Vəsiqəsiz maşın sürdüyü üçün cərimə olunan sürücü ertəsi gün qəzada ölüb - DYP
İki gün əvvəl Salyan rayonu, Sarvan kəndinin mərhum sakini Mehdiyev Telman Vaqif oğlunun ailə üzvlərinin şikayəti yayılmışdı. Onlar bildirirdilər ki, 1980-ci il təvəllüdlü Telman Mehdiyev bu il iyulun 12-də gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində baş verən avtoqəzada dünyasını dəyişib. Ailənin yeganə oğul övladı olan Telman iki azyaşlı uşağını və xəstə valideynlərini yay mövsümündə özünə məxsus «Kamaz» markalı yük maşını ilə Bakıya ot bağlamaları gətirib satmaqla dolandırırmış: «İşin istintaqını aparan Qaradağ rayon Polis İdarəsinin baş leytenantı Şahsuvar Əliyev qəza yerindəki “Kamaz”ı qoşqu vasitəsilə dayanacağa aparıb. Daha sonra müstəntiq bizə bildirdi ki, “Kamaz” istintaq getdiyi müddətdə həmin dayanacaqda qalmalıdır. Yalnız onun icazəsindən sonra maşını götürmək mümkün olacaq.
Sonradan avtomobil qəzası keçirmiş həmkəndlilərimiz bildirdi ki, həmin dayanacaqda maşın saxlamaq pulladır, sizdən də pul tələb edəcəklər. Biz bu barədə müstəntiqdən telefonla soruşduq. Əliyev Şahsuvar əminliklə bildirdi ki, dayancaq dövlət dayanacağıdır, polisin istintaqı davam etdiyi müddətdə onlardan heç kim pul tələb edə bilməz. Zərurət bitən kimi sizə sənəd verəcəyəm, “Kamaz”ı ordan problemsiz götürərsiz. Hadisənin üzərindən 5 aydan bir az çox müddət keçəndən sonra müstəntiq bizə istintaqın bitdiyi və maşını duracaqdan götürə biləcəyimiz barədə arayış verdi.
Telmanın atası ağır xəstə olduğu üçün yeznəsi Əfqan Babaşov yaxın qohumları ilə birlikdə sənədləri götürüb dayanacağa gedib. Orda əyləşənlər bildiriblər ki, burada maşının saxlanılması pulladı - bir günə 3 manat. “Kamaz” orda 150 gündən çox qaldığı üçün 450 manat ödəniş etmək lazımdır. Yalnız ondan sonra yük maşınını aparmağa icazə verə bilərlər. Bir ailənin faciəsindən qazanc güdmək günahdır. Biz onsuz da bu maşını kefimizdən burda 150 gün saxlamamışıq”.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, ortada kiçik bir anlaşılmazlıq olub və artıq Telmanın ailəsinin qaldırdığı məsələ həllini tapıb: «Mərhum Telman Mehdiyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş. İyulun 11-də yol polisi ona sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 100 manat cərimə yazıb. Lakin o, yenə də maşın sürüb və ertəsi gün elə həmin maşınla qəzaya düşərək həlak olub. Avtomobilin duracaqda saxlanılması da həmin 100 manatlıq cəriməyə görədir. Çünki cərimə 2 ay ərzində ödənilmədiyi halda avtomobilin saxlanılması barədə qərar çıxarılır. Telmanın ailə üzvləri ilə əlaqə saxlayıb bildirdik ki, ölüm kağızını gətirsinlər və cəriməyə xitam verilsin. Çünki prosedur belədir. Onlar ölüm kağızını gətirəndən sonra avtomobili duracaqdan heç bir ödəniş etmədən apara bilərlər. Ona görə ki, avtomobil həmin duracağa sürücü tərəfindən deyil, istintaq orqanı tərəfindən aparılıb və belə olduğu halda, heç bir ödəniş tələb olunmur».
Elmin