Yol polisi qayda pozur, rəis deyir «pozmayıb» - REAL VİDEO
Daimi oxucularımızdan biri Avtosfer.az-a maraqlı müraciət və videomaterial göndərib. Oxucu bildirir ki, 04.09.2015 tarixində Mikayıl Müşviq küçəsində hərəkət edən 99-YP-407 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü Parlament prospektinə dönərkən yol nişanının tələbini pozub və ona yol verməyib. Bununla bağlı vətəndaş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edərək yollarda bu cür intizamsızlığa yol verən əməkdaşların inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edib. Lakin Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vətəndaşa elə bir cavab yazıb ki, «ehitdiyimə yox, gördüyümə inanıram» deyənlər də təəccüblənib…
Videodan da görünür ki, sol zolaqda ancaq düzünə hərəkət təşkil olunub. Lakin həmin sürücü düzünə hərəkət olan zolaqda sağa dönür və eyni istiqamətdə gedən nəqliyyat vasitəsinə yol vermir. Ondan qarşıda gedən YPX avtomobilinin qeydiyyat nişanı kameraya aydın düşməsə də, pozduğu qayda açıq-aşkar görünür ki, zolaqlar üzrə düzgün yerləşmir.
Vətəndaş yol polisinə yazdığı şikayətdə bildirir ki, bu problem ümumi respublikadakı sürücülərdə də var: «Məsələn; zolaqlar üzrə düzgün yerləşmirlər, zolaqlar üzrə yerdəyişmə etdikdə dönmə işığını yandırmırlar və s. Bu problemlərin aradan qaldırılması üçün ilk növbədə YPX inspektorları nəqliyyat vasitəsini idarə etməkdə, qaydaları sevməkdə və ona riayət etməkdə vətəndaşlara nümunə olmalıdır. Mənim kimi qanunsevər vətəndaşlar sürücüləri maarifləndirir, ancaq belə polislər sürücülərə pis nümunə olur.
YHQ-nın 74 cü maddəsinin 2 ci hissəsində və 48 ci maddəsinin 1 ci hissəsində göstərilib ki, operativ nəqliyyat vasitələri sayrışan işıqlarını və xüsusi səs siqnalını qoşduqdan sonra bu qanunun tələblərindən kənara çıxa bilər. Bu sürücü heç sayrışan işığınıda qoşmayıb. Videodakı tarix videoqeydiyyatçının səhvidir. Əgər tarixlə bağlı şübhə olarsa həmin ərazidəki «Təhlükəsiz şəhər» kamerası vasitəsi ilə görüntülərə baxa bilərsiniz. Xahiş edirəm ki, bu videodakı 99-YP-407 qeydiyyat nişanlı YPX avtomobilinin sürücüsünü məsuliyyətə cəlb edib protokol tərtib edəsiniz və həmin protokolun surətini yaşadığım ünvana və yaxud elektron ünvanıma göndərəsiniz.
İnzibati Xətalar Məcəlləsinin 7.1 ci maddəsində də qeyd olunub ki, milliyətindən, dilindən, dinindən, tutduğu vəzifədən aslı olmayaraq heç kəs məsuliyyətdən azad oluna bilməz!».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərovun vətəndaşa yazdığı cavabda isə qeyd olunur ki, məsələ araşdırılıb, videogörüntələrə baxılıb və həmin yol polisi əməkdaşının qayda pozması təsdiqini tapmayıb. Rəisin imzası ilə gələn məktubun mətni belədir: «YPX əməkdaşı həmin vaxt M.Müşfiq küçəsi ilə hərəkət edən zaman xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə tağım komandiri tərəfindən Y.Səfərov küçəsinə yaxınlaşmaq barədə göstəriş alıb, digər hərəkət iştirakçılarını məlumatlandırmaq üçün patrul avtomobilinin xəbərdaredici sağa dönmə siqnalından istifadə etməklə hər hansı bir avtomobilə maneə törətmədən sağa dönüb hərəkətini davam etdirib.
Araşdırma zamanı YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməyib».
Elmin