Şou göstərən avtobus sürücüsü ilə bağlı hər şey aydınlaşdı - GÜLMƏLİ VƏ AĞLAMALI
Bakıda 88 saylı avtobus sürücüsünün kobud qayda pozuntusu ilə bağlı məlumat vermişdik və əlavə olaraq video da paylaşmışdıq. Dünən isə əlavə məlumat verdik ki, şirkətin bu videodan sonra cəzalandırdığı sürücü ilə sükan arxasında olan sürücü bir-birinə bənzəmir. Digər faktları da nəzərinizə çatdırmışdıq. Bu linkdə (http://avtosfer.az/news/11366) həmin məqamlarla tanış ola bilərsiniz.
Məsələni gündəmə gətirən jurnalist Əzizə İsmayılova hadisədən iki gün sonra həmin marşrutun məxsus olduğu şirkətə dəvət olunub. Jurnalistin təəssüratlarını oxuculara təqdim edirik: «88 saylı avtobusun yaratdığı qəza şəraitinə rəsmi münasibəti öyrəndim. İki gün əvvəl Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində 88 saylı xətt avtobusunun yol hərəkəti qaydalarını kobud şəkildə pozması haqda videonu paylaşandan sonra avtobusun aid olduğu şirkətdən mənimlə əlaqə saxladılar, qayda pozan sürücünün sürücülük vəsiqəsini və MMX cərimələri əks olunan siyahını göndərib bildirdilər ki, sürücü Əkbərov Allahverdi Ələkbər oğlu işdən azad olunub. Vəsiqədə şəkli görəndə mən iddia etdim ki, sükan arxasındakı şəxs bu adam deyil. Əvvəlcə şirkət rəsmisi bunun qeyri-mümkün olduğunu və sükan arxasında məhz həmin şəxsin olduğunu iddia etdi və bildirdi ki, hazırda sürücü buradadır və özü deyir ki, "mən olmuşam". Bir daha videonun orijinalına baxıb sükan arxasındakı şəxsin şəklini şirkət rəhbərinə göndərəndən sonra məsələ dolaşdı... Qaranlıq qalan suallara aydınlıq gətirilməsi üçün şirkətə dəvət olundum və bu gün həmin qaraja gedib suallara cavab aldım...
Məsələ belədir:
1. Necə olur ki, işdən çıxarılan adamla sükan arxasında olan adam eyni olmur?
Deməli, məhz videodakı şəkil ortaya çıxandan sonra rəhbərliyə məlum olub ki, həmin an sükan arxasında olan şəxs, ümumiyyətlə, «Cinar Trans» MMC-nin sürücüsü deyil. Sükan arxasıda olmalı olan Əkbərov Allahverdinin nə vaxtsa hansısa xəttdə işləyən tanışı imiş. O, özbaşına sükanı ona həvalə edib, rəhbərliyə ilkin olaraq yalan ifadə verib və şəkil meydana çıxan ana kimi sükan arxasında özünün olduğunu iddia edib.
«Niyə belə etmisən?» - sualına cavabı "yorğun idim" olub.
2. Avtobusun öz yolu boş olduğu halda niyə hər iki yolda əks istiqamətə girib?
Bu suala cavabda aciz qaldılar. Çünki sürücü yolun tıxac olduğunu iddia edib. Biz hadisə yerinə də gəldik və sürücünün manevr etdiyi istiqamətə bir də baxdıq.
3. Avtobusların icbari sığortası yoxdur-iddia edilirdi.
Sığorta kağızlarını qarşıma qoydular (şəkildə baxa bilərsiniz)
4. Təqdim olunan cərimə kağızında MMX-ya bal yazılmadığı üçün sənədin qurama olduğu iddia edildi.
Cavab: MMX cəriməsinə bal yazılmır. MMX sürəti ölçüb sistemə ötürür, artıq saatda neçə km aşmanızdan asılı olaraq bal təyin edilir. İstənilən halda balsız MMX olmur.
5. Bu durumda niyə ancaq sürücü cəzalandırılır və necə olur ki, hər nöqtədə xidmət aparan dispetçerləriniz bunu görmür?
Cavab: Haqlısınız. Sürücü cəzalanır, çünki onun heç bir halda sükanı kənar adama vermə səlahiyyəti və yaranmış hər hansı bir çıxılmaz durumda rəhbərliyə yalan danışmaq haqqı yoxdur. Dispetçer məsələsində də haqlısınız, onu görməli olan ən azından "koneçnidəki" dispetçer idi ki, ona da töhmət və cərimə kəsilib.
6. O zaman belə çıxır ki, sizin xəttdə istənilən sürücü sükan arxasına hansısa terrorçunu da çox asanlıqla oturda bilər və şirkət bundan xəbər tutmaya bilər? Dəfələrlə sizin xətdə belə halın şahidi olmuşam və sizə də şəxsən zəng edib məlumat vermişəm, Nəqliyyat Nazirliyinin rəsmisi Namiq müəllimə də dəfələrlə demişəm. Eyni hal hər dəfə çox rahalıqla təkrar olunursa, o zaman belə çıxır ki, sürücü şirkətin maraqlarını hesaba almır və öz istədiyi qaydalarla hərəkər edir?
-Haqlı iraddır, amma biz onlarla iş aparırıq. Heç kim istəməz ki, filan qədər pul verib aldığı avtobus qəzaya düşsün və yaxud sürücünün hansısa səhvinə görə cərimə ödənilsin... Siz sürücü tayfasını tanımırsınız (Hərçənd zənnimcə, mən daha yaxşı tanıyıram sürücü tayfasını. Çünki 15 ildir eyni xətlə hərəkət edirəm).
7. Həmin sürücü ilə əlaqə saxlamaq mümkün olmadı. Bildirdilər ki, dünəndən telefonunu söndürüb.
8. Təqdim olunan cərimə siahısındakı nömrənin avtobusa aid olmadığını tam başqa nömrə olmasını dəfələrlə desəm də anlaya biləcəyim cavab ala bilmədim doğrusu... Sadəcə dedilər "MMX avtobusa aiddir".
P.S. Bu gün bildim ki, sürücülərin "benzini sən almırsan, çatdırmırıq" iddiası yersizdir. Çünki onlara hər gün 80 litr yanacaq verilir. Sürücülərin hər günü üçün 20 AZN maaş yazılır. 130-140 manat gündəlik plan verirlər, qalanı özlərinindir…
Və lap sonda şad xəbərlə bitirim: Dünən daha 3 ədəd kondisionerli avtobus gətirilib. Qarajda gördüm və çəkdim..
Zənnimcə qaranlıq qala biləcək sual qalmadı. Varsa cavablandıra bilərəm...
XÜSUSİ İSMARIŞIM: Əgər sürücü, sizin və yaxud sizin əzizlərinizin həyatını düşünməyib onları təhlükəyə atırsa, hər gün qorxunc avtobus qəzalarında ölənləri, xəsarət alanları unudub "filankəsin çörəyinə niyə bais olursan?" sualını mənə ünvanlayan zati-möhtərəmlərə! Cənablar, bir az səmimi olun. Orda qəza olub, əzizlərinizdən birinin burnu qanamış olsaydı, göylə yeri eyni nöqtədə birləşdirən ilk siz olacaqsınız. Hər kəsin fikrinə sayğım da var, veriləcək cavabım da...».