Banner

Cəza almayan sürücülər kimə güvənirlər?

Qaydalar 29 Sentyabr 2015 15:17 Oxunub 2055
Cəza almayan sürücülər kimə güvənirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürət həddini aşanlara bal sistemi ilə 6 aylıq və ya 1 illik şəxsi nəqliyyat vasitəsini idarə etmək qadağan edilməlidir"

Bakıda avtomobili sərxoş halda idarə edən, işıqforun qırmızısında yolu keçən, yolayrıcında keçmə qaydalarını pozan sürücülərin sayı artıb. 2015-ci ilin yanvarın 1-dən sentyabrın 26-dək paytaxtda 598 yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu müddət ərzində qəzalarda həlak olanların sayının dəhşətli rəqəmlərə çatması problemin hansı dərəcədə olduğunu açıq-aydın göstərir. Bununla bağlı nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovla danışdıq. O, qəzaların yaranmasının əsas səbəbi kimi KİV-də yaşanan məlumat azlığını göstərib: “Bakı şəhəri və kənar bölgələrdə təhlükəli avtomobil idarə edənlər çoxdur. Təklif edərdim ki, qayda pozuntusu yaradan sürücülər haqqında kütləvi informasiya vasitələri (KİV) daha  çox məlumat versin. Onların sonunun nə ilə nəticələnməsi, barələrində ölçü götürülməsi haqqında son məlumatlar KİV-də yayımlansın. Televiziyalar Dövlət Yol Polisinin (DYP) gecə vaxtı içkili halda olan sürücüləri tutduğunu göstərir. Bəs onların sonu necə olur? Həmin insanların aqibəti haqqında da məlumatlar verilməlidir. Bəlkə də onlar sonda cəzasız qalır?! Ümumiyyətlə, içkili halda avtomobil idarə edən şəxsin sürücülüyü tamamilə ləğv olunmalıdır. Sürət həddini aşanlara isə bal sistemi ilə 6 aylıq və ya 1 illik şəxsi nəqliyyat vasitəsini idarə etmək qadağan edilməlidir. Bunlar sadəcə informasiya olaraq qalır, lakin həyata keçirilmir. Mətbuata sızdırılmır ki, ay ərzində neçə sürücü sürücülük hüququndan məhrum olub. Bax, bu statistikanı biz görmürük. Qanun hamı üçündür. Cəzalandırılma və məsuliyyət hər kəs üçündür”.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qəza hadisələrinin nəinki çoxaldığını, hətta azaldığını qeyd edib: “Tərtib edilmiş inzibati protokolları təhlil etdikdə açıq-aşkar yol-nəqliyyat hadisələrinin azalmasının şahidi oluruq. Yalnız sükan arxasında spirtli içkinin təsiri və ya işıqforun qırmızı işığında hərəkətin davam etdirilməsi nəticəsində yaranan qəzalarda artım var. Əksər protokolların təhlilinə əsasən qeyd etməliyəm ki, azalma daha çoxdur. Bu da sürücülər arasında nizam-intizamın yüksəlməsidir desəm, yəqin ki, yanılmaram. Yol haqqında qanuna və ya inzibati xətalar məcəlləsinə edilən əlavə dəyişikliklər deməyə əsas verir ki, istənilən halda cəzaların sərtləşdirilməsi törədilən xətaların sayının aşağı düşməsinə təsir göstərir. Adi bir misal çəkim. İlin əvvəlindən bu günə kimi həm ölkə, həm də Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələri, onların təhlili və ağırlıq dərəcələri deməyə əsas verir ki, 70-dən artıq qəza hadisəsinin aşağı düşməsi 68  ölüm faktının azalması deməkdir. Bu, yol polisi olaraq bizi ruhlandırır. Eyni zamanda hesab edirik ki, bu sahədə təkcə yol polisləri deyil, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri təbliğat  aparmalıdır. Birbaşa yol polisinə dəstək olub kömək etməlidirlər. Həmçinin təbliğat işinin yayılmasında öndə olmalıdırlar”.

Məsələnin psixoloji tərəflərini aydınlaşdırmaq üçün psixoloq Elnur Rüstəmovla əlaqə saxladıq. Onun sözlərinə görə, qəzaların çoxalmağının səbəbi sürücülərin məhz məsuliyyətsizliyidir: “Sürücülərin diqqətini yayındıran çox şeylər var. Sükan arxasında olarkən mobil telefonla danışmaq, yüksək səslə musiqiyə qulaq asmaq və s. kimi hadisələr sürücülər arasında narahatlığa gətirib çıxarır. Tıxac mədəniyyəti bizdə tam formalaşmayıb. Sürücülər tıxacda daha diqqətli olmalıdırlar. Həmçinin müxtəlif mədəni işlərlə məşğul ola bilərlər. Səsli kitablara qulaq asmaq, həmçinin musiqi seçimini də elə etmək lazımdır ki, insanda aqressiya yaratmasın. Əksinə, sakitləşdirsin. Bir çox profilaktik tədbirlər görmək lazımdır. Çox təəssüflər olsun ki, bunlar edilmir və qəzaların da əksəriyyəti yüksək sürət həddinə görə baş verir. Və yaxud da spirtli içki və narkotik maddələrin təsiri də qəzaların baş verməsinə gətirib çıxarır. Buna görə də profilaktik və daha çox inzibati tədbirlər görmək lazımdır. Telefonla danışıb əsəbiləşən sürücü avtomobili nə dərəcədə düzgün idarə edə bilər? Maarifləndirmə işləri aparılmalıdır. Həmin sürücülər kənara çəkilməlidir, lakin heç kim buna məhəl qoymur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh