Banner

Video var, məhkəmə qərarı ortada, amma DYP əksini deyir - VİDEO

Xəbərlər 1 Fevral 2017 16:47 Oxunub 6295
Video var, məhkəmə qərarı ortada, amma DYP əksini deyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün faktlar və məhkəmə qərarı şikayətçinin xeyrinə olsa da, vətəndaşın haqqı bərpa olunmur

Bakı gün-gündən böyüyür. Və təəssüflər olsun ki, artıq paytaxtımızı bir gün belə, qəzasız təsəvvür etmək mümkün deyil. Yollarda hər gün müxtəlif miqyaslı qəzalar baş verir. Bir çox hallarda qəzanın səbəkarını dərhal müəyyən etmək mümkün olsa da, bəzən günahkarı təyin eləmək çətin və problemli məsələyə çevrilir. Bakı sakini Ceyhun Kərimov da ötən ilin mart ayının 20-də belə hadisə ilə üzləşib. Belə ki, Sputnik Azərbaycan-a məktub yazaraq probleminin həllində kömək istəyən şikayətçinin məktubunu olduğu kimi təqdim edirik: "Ötən ilin mart ayında mən, Kərimov Ceyhun Elxan oğlu, 90-CK-460 nömrə nişanlı şəxsi avtomobilimlə Ramiz Quliyev küçəsi ilə hərəkət edən zaman, yolun sol hissəsində hərəkətdə olan vaxt dönmə əməliyyatını yerinə yetirən "Nissan" markalı, 90-XC-829 nömrə nişanlı avtomaşın mənim avtomobilimi vurub. Hadisə yerinə gələn yol polisi əməkdaşları və hər iki tərəfin sığorta şirkətinin nümayəndələri hadisədə, məhz "Nissan" markalı avtomobilin günahkar olduğunu bildirsələr də, sonradan sənədləşmə prosesində yol polisi günahı mənim üzərimə atıb. Təbii ki, bu qərar ilə razılaşmayaraq BŞDYP-yə rəsmi müraciət etdim. Bakı Şəhər Dövlər Yol Polisi 21.04.2016-cı il tarixində rəsmi məktubuma cavab olaraq, yalan məlumat yayıb ki, guya hadisə baş verən ərazidə quraşdırılan kameralar vasitəsi ilə qeydə alınan videogörüntülərə əsasən günahkar mənəm. Halbuki, 108 nömrəli otaqdan mənə verilən məlumatda, mart ayının 10-dan 24-nə kimi həmin ərazidə kameraların işləmədiyi bildirildi. Bütün bunlarla razılaşmayaraq Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin hakimi Şirinov Ziya Allahverdi oğlunun sədirliyi ilə keçirilən prosesdə DYP-nin rəsmi nümayəndəsi kimi çixiş edən Nicat Ələkbərzadədən BŞDYP-nin qərarındakı kamera görüntülərinin məhkəməyə təqdim edilməsi dəfələrlə tələb edilsə də, material məhkəməyə verilmədi. Uzun sürən məhkəmə proseslərindən sonra yeganə sübut olaraq maşınımda quraşdırdığım videomüşahidə kamerasında hadisənin qeydə alınan görüntülərinə baxış keçirildi. Hakim, məhkəməyə təqdim olunan dəlillərə əsas götürərək, mənim günahkar olmadığım və BŞDYP-nın əməkdaşı E.Əzizov tərəfindən yazılan protokolun qanunsuz olduğundan ləğv edilməsi ilə bağlı qərar çıxardı. Beləliklə, 2016-ci il dekabr ayının 12-də keçirilən son məhkəmədə BŞDYP-nin əməkdaşı E. Əzizov tərəfindən Kərimov Ceyhun Elxan oğlu barəsində 20.03.2016-ci il tarixində tərtib olunan KYP 335123 saylı protokol əsassız olduğundan ləğv edildi. Problem ondadır ki, məhkəmə mənim xeyrimə qərar çıxarsa da, qarşı tərəfin sığortası artıq onun maşınını təmir etdiyi üçün mənim avtomobilimi təmir etmir. Ötən ilin dekabrın 12-də keçirilən məhkəmə qərarı BŞDYP tərəfinədən hələ də yerinə yetirilməyib. Xahiş edirəm məsələni gündəmə gətirib mənə kömək edəsiniz".

Nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, təqdim olunan videoda hadisənin görünməyən tərəfləri ola və yol polisi də buna görə belə qərar çıxara bilər: "Amma məhkəmə qərarı sürücünün haqlı olduğunu deyirsə, bu, artıq dolaşıqlıq yaradır. Belə olan halda mütəxəssisin video haqqında bir söz deməsi məsələni daha da ağırlaşdıra bilər". "Ən doğrusu məhkəmənin qərarıdır. Məhkəmə artıq qərar veribsə, o zaman onun icrasına başlanmalıdır. Məhkəmə hansısa tərəfin xeyrinə qərar veribsə, digər tərəf isə bu qərara şübhə ilə yanaşırsa, yenidən məhkəməyə verə bilər. Əks halda məhkəmənin qərarına riayət olunmalıdır" — mütəxəssis vurğulayıb. Allahverənovun sözlərinə görə, məhkəmə ali instansiyadır və onun qərarı daha yüksəkdir: "Bu, o deməkdir ki, sığorta şirkəti bu ziyanı ödəməlidir. Əgər icraat işləri aparılmazsa, şikayətçi yenidən məhkəməyə müraciət edib məsələni gündəmdə saxlamalıdır".

Digər nəqliyyat eksperti Ərşad Hüseynov isə qeyd edib ki, burda sığorta şirkəti düzgün mövqe tutmayıb: "Sığorta şirkəti yekun qərarı gözləməliydi. Məhkəmə qərarından sonra sığorta şirkəti özü təkrarən polisə sorğu göndərməlidir. Polis günahın kimdə olduğu ilə bağlı sığorta şirkətinə məlumat verməlidir. O zaman sığorta şirkəti kimin avtomobilinin xərclərini ödəmək lazım olduğunu biləcəkdi". "Hazırkı halda Ceyhun Kərimov məhkəmə qərarını götürərərək əks tərəfin sığorta şirkətinə getməlidir. Orada sığorta şirkəti sorğu blankı verəcək. Onu Dövlət Yol Polisinə aparmalı və orada bu blank doldurulmalıdır. Məhkəmə qərar qəbul etdiyi üçün polisin qərar qəbul etməsinə ehtiyac qalmır və məhkəmənin qərarına əsasən, polis arayış verəcək. Sığorta da bu zaman avtomobilin xərclərini ödəməlidir" — Hüseynov qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh