Yol polisindən şikayət var: "Onların səsindən yata bilmirik"

Xəbərlər 2 Sentyabr 2014 18:12 Oxunub 2933
Yol polisindən şikayət var: "Onların səsindən yata bilmirik"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahib Həsənov: «Qanunu qoruyanların özü bizi narahat edir: yol polisinin səs siqnalları minlərlə insanı yuxudan edir»

 

 

Ərşad Hüseynov: «Bu siqnallardan yalnız xidməti zərurətlə əlaqədar istifadə oluna bilər»

 

Bugünlərdə Sahib Həsənov adlı oxucu Avtosfer.az saytına maraqlı bir məsələ ilə bağlı müracət edib. Onun toxunduğu məsələ bizim də marağımıza səbəb oldu və bu məsələni oxucularla bölüşmək qərarına gəldik. Əvvəlcə Sahib Həsənovun yazdığı məktubu nəzərdən keçirək: 

- Hörmətli redaksiya! Mən əvvəlcədən Sizə bildirmək istəyirəm ki, özümün şəxsi avtomobilim olmağına və «Yol hərəkəti haqqında» qanunu mükəmməl bilməyimə baxmayaraq, ümumiyyətlə, avtomobil sürməyi sevmirəm və il ərzində demək olar ki, bir-iki dəfə sükan arxasına əyləşirəm. Ancaq saytınızı böyük maraqla izləyirəm.

Bu gün mənim Sizə ünvanladığım müraciət isə bəlkədə şəhər ətrafında yaşayan insanlar üçün yad bir problemdir. Amma dəqiqliklə deyə bilərəm ki, mənim kimi bu məsələdən narahat olan on minlərlə şəhər sakinimiz var. Bildiyimiz kimi, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq edilir. Bu cərimələr təqribən 10 dəfəyə qədər artırıldıqdan sonra demək olar ki, müəyyən irəliləyiş əldə olunub. Əsasən gecələr sakinlərimizi narahat edən bu gurultulu səslərdən nisbətən canımız qurtarıb. İndi isə demək olar ki, qanunu qoruyanların özü bizləri narahat edir. Məlumdur ki, DYP əməkdaşlarının xidməti avtomobillərinə əcayib səslər çıxaran siqnallar quraşdırılır və bu siqnalların səsi o qədər güclüdür ki, siqnaldan istifadə etdikdə sanki yaşadığın binada top mərmisi partlayır. Daim bizlərin sağlamlığımızın və qanunun keşiyində dayanan zəhmətlərini danmaq günah olar. DYP əməkdaşları isə istədikləri zaman, gecənin ortası, günün günorta çağı fərq qoymadan, ehtiyac olmadan bu səs siqnallarından istifadə edirlər. İnanın ki, həftədə ən azı 5-10 dəfə gecə yarısı məni və mənim kimi minlərlə insanı bu səs siqnalları yuxudan edir. Məsələ ilə bağlı ictimai qınaq yaratmaq və müəyyən araşdırmalar aparmaq məqsədi ilə sizə bir neçə sual ünvanlamaq istəyirəm. Mən həyəcan sirenasını nəzərdə tutmuram, mövzu bir saniyəlik, güclü və insanın əsəbini oyadan səs siqnalına aiddir.

1. Bu səs siqnalları DYP avtomobillərinə nə üçün quraşdırılır?

2. Səs siqnallarından DYP əməkdaşı harada və nə zaman istifadə edə bilər?

3. Yaranmış vəziyyətdən asılı olmayaraq əhalinin sıx yaşadığı ərazilərdə DYP əməkdaşı gecə yarısı bu siqnallardan istifadə edə bilərmi?

4. Bu tonda səs siqnalının yerli və ya yersiz verilməsini əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaq inzibati xətasına aid etmək olarmı?

Qısa bir haşiyəyə çıxıb, bu səs siqnallarının gecə ziyanından başqa, gündüz vaxtı şahidi olduğum hadisəni qeyd etmək yerinə düşər. Bir dəfə mənim içində olduğum maşının qarşısında dayanan DYP avtomobili qarşısındakı avtomobilə bu siqnaldan verdi, yazıq sürücü necə özünü itirdisə, avtomobili ilə növbəti avtomobili arxadan vurdu.

Məsələ ilə bağlı yaranmış sualları yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırıb. O, Avtosfer.az-a bildirib ki, son vaxtlar bəzi vətəndaşlar operativ nəqliyyat vasitələrinin (xüsusən DYP-nin patrul avtomobillərinin və “təcili yardım” avtomobillərinin) xüsusi səs siqnalından narahat olduqlarını bildirirlər. Görünür, isti yay günlərində pəncərələrimizin açıq olması səbəbindən belə səsləri daha gur eşidirik və narahatçılıq yaranır.

Hüquqşünas hesab edir ki, ümumiyyətlə, operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalları ilə təchiz edilməsi onların təyinatından irəli gəlir. Bu nəqliyyat vasitələri xüsusi tapşırıqların yerinə yetirilməsi ilə bağlı istifadə edildiyindən onların digər yol hərəkəti iştirakçılarına münasibətdə üstünlüyü var. Məhz bu üstünlükdən istifadə etmək üçün operativ nəqliyyat vasitələri digər nəqliyyat vasitələrindən fərqlənməlidir. Belə fərq isə üç üsulla həyata ke&cceccedil;irilmişdir:

1) bu nəqliyyat vasitələrinin xüsusi rənglənmə sxemi;

2) onların avazı dəyişən (çoxavazlı) xüsusi səs siqnalının olması;

3) onların xüsusi sayrışan işıq siqnalının olması.

Operativ nəqliyyat vasitələrinin bəzilərində, o cümlədən DYP-nin patrul avtomobillərində səsgücləndirici (yüksək səslə ətrafdakılara müraciət etmək üçün) də var: «İstənilən operativ nəqliyyat vasitəsi digər hərəkət iştirakçılarına münasibətdə üstünlük əldə etmək üçün xüsusi səs və sayrışan işıq siqnalından istifadə etməlidir. Bu, hərəkət təhlükəsizliyi üçün çox vacibdir. Çünki həmin xüsusi səs və işıq siqnallarının qoşulmuş olması operativ nəqliyyat vasitəsini bütün digər nəqliyyat vasitələrindən fərqləndirir. Nəticədə digər sürücüləri ehtiyatlı olmaq və yol vermək zərurəti barədə xəbərdar edir. Operativ nəqliyyat vasitələrindəki səsgücləndiricilərdən isə yalnız xüsusi hallarda, ətrafdakı insanlara müraciət zəruri olduqda istifadə olunmalıdır. Məsələn, DYP avtomobillərindəki səsgücləndirici vasitəsilə qaydanı pozan hərəkət iştirakçısı xəbərdar edilə və ya ona dayanma barədə göstəriş verilə bilər.

Beynəlxalq qanunvericilikdə operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnallarının və xüsusi işıq siqnallarının standartları da müəyyən olunmuşdur. Təəssüf ki, bizim ölkədə hələ ki, bununla bağlı milli standart yoxdur. Amma həmin xüsusi səs və işıq siqnallarını istehsal edən şirkətlər bu siqnallarda beynəlxalq standartlara riayət edirlər. Bununla belə, həmin standartlara uyğun olmayan siqnallara, habelə sonradan xüsusi müdaxilə nəticəsində  həmin standartların pozulmasına rast gəlinə bilər.

Xüsusi səs siqnalı başqa hərəkət iştirakçılarını xəbərdar etmək üçün nəzərdə tutulduğundan onun səsinin gücü avtomobillərin adi siqnalının gücündən bir qədər artıq olmalıdır. Elə bu səbəbdəndir ki, dünyanın əksər ölkələrində avtomobil siqnalının yol verilən orta həddi 105 desibel olduğu halda  xüsusi səs siqnalının gücü 115-120 olmalıdır. Düzdür, bu çox güclü səsdir və onun vasitəsilə insana işgəncə də verilə bilər.

Bununla belə, xüsusi səs siqnallarından istifadə ilə bağlı qanunvericilikdə konkret şərtlər var. Bu siqnallardan yalnız xidməti zərurətlə əlaqədar digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün istifadə oluna bilər. Məsələn, öz xidmət sahəsində adi patrul nəzarətini həyata keçirərkən DYP-nin xidməti avtomobilində, yaxud çağırışa yox, yanacaq doldurmaq üçün gedən «təcili yardım» avtomobilində belə siqnalın qoşulmasına yol verilməməlidir. Digər bir şərt ondan ibarətdir ki, xüsusi səs siqnalı lazım olan müddətdə, özü də imkan daxilində qısa müddətdə qoşulmalıdır. Məsələn, DYP əməkdaşı qayda pozan avtomobili dayandırmaq üçün onun sürücüsünün diqqətini cəlb etmək məqsədi ilə xüsusi səs siqnalını bir anlıq (uzağı 1-2 saniyəlik) qoşsa, yetərlidir. «Yol-patrul xidməti haqqında» Təlimatda birbaşa qeyd olunur ki, yol hərəkətinin tənzimlənməsi zamanı xüsusi səs siqnallarından və səsgücləndiricidən əhalinin rahatlığına və sakitliyə riayət etmək şərti ilə istifadə edilə bilər.

Xüsusi səs siqnallarından yaşayış zonalarında, habelə gecə vaxtı çox diqqətlə, ən zəruri hallarda istifadə edilməlidir».

Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, bir-iki il bundan əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubov səs siqnallarından istifadənin minimuma endirilməsi barədə bütün daxili işlər orqanlarına göstəriş vermişdi. Həmin göstərişdən sonra xüsusən yaşayış məntəqələrində DYP-yə və polisin digər qurumlarına aid avtomobillərdə xüsusi səs siqnalından istifadə vəziyyəti xeyli yaxşılaşmışdı. Son zamanlar isə gecə yarısı DYP əməkdaşları bir-biri salamlaşmaq üçün də bu siqnallardan istifadə edirlər. Bunun nəticəsində Sahib Şəsənov kimi neçə-neçə vətəndaşın yol polisinə qarşı narazılığı yaranır.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh