Reklam

Son 6 ayda 49 azyaşlı uşaq yol qəzasında ölüb - VİDEO

Xəbərlər 12 İyul 2014 02:05 Oxunub 2130
Son 6 ayda 49 azyaşlı uşaq yol qəzasında ölüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən qəzalar tək sürücülərin səhlənkarlığından deyil, eyni zamanda piyadaların məsuliyyətsizliyi ucbatından da baş verir

Bu ilin 6 ayında baş verən yol qəzaları zamanı 512 nəfər ölüb, 1234 nəfər isə yaralanıb. Acınacaqlı hal isə ölənlərin 49-nun azyaşlı olmasıdır. ANS-in məlumatına görə, statistik məlumatlara görə, ölkədə bir milyondan artıq avtomobil var. Özü də bu rəqəm ilbəil artır. Artan həm də avtoqəzaların sayıdır. Demək olar ki, hər gün onlarla insan bu cür qəzaların qurbanı olur. Təkcə son 6 ayda baş verən 1216 yol qəzasında ümumilikdə 512 nəfər ölüb,1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş verən bu qəzalar tək sürücülərin səhlənkarlığından deyil, eyni zamanda piyadaların məsuliyyətsizliyi ucbatından da baş verir. Xüsusilə piyada keçidlərindən istifadə etməyənlər üçün bunun nəticəsi ağır olur. Ya ölümlə nəticələnir, ya da ki, qəzanın qurbanı olan şəxs ömürlük sağlamlığından məhrum olur. Bu ilin 6 ayı ərzində 160-dan çox piyada dünyasını dəyişib.

2014-cü ilin birinci yarımilliyi 44 avtobus qəzası ilə də yadda qalıb. Bu cür yol-nəqliyyat hadisələrində 20 nəfər həyatını itirib, 47 nəfər isə yaralanıb. Sürücülərin necə gəldi avtobusu idarə etməsi, sürət həddini aşması, digər nəqliyyat vasitələri ilə ötüşməsi bu cür qəzaları qaçılmaz edir. Nəqliyyat nazirliyinin mətbuat xidmətinin katibi Namiq Həsənov belə sürücülər haqqında lazımi tədbirlərin görüldüyünü deyir, bunun üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti, nazirliyin təhlükəsizlik şöbəsi, eləcə də “Bakı Sərnişin Nəqliyyat” MMC-nin məsul şəxsləri məsələyə nəzarəti gücləndirib. İlin əvvəlindən bu günə kimi yük avtomobillərinin iştirakı ilə də az sayda yol nəqliyyat hadisəsi baş verməyib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev ağırtonnajlı yük maşınlarının yalnız buraxılış vəsiqəsi olduğu təqdirdə şəhər daxilində hərəkət etməsinin mümkünlüyünü bildirdi. Qaydaları pozanlarsa, heç şübhəsiz müvafiq cərimə ilə cərimələnir. Ekspertlər hesab edirlər ki, bu cür bədbəxt hadisələrin baş verməməsi üçün inzibati məsuliyyətə cəlb olunma, cərimələrin tətbiqində, sürücülük vəsiqələrinin verilməsində ciddi nəzarət mexanizmi olmalıdır. Belə olan təqdirdə bu sahələrdəki neqativ hallar da aradan qalxar. 

Ekspert Azər Allahverənov yol hərəkət qaydaları ilə bağlı maarifləndirmə işlərinin uşaqların hələ bağça yaşında olan zaman öyrədilməsini vacib hesab edir. Hər halda məkanından asılı olmayaraq qəzalar qaçılmazdır. Sadəcə hər birimiz istər piyada, istər sürücü kimi hərəkət iştirakçısı olarkən məsuliyyətimizi dərk etməliyik. Çünki bir səhvimiz, həm özümüzü, həm də başqalarını bədbəxtliyə sürükləyə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh