Velosiped üstündə qətl törədən gəncin cəzası dəyişdirilmədi – FOTO
Bakı Apellyasiya Məhkəməsində Suraxanı rayon sakini Emin Ağazadənin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2014-cü il iyulun 31-də gecə saat 1 radələrində, əvvəllər məhkum olunan Emin Ağazadə yaşadığı Yeni Suraxanı qəsəbəsindən dostu Kamran Nəcəfovla birlikdə velosiped sürərək Nəsimi rayonunun Bülbül prospektinə gəlib. Həmin prospektdə bir qədər velosiped sürdükdən sonra səhər saat 4 radələrində 35 nömrəli binanın qarşısında dayanan zaman əvvəllər tanımadığı Vüsal Abdullayev Kamran Nəcəfova yaxınlaşaraq sonuncudan sürmək üçün velosipedi istəyib, lakin Nəcəfov velosipedi verməkdən imtina edib. Abdullayev əvəzində mobil telefon aparatını girov kimi qoymağı təklif etdikdə Nəcəfov telefonu götürməkdən imtina edərək velosipedi elə-belə verməyə razılaşıb.
Həmin vaxt Emin Vüsala yaxınlaşaraq yaşadıqları Suraxanı rayonuna qayıtmalı olduqlarını, uzaq yol gedəcəklərini deyərək velosipedi geri qaytarmasını deyib, bu zəmində aralarında yaranmış mübahisə zamanı Abdullayev ona söhbətə qarışmamasını deyərək sifətinə iki dəfə şillə vurub. Onun hərəkətlərindən hiddətlənən Ağazadə artıq aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla Abdullayevin döş qəfəsindən bir zərbə vuraraq, onu qəsdən həyatdan məhrum edib.
Məhkəmədə Emin Ağazadə ittiham üzrə özünü təqsirli hesab etməklə, bildirib ki, Vüsalı bıçaqla vurduqdan sonra sonuncu arxaya çəkilib və bir qədər irəli qaçıb. O da arxaya çəkilib getmək istəyəndə orada toplaşan şəxslərin arxasında durduqlarını görüb. Həmin şəxslər də əlində bıçaq olduğunu görüb, qorxub və kənara çəkiliblər. Bundan sonra o, Kamranla birlikdə velosipedə minib Dənizkənarı Bulvar istiqamətində, ordan isə taksi avtomaşını ilə yaşadıqları evə gediblər. Səhərisi gün polis əməkdaşları yaşadığı evə gəlib, onu Nəsimi RPİ 22-ci Polis Bölməsinə aparıblar.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İlham Abdullayev məhkəməyə təqdim etdiyi ərizədə onun Emin Ağazadəyə qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan Emin Ağazadənin müdafiəçisi apellayasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işə baxaraq təqsirləndirilən tərəfin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.