«Yol polisləri qovduğu üçün bu cür ağır qəza baş verib» - FOTO

Xəbərlər 21 Sentyabr 2015 01:12 Oxunub 2656
«Yol polisləri qovduğu üçün bu cür ağır qəza baş verib» - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin səbəb olduğu bildirilən ölümlə nəticələnən qəzadan ilginc xəbərlər

Mətbuatda gedən məlumata görə, sentyabrın 13-də, axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobil sərnişinlə dolu mikroavtobusla toqquşub. Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yaralanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti ağır olduğundan onları Bakıya gətiriblər. Məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub. Belə ki, Yenicag.az-a danışan qəza zamanı həlak olan Cumar Ağayevin oğlu Sərxan Ağayev bildirib ki, Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, atası Cumar Ağayev və anası Çeşminaz Ağayeva toydan gələrkən bu hadisə baş verib: «Yol patrul xidmətinin əməkdaşları onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını “Qazel”in altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ rayon Yol Polisi Bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. Bir saatdan sonra atam Cumar Ağayev keçindi. Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Anam Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Anamı tərpətmək mümkün deyil. Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Onun sifət və çənə sümükləri qırılıb və arxaya gedib”.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: “Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin «saxla» əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”.

Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: “Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”.

Hazırda xəstələrin səhhətinin yaxşılaşdırılması üçün çalışdıqlarını bildirən Sərxan Ağayev polis özbaşınalığını cəzasız qoymayacaqlarını bildirib: “Polis atamın qanını batırmaq istəyir. Ancaq bacarmayacaqlar. Xəstələrimizin səhhətində azacıq müsbət dəyişiklik olandan sonra biz bütün var qüvvəmizlə onlarla mübarizə aparacağıq. Prezidentə, Birinci Xanıma, daxili işlər nazirinə və müvafiq bütün qurumlara müraciət ediləcək və cənab Prezidentin qəbuluna yazılacağıq ki, həqiqətləri deyək və atamın qanının batmasına imkan verməyək».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh