Yollarda 504 nəfər ölüb - günahkar kim(lər)dir?

Namidan Piriyev: “Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 96.5 faizi qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib”
“Yol-nəqliyyat hadisələrinin sayının artması həqiqətən narahatlıq yaradır. 9 ayda baş verən qəzalarda 504 nəfərin ölməsi rəsmi şəkildə təsdiq olundu. Növbəti 3 ay ərzində bu rəqəmin artmayacağına ümid edirəm”.
Bu fikirləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavata Baş Dövlət Yol Polisi İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı statistikasını şərh edərkən bildirdi. E.Muradlı hesab edir ki, qəzaların ölümlə nəticələnməsinin səbəblərindən biri yolların işıqlandırılmamasıdır: “Təəssüf ki, hər gün ağır qəzalar baş verir. Səbəblər müxtəlifdir. Dəfələrlə bu barədə danışmışıq. Yol hərəkəti təhlükəsizliyi ciddi nəzarət altında saxlanmalıdır. Bunu həyata keçirmək üçün təbliğat ən yaxşı üsuldur. Piyadaların vurulma halları günün qaranlıq vaxtı daha çox baş verir. Yollar niyə işıqlandırılmır? Ölkə başçısı bir neçə ildir bununla bağlı konkret tapşırıq verib. Hətta məhəllədaxili yolların işıqlandırılmasını tələb edib. Təəssüf ki, bu gün buna əhəmiyyət verən, ən əsası icra edən yoxdur. Əksər yerli icra qurumları bu göstərişi qulaqardına vurur”.
Ekspert həmçinin piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsinə diqqət çəkdi: “İnsanlar keçidlərdən düzgün istifadə etmirlər. Yaxud keçidlərlə bağlı tələblər pozulur. Qanuna görə yaşayış məntəqələrində 150-300 metrdən bir, yaşayış məntəqələrindən kənarda isə təxminən 700-1000 metrdən bir piyada keçidi olmalıdır. Real vəziyyətdə isə bunun tam əksini görürük. Məsələn, Bakıətrafı qəsəbələrdə, Heydər Əliyev prospektində bu normativ qorunmur. Elə yerlər var ki, 1 kilometr yol qət etsən də, piyada keçidi yoxdur. Aidiyyəti qurumlar səlahiyyətlərini doğru yerinə yetirmirlər. Vətəndaşlar da məsuliyyətsiz davranırlar. Yol-nəqliyyat hadisələrinin 50 faizi piyada vurma ilə nəticələnir”.

Elməddin Muradlı
E.Muradlı bəzən sürücülərin də məsuliyyətsizlik etdiyini bildirdi: “Yol-nəqliyyat hadisələrinin təxminən 30 faizində ölüm hallarının əsas səbəbi təhlükəsizlik kəmərindən istifadə olunmamasıdır. Eyni zamanda sürücülərin sürət həddini aşması da qəzalara səbəb olur. Sürücülərin sürət həddini aşarkən qarşı yola çıxması, təhlükəli manevrlər etməsi, eyni zamanda yuxusuzluq da qəza ilə nəticələnir. Dəfələrlə Baş Dövlət Yol Polisi sürücülərə müraciət edib ki, yorğun, yuxulu olanda stasionar postlarda dincəlmək olar. Dünya təcrübəsində hər sürücü üçün təxminən 45 dəqiqə istirahət nəzərdə tutulub. Yük maşınları, avtobus sürücüləri vaxtında tibbi müayinədən keçirilməlidir. Avtomobillərin texniki müayinədən keçirilməsi də lazımi qaydada həyata keçirilmir. Ümumiyyətlə, bizdə yol hərəkəti təhlükəsizliyi cəmi 20 faiz təmin olunur”.
Avtosfer.az" src="https://avtosfer.az/upload/news/156574.jpg" />
Ərşad Hüseynov
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynovun fikrincə, yol-nəqliyyat hadisələrinin statistikası aparılarkən bu hadisələrin başvermə səbəbləri barədə araşdırma aparılmır: “Yol infrastrukturunda olan qüsurlar (səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları və s.) və yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar (sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və s.) səbəbindən baş verən hadisələrə dair məlumat yoxdur, çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır.
Hadisələrin 40,6 %-i, başqa sözlə, 475 hadisə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib. Əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qaydalarını pozmağa görə 360 hadisə (və ya hadisələrin 30,7 %-i); yolayrıclarını keçmə qaydalarını pozmağa görə 116 hadisə (və ya hadisələrin 9,9 %-i); nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsinə görə 14 hadisə (və ya hadisələrin 1,2 %-i); sükan arxasında yatmağa görə 9 hadisə (və ya hadisələrin 0,77 %-i) qeydə alınıb.
Əslində bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha faciəli mənzərə üzə çıxar. Statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77 %-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir".

Namidan Piriyev
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb. O bildirib ki, ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artmış, ölənlərin sayı isə (504) sabit qalıb: “Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş vermişdir. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub. Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir”.
Piriyevin bildirdiyinə görə, yol-nəqliyyat hadisələrində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları üstünlük təşkil edir. Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.













