Yol polislərinin pensiya işi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşlarının təkcə yol hərəkəti qaydalarına nəzarət etmədiyi məlum olub. Jam.az xəbər verir ki, belə bir hadisə sabiq polis işçisi Balakişi Hüseynovun başına gəlib. Belə ki, mayın 1-də Nəqliyyat Nazirliyinin yaxınlığında 10 YP 426 dövlət nömrə nişanlı DYP maşınının ekipaj üzvləri Masallı rayon sakini, 10 HS 006 dövlət nömrə nişanlı «Hyundai Sonata» markalı avtomobilin sürücüsü Natiq Əliyevi saxlayıblar. Natiq Əliyev hansı səbəbdən saxlanıldığını soruşduqda isə DYP əməkdaşları bildiriblər ki, məsələ cərimə meydançasında aydınlaşacaq. Ona görə də, maşını qeyd olunan yerə sürmək lazımdır. Yəni, DYP-nin cərimə meydançasına.
Masallı sakini Gülhüseyn adlı polis əməkdaşına bildirib ki, məsələni aydınlaşdırmaq üçün vaxtilə polisdə çalışmış yaxın qohumuna müraciət etmək istəyir. Və məqsədi də qanunu dəqiq bilmək istəyidir. DYP əməkdaşları buna etiraz etməyiblər və telefonun dəstəyini sürücüdən alaraq sabiq yol polisi əməkdaşı Balakişi Hüseynovla danışıblar. Saxlanılmanın səbəbini izah edə bilmədikdə isə Hüseynovu təhdid etməyə başlayıblar: «Sən hər yerə burnunu soxma. Yoxsa, aldığın pensiyanı da kəsdirərik» deyə bildiriblər.
Maraqlı məqam odur ki, Natiq Əliyevin idarə etdiyi avtomobili DYP-nin cərimə meydançasına apardıqdan sonra nə protokol tərtib olunub, nə də cərimə yazılıb. Bildirilib ki, sürücü heç bir yol hərəkət qaydasını pozmayıb və maşınını götürüb apara bilər. Ondan yalnız 5 manat pul alınıb. Ki, bu pulun da nə üçün alındığı məlum deyil.
DYP-nin əməkdaşlarının təhdid dili ilə danışması, xüsusən də hansısa bir vətəndaşın pensiyasını kəsdirmək səlahiyyətinə malik olması ilk haldır. Görünür, onlar bu səlahiyyətə də sahib olublar.
Balakişi Hüseynov isə özünün təhqir olunduğunu və hədələndiyini deyir. O bildirir ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Məsələni araşdıran DYP rəsmiləri isə 10 YP 426 dövlət nömrə nişanlı DYP maşınında Gülhüseyn adlı şəxsin olmadığını bildiriblər. Lakin maraqlıdır ki, tarix məlum, avtomobilin dövlət nömrə nişanı məlumdur, amma ekipaj üzvlərini tapmaq mümkün olmur.