Banner

Bu nişanın tələbini pozmaq sizə baha başa gələr

Qaydalar 19 İyun 2015 16:52 Oxunub 25431
Bu nişanın tələbini pozmaq sizə baha başa gələr
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üstünlük nişanları - 3

Ötən yazılarımda üstünlük nişanlarından ilk beşini (2.1-2.3.3 nişanlarını) izah etmişdim. Bu yazıda həmin qrupa aid olan növbəti nişanın – 2.4 «Yol verin» nişanının şərhini diqqətinizə çatdırıram. 

2.4 «Yol verin» nişanı aşağıdakı yerlərdə quraşdırılır:

- müxtəlif yolayrıclarında kəsişən yollardan hansının ikinci dərəcəli yol olduğunu bildirmək üçün;

- 5.1 nişanı ilə avtomagistral kimi işarələnən yollara giriş yerlərinin bilavasitə qarşısında avtomagistralda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməyin zəruriliyini ifadə etmək üçün;

- yaşayış zonalarından (həyət ərazilərindən), bitişik ərazilərdən, qarajlardan, yanacaqdoldurma məntəqələrindən yollara çıxış yerlərində, habelə meşə, çöl yollarından, torpaq yollardan örtüyü təkmilləşdirilmiş yollara çıxış yerlərində həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməyin zəruriliyini ifadə etmək üçün.

2.4 nişanı sürücülərin kəsişən yolla, 7.13 lövhəciyi olduqda isə istiqaməti bu lövhəcikdə göstərilən baş yolla yaxınlaşan nəqliyyat vasitələrinə, onların hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduqlarını bildirir.

Baş yolun istiqamətinin dəyişdiyi yolayrıclarında, habelə mürəkkəb plana malik yolayrıclarında 2.4 nişanı baş yolun istiqamətini bildirən 7.13 lövhəciyi ilə birgə tətbiq olunmalıdır ki, ikinci dərəcəli yolda olan sürücülər hansı istiqamətdən yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduqlarını bilsinlər.

2.4 nişanı yolayrıcı qarşısında 7.13 lövhəciyi olmadan quraşdırılıbsa, bu, o deməkdir ki, kəsişən yolda hər iki istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üstünlüyə malikdir.

2.4 nişanı yolayrıcında digər üstünlük nişanları ilə komplektləşdirilməklə tətbiq edilməlidir. Yəni kəsişən yollardan birinin (və ya bir neçəsinin) qarşısında 2.4 nişanı qoyularaq ikinci dərəcəli yol hesab edilibsə, digərinin (digərlərinin qarşısında 2.1 (yaşayış məntəqəsində) və ya 2.3.1-2.3.3 nişanı (yaşayış məntəqəsindən kənarda) qoyulmaqla baş yol olduğu ifadə olunmalıdır.

2.4 «Yol verin» nişanı 2.5 «Dayanmadan keçmək qadağandır» nişanının alternatividir. Kəsişmə yerində görünmə məhdud olduqda (yəni nisbətən qapalı yolla baş yola çıxıldıqda) 2.5, normal görüntü olduqda isə 2.4 nişanı qoyulur.

2.4 «Yol verin» nişanının tələbi sürücülər tərəfindən müxtəlif şəraitlərdə pozula bilər və hüquqi məsuliyyət də buna uyğun olaraq yaranacaq. Aşağıdakı variantlar ola bilər:

- bu nişan yolayrıcı sayılmayan kəsişmə yerləri qarşısında (məsələn, bitişik ərazidən, yanacaqdoldurma məntəqəsindən çıxışda və s.) qoyulmuşdursa, onun tələbini pozan, yəni çıxdığı yoldakı nəqliyyat vasitəsinə yol verməyən sürücü İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 151.1-ci maddəsi üzrə (yol nişanının tələbini pozmaya görə) 40 manat cərimə ediləcək;

- bu nişan yolayrıcında quraşdırılmışdırsa, onun tələbini pozan, yəni yolayrıcında hərəkətdə olan başqa nəqliyyat vasitəsinə yol verməyən sürücü İXM-in 151.2-ci maddəsi üzrə (yolayrıcını keçmə qaydalarını pozmaya görə) 60 manat cərimə ediləcək və 3 cərimə balı qazanacaq;

- bu nişanın harada quraşdırılmasından asılı olmayaraq onun tələbini pozan və yol verməli olduğu nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradan, yəni onun sürücüsünü hərəkət sürətini və ya istiqamətini qəflətən sərt şəkildə dəyişməyə məcbur edən sürücü isə İXM-in 151.3-cü maddəsi üzrə 80 manat cərimə ediləcək və onun adına 4 cərimə balı yazılacaq.

2.4 nişanının tələbini pozaraq konkret yol-nəqliyyat hadisəsi törətmiş sürücü isə baş vermiş nəticəyə uyğun olaraq inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb ediləcək.

2.4 nişanı yolların kəsişmə yerlərində hərəkət növbəliliyinin müəyyən olunmasında mühüm rol oynayır. Hər bir sürücü bu nişanın tələbinə çox diqqətlə riayət etməlidir.  

2.4 nişanı qoyulan yolayrıcında svetofor varsa və həmin svetofor işləyirsə, yaxud həmin yolayrıcında hərəkət nizamlayıcı (polis əməkdaşı) tərəfindən tənzimlənirsə, 2.4 nişanı qüvvəsini itirir. Belə vəziyyətdə sürücülər yalnız svetoforun və ya nizamlayıcının siqnallarını rəhbər tutaraq hərəkət etməlidirlər. 

2.4 və 7.13 nişanlarının şəkilləri əlavə olunur.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh