Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

“Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə üçüncü qrup əlillik verilib. Amma 3 il keçməmiş heç bir səbəb göstərmədən pensiyamı və Prezident təqaüdünü kəsiblər”.
Bu iddia ilə qafqazinfo-ya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdi oğlu Ağazadə müraciət edib.
Onun sözlərinə görə, əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 AZN pensiya və təqaüd alıb: “615 manat əlilliyə görə və 330 manat Prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə Prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub?.. Məni komissiyaya çağırdılar, heç yoxlamadan belə qərar verdilər.
Dizimdən iki dəfə əməliyyat olunmuşam. Ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib məni pis vəziyyətdə qoyublar. Özüm də 3 övlad atasıyam”.
Qazinin göndərdiyi sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17.11.2026 ildə olacağı qeyd edilib.

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pensiyanın dayandırılması vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır: “Rəşad Ağazadə 24.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib”.
Qeyd edək ki, R.Ağazadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












