Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülmüşdür.
Avtosfer.az xəbər verir ki, utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda, Abşeron rayonunda, Sumqayıtda və Gəncədə) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanıb.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilmişdir.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.
Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.
“Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə 2024-cü ilin oktyabr ayından indiyə qədər 40.491 nəqliyyat vasitəsi utilizasiyaya verilmişdir və bu rəqəm hər gün artmaqdadır.
Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 2.090 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilmiş, 1 milyon 300 min manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.
Onu da əlavə edək ki, indiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin markalar üzrə bölgüsündə Lada (VAZ) markalı avtomobillər 56 faizlə üstünlük təşkil edir. Sonrakı yerlərdə GAZ 9 faiz, Mercedes-Benz 6 faiz, Opel 3 faiz və Daewoo 2 faiz göstəriciləri ilə qərarlaşıb. Bu göstəricilər utilizasiyaya təqdim olunan avtomobillər arasında əsas payın köhnə Lada (VAZ) markalı nəqliyyat vasitələrinin üzərinə düşdüyünü göstərir.
Utilizasiya edilmiş avtomobillərin istehsal növünə görə bölgüsündə elektrik və hibrid avtomobillər də qeydə alınıb. Təqdim olunan məlumatlara əsasən, 1 ədəd Nissan Leaf tam elektrikli avtomobil, eləcə də ümumilikdə 44 ədəd hibrid və plug-in hibrid avtomobil utilizasiyaya verilib. Hibrid avtomobillər arasında 20 ədədlə Toyota Prius Hybrid üstünlük təşkil edir. Siyahıda Changan Qiyuan A05 Plug-in Hybrid 8 ədəd, Honda Civic Hybrid və BYD Destroyer 05 Plug-in Hybrid modellərinin hər biri 4 ədəd, Honda Insight Hybrid 3 ədəd, digər modellərin hər biri isə 1 ədəd təşkil edir.
Diqqətçəkən məqamlardan biri də utilizasiyaya təhvil verilən nəqliyyat vasitələri arasında istehsal tarixi yeni olan avtomobillərin də yer almasıdır. Aparılan təhlillər zamanı məlum olub ki, 2020–2026-cı illərdə istehsal olunmuş ümumilikdə 73 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Onlardan 18-i 2020-ci ildə, 23-ü 2021-ci ildə, 10-u 2022-ci ildə, 4-ü 2023-cü ildə, 9-u 2024-cü ildə, 8-i 2025-ci ildə, 1-i isə 2026-cı ildə istehsal olunub.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
Səfər
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












