Yük maşınları yolu dağıtdı; sakinlər yolu bağladı - VİDEO

Xəbərlər 11 Fevral 2015 01:59 Oxunub 1766
Yük maşınları yolu dağıtdı; sakinlər yolu bağladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyükşor qəsəbəsində yük maşınları yolu yararsız hala salıb

Paytaxtdakı məhəllələrdən birində zavoda gedən yük maşınları yolu yararsız hala salıb. Hər halda ərazidə yaşayan sakinlər belə deyir və yaranmış vəziyyətə də dözmək istəmirlər. Bu gün isə narazılıqlarını etiraz şəklində, yəni ağır tonnajlı maşınların yolunu kəsərək bildiriblər. Baş verənlərə ağır tonnajlıların yük daşıdığı zavod rəhbərliyi də reaksiya verib. Avtosfer.az-ıq ANS-ə istinadən məlumatına görə, paytaxtın Nərimanov rayonu, Böyükşor qəsəbəsi, P/YUA 38/10 küçəsində yaşayanlar demək olar ki, hər gün bu küçədən şütüyən yük atomobillərinin əlindən cana gəliblər. Buna görə də bu gun küçələrində taxtadan səd qurub yük maşınlarının hərəkətini dayandırıblar. Nəticədə bir neçə iri yük avtomobili və beton qarışdıran maşın yolda qalmalı olub. Sakinlərin etirazına səbəb həm də küçələrinin bərbad vəziyyətdə olmasıdır. Deyirlər ki, bu vəziyyəti də sözügedən maşınlar yaradıb. Yaxınlıqda yerləşən istehsal müəssisələrinə məxsus ağır tonnajlılar hər gün, hər dəqiqə məhz bu küçədən keçir. 

Onların sözlərinə görə, əvvələr zavodlara alternativ yol var idi. Bu küçəyə asfalt qatı da vurulmuşdu. İndi isə küçə demək olar ki, keçilməz hala düşüb. Yolu keçərkən minik avtomobilləri çuxurlara bataraq hərkət edir. Sakinlər isə burdan keçərkən uzunboğaz çəkmələdən istifadə etmək məcburiyyətində qalır. Paytaxtın mərkəzində belə küçənin olması təəccüblüdür. Ağır tonnajlı avtomobillərin bu yoldan tez-tez istifadə etməsi bəzi evlərin su borusunu da zədələyib.

“Xəstəmiz düşəndə Təcili Tibbi Yardım avtomobili vaxtlı-vaxtında müəyyən olunmuş ünvana gəlib çıxa bilmir. Yolun bərbad olması ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsək də heç bir nəticəsi olmayıb. Bildirirlər ki, gedin hara istəyirsiz, müraciət edin, yol təmir edilməyəcək”, – deyə Şikayətçi Əli Əsgərov bildirib. 

“Bir neçə il öncə dəmir yoluna qədər asfaltladılar. Ondan sonra işi yarımçıq saxladılar. Sakinləri aldatdılar. Bu azmış kimi ağır tonnlajlı avtomobillər yolda hərəkət etdikcə sakinlərin min-bir əziyyətlə çəkdirdikləri su borular sıradan çıxır”, – deyə şikayətçi Ziyadxan Məmmədov vurğulayıb.

Hərəkətsiz vəziyyətdə dayanmış ağır tonnajlı avtomobil sürücülərdən soruşanda ki, niyə məhz bu yoldan istifadə edirsiz. Onlar alternativ yolun olmadığını bildirdi.

Bir saata yaxın ağır tonnajlı avtomobillərin hərəkətsizliyindən duyuq düşən bir istehsal müəssisənin nümayəndəsi əraziyə gəlib çıxdı. Dedi ki, bu yola onlar tərəfindən bir dəfə asfalt örtüyü döşənib. Amma indi ərazidə yerləşən bütün zavodlar birgə bu işi öz öhdəsinə götürməlidir.

“Tək bir şirkətin bu yolun təmir etməyə gücü çatmır. Bu yoldan istifadə edən digər şirkətlər də bir araya gəlməli və yolun bərpasına start verilməlidirlər. Bu tək bir şirkətin işi deyil”, – deyə istehsal müəssisəsinin nümayəndəsi Mais Hüseynli vurğulayıb. Sakinlər bu cavabla razılaşmadı. Onlarla rəhbər şəxs arasında mübahisə başladı.

Sakinlər isə son olaraq bildirdi ki, bu gündən sonra heç bir ağır tonnajlı avtomobil onların küçəsindən keçə bilməz. Əgər keçəcəksə, bu yol zavod rəhbərləri tərəfindən təmir olunmalıdır. Onların bu istəyini Nərimanov Rayon İcra Hakimiyyətinə çatdırdıq. 

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, həmin küçəyə tezliklə asfalt qatı vurulacaq. Hələliksə o küçədə magistral su borusunda partlayış baş verib. Yalnız həmin boru təmir edildikdən sonra yolun asfaltlanması işlərinə də start veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh