 1707
Şəhid polisin ailəsi narazıdır - “Atamın xatirə lövhəsini sökdülər...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehsan Zahidov: “Onların ailələrinə dövlət qayğısından əlavə, Daxili İşlər Nazirliyi tərəfindən də mütəmadi olaraq diqqət və qayğı göstərilib"

Bakı şəhər sakini Səbuhi Şəfiyev atası şəhid polis Əvəz Şəfiyevin xatirə lövhəsinin Abşeron rayon Polis İdarəsinin qarşısından sökülməsindən narazıdır. Bu barədə “Qafqazinfo”ya müraciət edən S. Şəfiyev dəfələrlə bununla bağlı polis idarəsinin rəhbərliyi və məsul şəxslərlə görüşdüyünü xatırladıb: “2013- cü ildə idarəni sökərkən atamın və daha üç şəhidin də stendini sökdülər. Dedilər ki, idarə tikiləndən sonra yenidən bərpa edəcəklər. Amma sözə əməl edən olmadı. Bizə yalandan dedilər ki, idarədə saxlanılır. Sonradan məlum oldu ki, onu sındırıb Xırdalan qəbiristanlığına atıblar. O vaxt idarəsinin rəisi Namiq müəllim dedi ki, stendlərinin sökülməsi ilə bağlı tapşırıq nazirin əmridir. O tapşırıq verib ki, polis şəhidlərin stendi şöbələrin həyətindən yığışdırılsın. Polis şöbəsinin həyəti qəbiristanlıq deyil. Nazirin qəbuluna düşmək üçün dəfələrlə ərizə yazmışam, amma nəzərə alan yoxdur. Şəxsi heyət üzrə iş idarəsinin rəisi İsmət bəy problemlə bağlı görüş zamanı anamı və məni təhqir etdi. Guya ki vaxtında mən iş üçün müraciət etmişəm, məni qəbul etməyiblər deyə indi içimiz yanır. Buna görə də şikayət edirik. Əgər onun şəhidə hörməti olsaydı, belə deməzdi. O boyda idarənin həyətində balaca bir guşəni qoymağa yer yoxdumu? Bunlar əməlli-başlı şəhidə qarşı hörmətsizlik edirlər. Bir balaca stendin həyətdə qoyulması onlar üçün belə utancdırmı?”. “Qafqazinfo” sözügedən şikayətlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.

E.Zahidov xatırladıb ki, torpaqlarımızın müdafiəsi zamanı Azərbaycan polisi minə yaxın şəhid verib: “Onların ailələrinə dövlət qayğısından əlavə, Daxili İşlər Nazirliyi tərəfindən də mütəmadi olaraq diqqət və qayğı göstərilib və bu gün də davam edir. Yəni, şəhidlərimizin şücaəti, qəhrəmanlığı, vətən və millət qarşısındakı əvəzsiz xidmətləri hər an anılır. Belə ailələrin bütün müraciətlərinə nazirlik tərəfindən operativ və həssaslıqla baxılır, üzləşdikləri hər hansı problrmin tezliklə həll olunması üçün lazımı addımlar atılır.

Şəhid polis əməkdaşlarının adlarının əbədiləşdirilməsi işi də daim diqqət mərkəzindədir. Yerli İcra Hakimiyyətləri ilə birlikdə bu məsələ də ən yüksək səviyyədə öz həllini tapıb. Lakin şəhid polis əməkdaşı Əvəz Şəfiyevin oğlu, Xırdalan şəhər sakini Səbuhi Şəfiyevin narazılığı və bu fikrini mətbuat vasitəsilə ictimailəşdirməsi təəssüf və təəccüb doğurur. Ona görə ki, o qaldırdığı bu məsələ ilə əlaqədar nazirliyin Şəxsi Heyətlə İş İdarəsi və Abşeron RPİ-nin rəhbərlikləri tərəfindən dəfələrlə qəbul edilib, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün hazırda qüvvədə olan qaydalar ona ətraflı formada izah olunub və o da hər dəfə bu söhbətlərdən razı qaldığını bildirib.

Şəhid polis ailələrinin hamısının DİN tərəfindən onlara göstərilən diqqət və qayğıdan, eləcə də adların əbədiləşdirilməsi məsələsindən razı qaldıqları halda, Səbuhi Şəfiyev bu müraciətində ən azı səmimi deyil. Ona görə ki, bütün şəhər və rayonlarımızda olduğu kimi, Abşerondan şəhid olmuş bütün qəhrəmanlarımız, o cümlədən rayon polisinin 4 şəhidi üçün Xırdalan şəhərinin mərkəzində - Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında xüsusi yer ayrılıb və orada onların adları əbədiləşdirilib.

Bundan sonra Rayon Polis İdarəsinin önündə şəhid polisin xatirəsinə ayrıca lövhə vurmaq nə dərəcədə məntiqli olardı? Belə çıxmazmı ki, polis şəhidləri ilə digər şəhidlər arasında ayri-seçkilik qoyulur? Vaxtıilə harada işləmələrindən asılı olmayaraq onların hamısı Azərbaycanın heç vaxt unudulmayan qəhrəman övladlarıdır və şəhidlərin hamısının əziz xatirəsi xalqımızın qəlbinə birdəfəlik həkk olub və əbədi yaşayacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh