
FHN qəbiristanlıqda tapılan silah-sursatın görüntülərini yaydı - FOTO - VİDEO - YENİLƏNİB

Mayın 19-da Xaçmaz rayonunun Üryanoba kəndində xidmət aparan polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində hərbi sursatlar aşkar olunub.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumat nazirliyin “112” qaynar telefon xəttinə ötürülüb və dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb olunub.
Sursatlara birgə baxış keçirilərkən 1290 ədəd 7,62 çaplı güllə, 134 ədəd 5,45 çaplı güllə, 6 ədəd avtomat darağı, təlim üçün nəzərdə tutulmuş 70 ədəd UZRQM zapal, təlim üçün nəzərdə tutulmuş 20 ədəd “F-1” əl qumbarası, təlim üçün nəzərdə tutulmuş 4 ədəd “TM-62” tank əleyhinə mina, təlim üçün nəzərdə tutulmuş 7 ədəd TM partladıcısı, təlim üçün nəzərdə tutulmuş 3 ədəd “KOMZ” piyada əleyhinə mina, 3 ədəd döyüş tətbiqinə yararsız “TEREM 7m” işıq bombası və 2 ədəd “ŞOAB” aviabombanın bombacığının olduğu müəyyən edilib.
Təlim üçün nəzərdə tutulan sursatlar aidiyyəti üzrə təhvil verilib, 2 ədəd “ŞOAB” bombacığı isə zərərsizləşdirilməsi üçün təhlükəsizliyi təmin edən xüsusi texnika vasitəsilə pirotexniklər tərəfindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınıb.
09.51
Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.
Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.