Zəngəzur tərəddüdü: "Paşinyan daxili auditoriyanı tələb olunan razılaşmalara hazırlamalıdır"

Xəbərlər 17 Sentyabr 2024 10:09 Oxunub 114
Zəngəzur tərəddüdü:  "Paşinyan daxili auditoriyanı tələb olunan razılaşmalara hazırlamalıdır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Zəngəzur dəhlizinə nəzarətlə bağlı ideyanı, o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nəzarət etməsi müddəasını inkar edib. Halbuki, dəhlizə nəzarət Ermənistanın suverenliyini qoruması ilə ziddiyyət təşkil etmir. Ermənistanın beynəlxalq hüquqla təyin olunmuş suverenliyi beynəlxalq birlik tərəfindən tanınıb və o, bu ölkənin bütün ərazisini əhatə edir. Dəhlizə Ermənistanın suverenliyi çərçivəsində üçüncü tərəfin nəzarət etməsi də heç bir hüquqi ziddiyyət doğurmur, əksinə, siyasi müstəvidə qarşılıqlı inamı gücləndirir. Deməli, Ermənistan suverenlik ideyasından Naxçıvana yolu açmamaq üçün bəhanə kimi istifadə edir.

Məsələnin digər tərəfi isə Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərdən bu dəfə də boyun qaçırmasıdır ki, bu da perspektivdə İrəvana olan inam və etimadı daha da azaldır. Bəs belə olan halda sülh sazişi necə imzalana bilər, daha dəqiq desək, bu razılaşma nəyə lazımdır?

Mövzunu dəyərləndirən Azərbaycan Milli QHT Forumunun sədri, beynəlxalq hüquq üzrə ekspert Ramil İskəndərlinin sözlərinə görə, Nikol Paşinyanın bir-birinə zidd olan bəyanatları artıq adət halını alıb:

"Bir tərəfdən, özünü guya sülh carçısı və regionda sabitliyə çalışan tərəf kimi göstərməyə çalışan Paşinyan, digər tərəfdən, müəyyən məqamlarda başqa bir fikir bildirir. Bu ziddiyyətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Lakin Paşinyanın Zəngəzur dəhlizinin Ermənistanın suverenliyinə təhlükə olduğunu qeyd etməsi onun digər güclərdən asılılığının göstəricisidir. Çünki Paşinyanın bu günə qədər guya sülhün tərəfdarı olduğunu qeyd etməsi fonunda Zəngəzur dəhlizi ilə bağlı belə bir bəyanat verməsi Ermənistanın müstəqil siyasət həyata keçirmədiyini və ümumiyyətlə buna qadir olmadığını, üstəlik, destruktiv fəaliyyətlər üçün alət olduğunu nümayiş etdirir".

"Nikol Paşinyanın məsələlərə bu cür yanaşması onun götürdüyü beynəlxalq öhdəliklərin də yerinə yetirilməməsinin açıq nümayişidir. Bu, eyni zamanda, təkcə Azərbaycana qarşı yox, regionda stabilliyin pozulmasına cəhd olduğu üçün həm də digər dövlətlərə qarşı yönəlib. Burada Rusiya əleyhinə olan qüvvələrin də Ermənistana havadarlıq etməsi bu cür addımların atılmasında əsas rol oynayır" - deyə ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Paşinyan bu cür bəyanatlar verməklə Ermənistan dövlətini və xalqını ciddi təhlükə altında qoyur:

"Bu, həm sülh müqaviləsinin imzalanması üçün real bir şansın əldən buraxılmasıdır, həm də gələcəkdə bu dəhliz vasitəsilə kommunikasiyaların açılması və ölkələr arasında yaxınlaşmanın qarşısını alır".

Türkiyəli politoloq, professor Hüsamettin İnanç da açıqlamasında Ermənistanın müxtəlif güclərin təsiri altına düşərək sülh müqaviləsindən boyun qaçırdığını deyib:

"İrəvan, xüsusən də Fransa və Amerika Birləşmiş Ştatlarının təsiri ilə NATO və Avropa İttifaqına daxil olmaq istəyir, buna paralel olaraq Rusiyadan uzaqlaşaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurub. Bütün bunların fonunda isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Çünki Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra imzalanan Üçtərəfli Bəyannamə Zəngəzur dəhlizinin açılmasını konkret olaraq ortaya qoyur. Bəyannaməyə əsasən, Naxçıvanla Azərbaycanı birləşdirən yol olmalıdır. Lakin Qərbin, xüsusən də Fransa və ABŞ-nin dəstəyini alan Ermənistan buna qarşı çıxır.

Bundan başqa, İran da Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə ərazi bütövlüyünün təhlükə altında olduğunu iddia edir və bunu qonşu ölkələrlə sərhədlərinin dəyişəcəyi kimi qələmə verir. Yəni xarici güclərin müdaxilələri və Ermənistanın Rusiyadan uzaqlaşması prosesi tormozlamaq üçün Paşinyana əlavə cəsarət verir".

 

"Paşinyan, əslində, müharibəni uduzan və bundan dərs alan lider kimi sülh istəyən tərəfdir. Lakin kənardan gələn bu cür dəstək və təhdidlər indiki nəticəyə gətirib çıxarıb. Ona görə də bütün bu faktları nəzərə alanda Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması etimad nümayiş etdirən bir struktur kimi görünür. Çünki Ermənistan tez-tez mövqeyini dəyişən bir ölkədir", - deyə professor vurğulayıb.

Onun sözlərinə görə, İrəvanın ən böyük təhlükəsizliyi Türkiyə və Azərbaycanla yaxınlaşıb, sülh müqaviləsi bağlamaqdan keçir:

"Çünki Paşinyan da belə bir bəyanatla çıxış etmişdi ki, Ermənistanın təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan asılıdır. Lakin o, buna qarşı ciddi addım ata bilmir, daxili və xarici təzyiqlərlə üzləşir. Xüsusən də Fransa və ABŞ-də fəaliyyət göstərən erməni diasporu, həmçinin daha çox siyasi partiya kimi fəaliyyət göstərən erməni kilsəsi Azərbaycanla razılaşmaya qarşı çıxmaqda davam edirlər. Bu da Ermənistanın üzərinə düşən öhdəliklərə riayət etməməsinə gətirib çıxarır. Görünən odur ki, bu vəziyyət müəyyən müddət ərzində davam edəcək".

"Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması türk dünyasının inteqrasiyası və Çinin "Bir kəmər, bir yol" layihəsini daha yaxşı həyata keçirməsi, yəni Orta Dəhlizin aktivləşməsi deməkdir ki, bunu da ABŞ və Avropa istəmirlər. Türk dünyasının bir ittifaq olaraq güclənməsi, xüsusən də Qarabağ zəfəri ilə onun geosiyasi təsirinin artması ABŞ və Avropa üçün kifayət qədər qorxulu bir vəziyyətdir. Çünki bu, türk dünyasının alternativ güc olaraq ortaya çıxması deməkdir. Həm bu amil, həm də "Bir kəmər, bir yol" layihəsi ilə ABŞ-nin bölgədəki maraqları tamamilə yox olacaq. Bunu istəmədikləri üçün Paşinyana ciddi təzyiqlər edilir, həm daxildən, həm də xaricdən gələn bu təzyiq Paşinyanı çətin vəziyyətə salır. Ona görə də Ermənistan dəqiq hesab aparmalı, Avropa və ABŞ-yə nə qədər güvənə biləcəyini götür-qoy etməlidir. Çünki bu region həm postsovet ölkələri ilə əlaqəlidir, həm də Türkiyə ilə həmsərhəddir. Təkcə bu amil kifayət edir ki, Ermənistan daha ağıllı, daha ehtiyatlı və zirək xətt tutmağa məcbur olsun. Paşinyan isə daxili auditoriyanı tələb olunan razılaşmalara ciddi şəkildə hazırlamalıdır".

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh